183 yaşlı məktəbdə mətbuatın ağsaqqalı ilə görüş keçirildi

20 İyun 2014 18:05 (UTC+04:00)

 Təhsil Nazirliyinin təşkilatçılığı ilə 50-dək jurnalistin Şəki şəhərinə səfəri çərçivəsində 1831-cü ildən fəaliyyət göstərən Şəki şəhər 5 nömrəli tam orta məktəbində  bu məktəbin yetirməsi, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovla görüş keçirilib. Movqe.az xəbər verir ki, görüşdən öncə 183 yaşlı məktəblə bağlı jurnalistlərə geniş bilgi verilib. Şəki Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) müdiri Südabə İsmayılova bildirib ki, Şəki şəhər 5 nömrəli tam orta məktəb ilk dəfə Şəkidə (Nuxada) rus-tatar qəza məktəbi kimi fəaliyyətə başlayıb: " Bu işə böyük rəğbətlə yanaşan yerli əhali kirayə məktəb binası üçün vəsait də toplayıb. İlk vaxtlar iki sinifdən ibarət olan qəza məktəbində üç müəllim çalışıb. Onlardan biri məktəb müdiri, biri fənn müəllimi olub. Üçüncü müəllim isə Azərbaycan dili və şəriətdən dərs deyib. Sonralar digər fənləri Rusiyada təhsil almış məzunlar tədris ediblər. Məktəb fəaliyyətə başlayandan iki il sonra şagirdlərin sayı 29-a çatıb. Bunların da 21 nəfəri tacir övladları olub. 1835-ci ildə Zaqafqaziya məktəblərinin nizamnaməsi təsdiq ediləndən sonra ikisinifli mövcud qəza məktəbləri üçsinifli məktəblərə çevrilib. Tədris olunan fənlərin sayı artırılıb. Zaqafqaziyada ən çox işlədilən Azərbaycan dilinin tədrisinə isə diqqət artırılıb. Bu zaman qəza məktəbində artıq 5 müəllim çalışıb. Siniflərin və şagirdlərin sayı artdıqca məktəb üçün yeni bina tikmək zərurəti yaranıb. Yerli əhalinin məktəbə maddi yardımı artıb. Yığılan vəsait barədə Zaqafqaziyanın o zamankı baş hakimi baron Rozenə məlumat verilib və yeni məktəb binasının tikilməsi üçün xahiş olunub. Tezliklə bu barədə müvafiq sərəncam imzalanıb. Şəki qəza məktəbində ilk kitabxana da yaradılıb. 1845-ci ilin məlumatına görə, burada 360 adda kitab və tədris vəsaiti olub. 1867-ci ildə yeni nizamnaməyə əsasən üç əsas sinifdən əlavə hazırlıq sinifləri də açılır və ilk dəfə olaraq təhsil haqqı tətbiq olunub. Tədris planına yeni fənlər, latın və Avropa dilləri də daxil edilib. 1877-ci ildə Şəki qəza məktəbi üçsinifli şəhər məktəbinə çevrilib. Məktəbdə Azərbaycan və rus dilləri, hesab, həndəsə, rəsm, rəsmxət, tarix, coğrafiya, təbiətşünaslıq, şəriət və digər fənlər tədris olunub.

Artıq 1890-cı ildə məktəbdə 136, beş il sonra isə 167 şagird təhsil alır. Həmin vaxta qədər 12 buraxılış üzrə məktəbin 125 məzunu olur. Həmin dövrdə musiqi sinfi ancaq Şuşa və Şəki məktəblərində fəaliyyət göstərib. Şəki şəhər məktəbi nəzdində ayrıca bazar günü məktəbi (kursu) də təşkil edilib. Əsasən yaşlı insanların qəbul edildiyi bu məktəb əhali arasında böyük rəğbət qazanıb. Bu məktəbin məzunları arasında çox məşhur şəxslər olub. Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Heydər Əfəndiyev, Cəlil Hüseynov, Sabit Rəhman, Əbdüləzəl Dəmirçizadə, Əlövsət Sadıqov, Şirməmməd Hüseynov və digər tanınmışlar məhz bu məktəbin yetirmələri olublar. 1981-ci ildə məktəbin 150 illiyi respublika səviyyəsində qeyd edilib və məktəb Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunub. Müəllimlərdən Diləfruz Axundova və Ruqiyyə Hüseynova əməkdar müəllim adına layiq görülüb. 1988-ci ildən məktəb Şəki şəhəri, Füzuli küçəsi, 4 ünvanında yerləşir".

Məktəblə tanışlıqdan sonra bu məktəbin yetirməsi, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovla həmkarlarının görüşünə start verilib. Ş. Hüseyenov 5 nömrəli orta məktəbdə təhsil aldığı illərin xatirəsindən danışaraq, gənc ikən jurnalist kimi çalışdığı vaxtlardan söz açıb: "Jurnalist sözün düzünü yazmağı, haqq-ədalət öz yerini tapana qədər qələmini yerə qoymamalıdır. Bu gün elə bir dövrdə yaşayırıq ki, informasia texnologiyalarının köməyindən istifadə edərək informasiyanı yaymaq daha da asanlaşıb. Xarici ölkələrdə jurnalistə informasiyanı  vətəndaşlar da verirlər. Çox arzulayıram ki, bizim ölkədə də cəmiyyət özü jurnalistin informasiya mənbəyinə çevrilsin. Xairici ölkələrdə belədir ki, hər hansı hadisə baş verən an istənilən vətəndaş həmin kadrı lentə alıb mətbuata ötürür. Bizdə isə çox təəssüf ki, bu cür vətəndaş mövqeyi olan insanlar azdır".

Ş. Hüseynovla görüşə maraqlı diskusiyaklarla son vuruldu.