Təbii şəraitdə yetişən məhsul tapmaq müşkülə çevrilib

23 İyun 2014 19:45 (UTC+04:00)

Bu gün bazarda təbii şəraitdə yetişən meyvə-tərəvəz tapmaq bir qədər müşkül məsələdir.  İstifadə elədiyimiz meyvə-tərəvəzin çoxu istixanalarda süni şəkildə yetişdirilən məhsullardır. Bazara çıxarılan bu olduğuna görə, alıcının da başqa seçimi olmur. Qeyd edək ki, ölkədə istixanaların sayı günü-gündən artır, eyni zamanda xaricdən gətirilən məhsulların da demək olar əksəriyyəti istixana şəraitində yetişdirilənlərdir. Ekspertlər belə bitkilərə daha çox yer verilməsinin səbəbini onların daha məhsuldar olmasıyla əlaqələndirirlər. 

Belə ki, kənd təsərrüfatı üzrə mütəxəssis  Vahid Məhərrəmov Movqe.az-a bildirib:  "İstixanalarda yetişdirilən məhsullara xüsusi tələblər var. O məhsulların tərkibində nitrat, təbii açıq şəkildə yetişdirilən məhsullara nisbətən yüksəkdir. Fərq  burdadır. Amma bütün dünyada bu proses geniş hal alıb. Bu da onunla əlaqədardır ki, təbii halda kifayət qədər tərəvəz istehsal edib, onu uzun müddət saxlamaqla il ərzində insanların tələbatını ödəmək mümkün deyil. Çünki birincisi, həmin məhsulları uzun müddət təravətli saxlamaq üçün böyük həcmdə anbarlar lazımdır. İkincisi, son zamanlar iqlim dəyişikliyi səbəbilə  ümumiyyətlə, açıq hava şəraitində tərəvəz istehsalını əvvəlki qaydada həyata keçirmək mümkün deyil. Xəstəliklər yayılıb, zərərvericilər imkan vermir və s.  Abiotik stersslər nəticəsində də bitkilər ciddi ziyana məruz qalır. Ancaq istixanalarda bu məhsulları istehsal etmək nisbətən asandır. Çünki burda psosesi tamamilə idarə etmək mümkündür. Orada havanın tempraturunu müəyyən qaydada saxlamaq, xəstəliklərə, zərərvericilərə qarşı mübarizəni qapalı olduğu üçün aparıb yaxşı nəticə əldə etmək mümkündür. Bundan əlavə, bitkinin qidaya olan ehtiyacını mərkəzləşmiş formada idarə etmək da mümkündür. Yəni, istixanada  məhsuldarlığı qaldırmaq daha asandır, nəinki açıq şəraitdə. Ona görə də, son zamanlar ümumiyyətlə, bir çox kənd təsərrüfatı  məhsullarının, xüsusən də tərəvəzlərin qapalı şəraitdə istixanalarda yetişdirməyə daha çox üstünlük verilir. Bu sahə gəlirli olduğu üçün fermerlərin də daha çox marağındadır". 

Ekspert istixana şəraitində yetişdirilmiş məhsulların insan orqanizminə təsirindən də danışıb:  "Orqanizmə təsirinə gəlincə isə, istixanada yetişdirilən məhsulların tərkibində nitrat bir qədər yuxarı həddə olur. Gərək həmin məhsuldan az istifadə olunsun. Bir insan gün ərzində öz çəkisinin hər kilosuna görə 5 milliqram (mq) nitrat qəbul edə bilər. Yəni, insan 100 kq-dırsa, günə 500 mq nitrat qəbul edə bilər. Ona görə diqqətli olmaq lazımdır. Əslində, açıq şəkildə yetişdirilən qarpızdan bir insan gün ərzində 5-6 kq qəbul edirsə, bu da ziyandır. Çünki təbii məhsulun içində də nitrat var. Sadəcə olaraq, istixanada yetişdiriləni içində daha çoxdur". 

Ümumiyyətlə isə, həddindən çox kimyəvi maddələrdən, nitrat və üzvü kübrələrdən istifadə edilərək, becərilmiş meyvə-tərəvəzlərin tərkibi yoxlanılmalıdır. Normalara cavab verən qidalardan istifadənin heç bir təhlükəsi yoxdur.  Araşdırmalar isə göstərir ki, tərəvəz və bitkiləri tez yetişdirmək üçün torpağa kimyəvi maddələr və müxtəlif cür gübrələr vurulur. Bu maddələr isə torpaq vasitəsilə biitkilərə keçir. Ona görə də, həm torpaq, həm də orada bitən bitkilər nəzarətdə olmalıdır. 

Ərzaq Təhlükəsizliyi Alyansının əlaqələndiricisi Nizami Qarayev də məsələ ilə bağlı münasibət bildirib: "Ümumiyyətlə, açıq sahəyə nisbətən qapalı  sahədə meyvə-tərəvəz becərilməsi dünyada geniş yayılan texnologiyadır. Bunun səbəbi örtülü sahədə bitkilərin daha çox məhsul verməsinin mümkün olmasıdır. Örtülü sahədə elə texnologiyalar tətbiq olunur ki, bu məhsuldarlığı kəskin şəkildə artırır. Örtülü sahəyə yüksək xərc çəkilməsinə baxmayaraq, məhsulun çox olması onun iqtisadi cəhətdən səmərəli olmasını təmin edir. Əsasən də tərəvəz bitkilərinə aiddir. Burda torpaqsız mühitdə becərilmə texnologiyası tətbiq və intensiv şəkildə  gübrələrdən və pestisidlərdən istifadə edildiyindən, bitkinin potensialı maksimal şəkildə ortaya çıxır. Nəticədə yüksək məhsul əldə olunur".

Ekspertin sözlərinə görə, bu məhsulu sağlam qida saymaq olmasa da, iqtisadi cəhətdən səmərəli olması bunlardan istifadəni artırır: "Bu məhsulu sağlamlıq, ekoloji cəhətdən dəyərləndirdikdə, bu təbii məhsullara nisbətən bunlarda pestisid qalıqları, nitrat qalıqları daha yüksək olur. Bu məhsullar o qədər də sağlam qida hesab olunmasa da, yüksək məhsul verdiyindən, son illərdə dünyada bu texnologiya geniş şəkildə yayılır".