Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb
4 İyul 2012 16:03 (UTC+04:00)
"Son vaxtlar bəzi kütləvi
informasiya vasitələrində "Tolişi Sədo" qəzetinin təsisçisi və baş
redaktoru Hilal Məmmədovun peşə fəaliyyəti ilə əlaqədar qanunsuz
həbs edilməsi barədə ictimai rəyi çaşdırmaq məqsədi güdən,
reallıqdan uzaq olan, təxribat xarakterli məlumatlar yayılmaqdadır.
Bununla əlaqədar bildiririk ki, Hilal Məmmədovun barəsində cinayət
təqibinin başlanması və həbs qətimkan tədbirinin seçilməsi konkret
ictimai-təhlükəli əməl törətməsi ilə əlaqədardır". APA-nın xəbərinə görə, bu barədə
respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat
xidmətlərinin birgə yaydıqları məlumatda bildirilir.
Məlumatda qeyd olunub ki, Hilal Məmmədov xarici dövlətlərdən
birinin xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb
edilərək Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və ərazi
toxunulmazlığı əleyhinə fəaliyyət göstərməsi, milli, irqi, dini
nifrət və düşmənçiliyin salınması, habelə narkotik vasitələrin
qanunsuz dövriyyəsi ilə məşğul olması barədə vətəndaş müraciəti və
Daxili İşlər Nazirliyinə daxil olmuş əməliyyat məlumatı əsasında
Cinayət-Prosessual Məcəlləsinin və "Əməliyyat-axtarış fəaliyyəti
haqqında" Qanunun müddəalarına riayət edilməklə 2012-ci il iyunun
21-də saxlanılıb.
İstintaqla müəyyən edilib ki, uzun illər ərzində jurnalist
peşəsinin və mədəniyyət mərkəzinin rəhbəri vəzifəsinin
imkanlarından yararlanan H.Məmmədov 1992-ci ildən etibarən İranın
xüsusi xidmət orqanının əməkdaşı Əbdoli Əli Həmzəli oğlu tərəfindən
məxfi əməkdaşlığa cəlb olunaraq Azərbaycan Respublikasının
suverenliyi, dövlət təhlükəsizliyi və ərazi toxunulmazlığı zərərinə
fəaliyyət göstərib, bunun müqabilində mütəmadi şəkildə birbaşa
maddi vəsait alıb.
Verilmiş tapşırıqlar əsasında Hilal Məmmədov respublikamıza qarşı
düşmənçilik fəaliyyəti aparmaqda istifadə olunması üçün zəruri
məlumatları toplayıb İranın kəşfiyyat qurumuna ötürüb, eləcə də
belə məlumatlara malik şəxsləri müəyyənləşdirib həmin təşkilatın
nümayəndələri ilə əlaqələndirərək casusluğu ilə dövlətə xəyanət
edib.
Cinayətkar fəaliyyətini davam etdirən H. Məmmədov dövlətin
konstitusiya quruluşunun təhlükəsizliyini sarsıtmaq məqsədilə
yuxarıda adı çəkilən Əbdoli Əli Həmzəli oğlu və digərləri ilə
cinayət əlaqəsinə girərək, qulluq mövqeyindən istifadə etməklə
müxtəlif vaxtlarda İranda keçirilən konfranslardakı çıxışlarında,
"Səhər-2" televiziya kanalındakı müsahibələrində, "Tolişi Sədo"
qəzetində dərc olunmuş məqalələrində və tərcümə etdirərək yaydığı
kitablarda respublikamızın ərazisində yaşayan azsaylı xalqların
həyatına, mədəniyyətinə, ənənələrinə, tarixinə inam və hörməti
sarsıdan fikirlər bildirmiş, aşkar surətdə milli ayrı-seçkiliyin və
düşmənçiliyin salınmasına yönələn hərəkətlər edib.
Hilal Məmmədov saxlanılarkən hal şahidlərinin iştirakı ilə
keçirilmiş baxış zamanı üzərində və yaşadığı mənzildə ümumi çəkisi
33,183 qram olan narkotik vasitə - heroin, həmçinin qanunsuz
fəaliyyətində istifadə etdiyi kompüter və digər informasiya
daşıyıcıları aşkar edilib götürülüb.
Yuxarıda göstərilənlərə əsasən Hilal Məmmədov Cinayət Məcəlləsinin
274-cü (dövlətə xəyanət), 283.2.2-ji (milli, irqi, sosial və ya
dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz
olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və
satma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.
İstintaq zamanı Hilal Məmmədovun qanunvericilikdə təsbit olunan
hüquqi yardım almaq, müdafiəçiyə malik olmaq, ifadə verməkdən,
istintaq hərəkətində iştirakdan imtina etmək hüquqları tam təmin
olunmuş, bütün prosessual hərəkətlər müdafiəçisinin iştirakı ilə
həyata keçirilib.
Cinayət işinin mürəkkəb və çox epizodlu olması baxımından
istintaqın tamlığının, hərtərəfliliyinin və obyektivliyinin təmin
edilməsi məqsədilə Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili
İşlər nazirliklərinin əməkdaşlarından ibarət birgə
istintaq-əməliyyat qrupu yaradılmaqla təxirəsalınmaz istintaq
hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata
keçirilir.