Apteklərdə ixtisaslı kadr problemi

24 İyun 2014 13:16 (UTC+04:00)

Bəzən əhali arasında belə şikayətlərə rast gəlinir ki, aptekdə ona səhv dərman verilib. Nəticədə dərdə dəva olmalı olan dərman əks effekt verir. Bu fonda ciddi bir problem bəzən apteklərdə ixtisaslı kadrlarla bağlıdır. Bu sahədə problem də özünü qabarıq formada büruzə verir. Aydındır ki, aptek işçilərinin dərmanlar haqqında kifayət qədər məlumatlı olmaması dərman istifadəçilərinin yanlış preparatlarla təmin edilməsi ilə nəticələnə bilir ki, bu da onların sağlamlığına təhlükə yaradır. Bəzən əczaçıların istehlakçıya yanlış dərman verməsi yeni fəsadlara yol açır. Qanunvericiliyə görə, belə hallarda əczaçılarla yanaşı, aptek sahibləri də məsuliyyət daşıyır. Odur ki, işə qəbul zamanı ixtisaslı kadrlara üstünlük verilməlidir. Əczaçıların səhvindən əziyyət çəkənlərin sayı isə az deyil. Bütün bunlara səbəb isə əczaçıların bəzən lazımi biliyə malik olmadan işə götürülməsidir.

Mövqe.az-a məsələ ilə bağlı münasibət bildirən həkimlər isə, dərmandan zəhərlənmə hallarının yaşanmasını bu problemlə yox, dərmanların keyfiyyəti ilə də əlaqələndirirlər. 

Tibb elmləri doktoru Adil Qeybulla bildirib: "Reseptdə yazılmayan dərmanın verilməsi çox ciddi məsələdir. Bu, çox ciddi fəsadlara yol aça bilər. Bəzən olur ki, apteklər həkimin reseptdə yazdığı yox, onun əvəzedicisini verirlər. Reseptdə yazılandan kənar dərman vermək qətiyyən yolverilməzdir. Əfsuslar olsun ki, aptek təcrübəsində bu cür şeylərə təsadüf etmək olur.

Amma son vaxtlar zəhərelənmə hallarının artması, hesab edirəm ki, dərmanların keyfiyyəti ilə bağlıdır. Dərmanlar yüksək keyfiyyət parametrlərinə cavab verməlidir. Bu gün Azərbaycanda dərmanla bağlı çox ciddi problemlər var. Zəhərlənmə hallarının artması da səhv dərman verməkdən yox, ümumiyyətlə, dərmanların keyfiyyətsizliyindən qaynaqlanan məsələdir".

Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov isə dərmaların hazırlanma şəraitindən danışdı: "Problem ondan ibarətdir ki, Azərbaycanda bəzi dərmanlar antisanitar şəraitdə, düzgün olmayan şəkildə və tərkibdə müxtəlif zirzəmilərdə düzəldilir. Bu yaxınlarda Səhiyyə Nazirliyi tərəfindən belə bir fakt da aşkalanmışdı. Bəzi dərman firmaları isə xaricdə fəaliyyət göstərən dərman zavodları ilə əlaqə yaradır, özləri üçün düzəldilən dərmanların tərkibində dəyişiklik edirlər. Məsələn, dozasını azaldırlar ki, daha ucuz başa gəlsin. Ona görə də, son vaxtlar zəhərlənmə halları çoxalıb. Gərək apteklərə xüsusi nəzarət olunsun. Apteklər də yaxşı olardı ki, dərmanları ordan-burdan yox, birbaşa bazadan alsınlar".

Ekspertlər tibbi bilik tələb edən sahələrdə ixtisaslı kadrların çalışmasının tərəfdarıdır. Xarici ölkələrdə isə məsələyə yanaşma fərqlidir. Belə ki, Rusiyada aptek işçiləri yüksək biliyə malik olmaqla yanaşı, alıcılara peşəkar xidmət göstərməyi də bacarmalıdırlar. Əczaçı alıcıdan xəstəliyi haqqda məlumat almalı, sonra onu təyin olunan dərmanlarla təmin etməlidir. Hindistanda da əczaçılar xəstəni müayinə edib, müalicə təyin edə bilməlidirlər. Ölkəmizdə də analoji təcrübələrdən istifadəyə ehtiyac var. Bundan başqa tibb fəaliyyəti ilə məşğul olanlar üçün mütləq xüsusi lisenziya olmalıdır. Araşdırmalar göstərir ki, hazırda respublika üzrə 500-ə yaxın özəl tibb müəssisəsi və kabineti, eləcə də 600-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyi mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır.