Ramin Məmmədovun publisistik kitablarına bir nəzər

24 İyun 2014 11:00 (UTC+04:00)

O, diaspora quruculuğu sahəsində yazdığı çoxsaylı kitablara görə Azərbaycanda bir vətəndaş institutu yaratmışdır...

Onu əvvəllər kitabları vasitəsilə tanıyırdım. Bundan başqa Rusiyada fəaliyyət göstərən diaspor cəmiyyətlərimizin işinə, perspektivlərinə, fəallarına və azərbaycançılığın təbliğinə dair "Vışka", "Kredo", "Qarabağa aparan yol", "Mübariz keşikdə" və digər qəzetlərdə təqdim olunmuş silsilə yazıları v ə bu mövzuya həsr olunmuş müxtəlif tele-radio verilişlərindəki çıxışları da diqqətimi cəlb etmişdi. Onu da qeyd etməliyəm ki, "Azərbaycan", "Xalq qəzeti", "Respublika", "Bakinskiy raboçiy", "Ədalət" və başqa populyar , nüfuzlu qəzetlərdə Ramin Məmmədovun yaradıcılığına dair getmiş materiallar onun yazıb-yaratdığı sahəni böyük həvəslə arayıb-araşdırmasından , bir qələm sahibi kimi mənəvi və vətəndaşlıq borcunu doğma övlad kimi, vicdanla yerinə yetirməsindən xəbər verir.

Artıq bir neçə ildir ki, biz şəxsən tanışıq. Onun təmənnasız (amma özü deyir ki, böyük bir təmənnası var-rusca yazdığı kitablarla dəyərli həmvətənlərimizi, Azərbaycan-Qarabağ həqiqətlərini, şimal qonşumuz olan ölkədəki diaspor icmalarımızın fəaliyyətini, perspektivlərini MDB məkanında və başqa ölkələrdə tanıtmaq, əsl azərbaycanlının obrazını milyonlarla insana göstərməkdir. Rusiya regionlarında, Azərbaycanda görüşdüyüm, onu tanıyan adamlar da bunu təsdiq edir) olaraq həyatının böyük hissəsini şam kimi əridərək, ailəsindən, evindən-eşiyindən aylarla ayrı düşüb Rusiya kimi nəhəng bir ölkəni şəhər – şəhər, kənd – kənd gəzib maraqlı məlumatlar toplaması, sonra da yuxusuz gecələr keçirərək bir-birinin ardınca ərsə-araya gətirdiyi toplularla tanış olduqca, adam özü də istər-istəməz həvəslənir, fərəhlənir. Geniş oxucu kütləsi bir daha agah olur ki, qonşu ölkənin Moskva, Sankt-Peterburq, Arxangelsk, Murmansk , Anapa, Rostov, Krasnodar, Barnaul, Biysk, İrkutsk, Krasnoyarsk, Ulan-Ude, Tomsk, Novokuznetsk, Kemerovo, Tümen, Nijnevartovsk, Surqut, Radujnı, Dərbənd, Volqoqrad, Belqorod, Kursk, Oryol, Voloqda, Petrozavodsk, Saratov, Voronej, Ryazan, Tver, Perm... bir sözlə R.Məmmədovun yaradıcılıq səfərləri etdiyi yüz şəhər və ayrı-ayrı yaşayış məntəqələrində Odlar Yurdunun övladları şərəfli sahələrdə ən məsul vəzifələrdə ləyaqətlə çalışır, bu bölgələrdə Azərbaycan diaspor icmaları quru fəaliyyətlə kifayətlənmir, qəzetlər, kitablar nəşr etdirərək ölkələrimiz arasında əlaqələri möhkəmləndirir, xalqımızın adət və ənənələrini, qəhrəmanlarını, ləyaqətlilərini qürbətdə daim nümayiş etdirirlər. Haqqında söhbət gedən bu maraqlı və aktuallığını itirməyən məsələlər barəsində R.Məmmədovun çoxsaylı kitablarından kifayət qədər məlumatlar əldə etmək mümkündür. Onun əsərləri ilə ətraflı tanışlıqdan sonra bu barədə yazmaq qərarına gəlmişəm. Bu topluları Rusiyadakı adamlarımızın, diaspor hərəkatımızın salnaməsinə bənzətmək mümkündür, deyərdim. Onunla üzüzə əyləşmişik. Bir adamın gördüyü belə irimiqyaslı iş məndə də xoş təəssüratlar doğurur, yaxşı mənada ona qibtə etməmək mümkün deyil. Suallarla dolu nəzərlərimi yorulmaq-usanmaq bilmədən azərbaycançılıq naminə çalışan bu insana yönəltmişəm. Onun geniş qəlbində böyük Azərbaycanımızı gəzdirdiyini görməmək mümkün deyil. O, fikirlərimi baxışımdan hiss edir və deyir:

-Ümummilli liderimiz Heydər Əliyev olduqca uca mənalar kəsb edən sözlər demişdir: "Tarixi araşdırıb bu gün üçün əhəmiyyətli, dəyərli olan səhifələrini indiki və gələcək nəsillərə çatdırmağın özü xalq, millət, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir".

Sonra daha bir nümunə xatırlayır:

-Abdulla Şaiq tələbələrindən birinin xatirə albomunda yazmışdır: "Yüksəlmək, həqiqi bəxtiyarlığa çatmaq istəyirsənsə, özün deyil, başqalarını çalışmağa çağır! Zira ki, həqiqi bəxtiyarlar cəmiyyət üçün yaşayanlardır.

Sonra da xoş bir təbəssümlə vurğulayır ki, xalq üçün yanan gözə nur gələr.

Onun 1994-2000-ci illərdə işıq üzü görmüş "Vətən həsrətilə keçdiyim yollar", "Yaddaşımın izilə", "Qəbələ: insanlar, talelər, ziyalılar"(üç kitabda), "Bakıdan Moskvaya", "Neftin işığında-Lökbatanda", "Bakıdan Moskvaya və uzaqlara..." kitabları ilə əlaqədar əvvəllər bir məqaləmdə söhbət açmışdım. Ona görə də bu günki açıqlamalarımı sonraki illərdə çıxmış toplularına həsr edirəm.

2001-ci ildə "Şirvannəşr" kitab nəşriyyatında Ramin Məmmədovun "Səfərnamə-Puteşestviye" adlı növbəti toplusu buraxıldı. Müəllif uzun illər ərzində topladığı materialları zənginləşdirmək üçün 1998-2000-ci illərdə Moskva, Surqut, Nijnevartovsk, Kaluqa, Yekaterinburq, Meqion, Pıt-Yax, Nyaqan şəhərlərinə yaradıcılıq səfərləri etmiş, ziyalılarla görüşmüş, başqa maraqlı məlumatlar toplamış və həmin nəşrdə istifadə etmişdir.

Sevindirici haldır ki, kitabın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni, onun ardınca latın qrafikalı Azərbaycan əlifbası təqdim olunmuşdur.

Yazıçı-jurnalist gəzdiyi şəhərlərin hər birində Azərbaycanımıza dair maraq doğuran məlumat tapa bilmiş, dəyərli adamlarla ünsiyyət yaratmışdır. Məsələn, Kaluqada əslən Lənkəran rayonunun Boladı kəndindən olan, hərəkətləri, davranışı və cinayətlərin açılmasında göstrədiyi cəsarətləri ilə Mehdi Hüseynzadəni xatırladan, Kaluqa Dİİ-nin Xüsusi Təhlükəsizlik Şöbəsinin rəisi Müqəddəs Mikayılovla görüşüb. Həmin Daxili İşlər İdarəsinin İctimai Əlaqələr və Məlumat bölməsinin rəisi mayor İqor Korotkov M.Mikayılovun yüksək peşəkarlığından, geniş erudisiyasından söhbət açaraq onun daha iki vacib keyfiyyətini-analitik zəkasını və vacib məsələlərin həllində fikrini cəmləşdirərək hadisənin özəyini qavraya bilməsini vurğulayır.

Kaluqada olarkən R.Məmmədovun diqqətini milis idarəsinin qarşısında ucaldılmış abidədə həkk olunmuş adlar arasında Hacı Səfərovun familyası cəlb edir. İqor Korotkovun köməyilə araşdıraraq müəyyən edir ki, o Dərbənddə doğulub, milliyyətcə azərbaycanlıdır, vətəndaşları cinayətkar ünsürlərdən qoruyarkən faciəli surətdə həlak olub. Dörd azyaşlı qız yadigarı qalıb. 1998-ci ildə Moskvada işıq üzü görmüş "Bizim xidmət cinayət axtarışıdır" adlı kitabda İ.Korotkov M.Mikayılovun peşəkarlığından, H.Səfərovun şücaətlərindən də geniş söhbət açır.

Burda "İki müsahibə" adlı məqalədən görünür ki, müəlllif hələ 1997-ci ildə xidməti vəzifəsilə bağlı Moskvada ezamiyyətdə olarkən fürsətdən istifadə edərək bir zamanlar ölkənin ən qocaman və ən nüfuzlu mətbu orqanı sayılan "Pravda" qəzetinin redaksiyasına gedib. "Pravda"nın baş redaktorunun MDB ölkələri üzrə müavini İqor Leonidoviç Lenski ilə söhbətləşib. Müsahibi on il öncə Bakıda olduğunu, şəhərin gözəlliyi, yaşıllığı, yaraşıqlı binaları, tarixi abidələri onu valeh etdiyini söyləyib. 1997-ci ilin avqust ayında isə beynəlxalq hüquq müdafiəçiləri və jurnalistlərdən ibarət qrupun tərkibində İrəvanda, Xankəndində olan zaman bu adamların təkidilə işğal altında olan Ağdam və Füzuli şəhərlərinə də getdiklərini söylədi. İ.Lenski bildirir ki, orada dəhşətli vəziyyətin şahidi olublar. "Bu şəhərlərdə evlərdən çılpaq divarlar qalıb, küçələrdə ilanlar mələşirdi. Həyəcandan, hiddətdən adamın ürəyi sancırdı. Faciədir bu..."-deyir İqor Leonidoviç.

"Səfərnamə-Puteşestviye"də ikinci müsahibəylə bağlı oxuyuruq: "1998-ci ilin noyabr ayıdır. Rusiyaya yaradıcılıq səfərinə yola düşərkən qocaman alim Salam Həsən oğlu Abdullayevlə (1913) də görüşmüşdüm. Onun 70 ilə yaxın tarixi olan "Zaşita i karantin rasteniy" jurnalının kollektivi ilə sıx əlaqələrinin olduğunu bilirdim. S.Abdullayevin 85 illik yubileyinə həsr etdiyim yazını bu jurnalda çap etdirmək fikrim var idi. Moskvaya gələn kimi jurnalın baş redaktoru Vladislav Eduardoviç Savzdarqla telefon əlaqəsi saxladım. Məqsədimi ona bildirdim-jurnal üçün yazı təqdim edəcəm, müsahibə götürəcəm...

Vladislav Eduardoviç məni çox səmimi qarşıladı, "Russkoye zastolye" adlı kitab hədiyyə elədi mənə. S.H.Abdullayevin həyat yoluna dair təqdim etdiyim yazını isə bir neçə ay sonra jurnalının 1999-cu ilin may nömrəsində oxucularına çatdırmışdı.

Müsahibədən əvvəl o, iş dəftərimə ürək sözlərini yazdı, mənə uğurlar dilədi. Sonra akademik, Əməkdar elm xadimi, Gəncə Bitki Mühafizəsi İnstitutunun direktoru vəzifəsində çalışmış Siddiqə Məmmədova və Əməkdar elm xadimi, Gəncə Kənd Təsərrüfatı İnstitutunun sabiq rektoru Bəhmən Xəlilov haqqında hörmətlə, ağızdolusu danışdı..." (səh. 39).

V.Savzdarqın R.Məmmədovun suallarına cavablarında belə cümlə də var: "İndi çoxları unudur ki, bizim ölkələrimiz bir iqtisadi məkanda yerləşir. Öz tədqiqatlarımızın mübadiləsini etməliyik, təcrübələrimizin nəticələri ilə bölüşməliyik. Bütün MDB respublikalarından toplaşıb birgə səmərəli iş aparmalıyıq. Onda xərcimiz də az olar, qalan adamlarsa başqa işlərin, problemlərin həlli ilə məşğul olar. Məsələn, Azərbaycanda sitrus bitkiləri yetişir. Burda hər şeyi sıfırdan başlamaqdansa başqa MDB ölkələrinin təcrübəsindən istifadə etmək daha sərfəli və faydalı olar.

1970-ci illərdə mən Azərbaycanda dahi Heydər Əliyevin çıxış etdiyi konfranslarda, tədbirlərdə iştirak etmişəm. O, bütün sahələri bilən və maraq göstərən, diqqət və qayğı ilə yanaşan rəhbər kimi bizə dəyərli məsləhətlər verir, düzgün istiqamətləndirirdi..." (səh. 40).

2002-ci ildə R.Məmmədovun rusca "Səfərnamə" və "Moskva: onlar əslən Azərbaycandandır", 2003-cü ildə "Moskva, Sankt-Peterburq: onlar Azərbaycandandır" topluları nəşr edilir. 2004-cü ildə "Rusiya şəhərlərinə səfərlərim", "Doğmalarımın axtarışında", 2005-ci ildə "Azərbaycan-qədim ölkədir", "Azərbaycanlılar Vətən uğrunda döyüşüblər", 2006-cı ildə "Dostluq telləri", 2007-2010-cu illərdə "Həmvətənlərimiz Tümen vilayətində" və "Həmvətənlərimiz" adlı kitablarının hər birinin üç nəşri yeni əlavələrlə çapdan buraxılır, "Bir torpağın adamları", "Rusiyanın ürəyində", "Alim ömrü", "Müharibə yox, sülh olsun!", azərbaycanca "Rusiya: ziyalılarımız, mətbuatımız, münasibətlərimiz", "Sibir dəftərindən", "50-ci bahardan boylananda" topluları oxucu ixtiyarına verilmişdir. Yazının həcminə müvafiq olaraq yüzlərlə məlumatları özündə cəmləşdirən bu kitabların hər birindən bir neçə iftixar doğuran nümunə gətirməklə hörmətli oxucularda ümumi anlayış yaratmağa çalışacağam.

Müəllifin özünün qeyd etdiyi kimi mətbuat orqanlarının, qələmdaşlarının və poqondaşlarının, ayrı-ayrı ziyalıların və sadə adamların onun işinə olan diqqəti onu həvəsləndirir və ilhamlandırır. Görundüyü kimi bu nəşrlərin böyük əksəriyyəti rusdilli oxucular üçün nəzərdə tutulmuş və soydaşlarımızın dəstəyi ilə Rusiya Dövlət Milli kitabxanasından başlayaraq həmin ölkənin şəhərlərindəki kitabxanalara, elm ocaqlarına, redaksiyalara, diaspor cəmiyyətlərimizə çatdırılmışdır.

"Səfərnamə"dən bizə məlum olur ki, müəllif Yekaterinburq şəhər Jeleznodorojnı rayon İcra Hakimiyyəti başçısı Anatoli Zaxaroviç Klimenko ilə görüşür. R.Məmmədov Nijnevartovsk dəmir yolu nəqliyyatı milisində xidmət etdiyi zaman həmin Klimenko podpolkovnik rütbəsində Orta Ural Nəqliyyatda Milis İdarəsinin rəisi general-mayor Ari Mixayloviç Pervakovun kadrlar üzrə müavini idi. İndi Klimenkonun fəal həyat tərzini, savadını, bacarığını nəzərə alaraq şərəfli və məsuliyyətli vəzifəyə təyin ediblər. Həmin gün Anatoli Klimenko və Ramin Məmmədov keçmiş iş yoldaşı kimi görüşüb bir çox başqa problemlərlə yanaşı milli məsələyə də toxunurlar. R.Məmmədov qeyd edir ki, milli qürur hər bir insanın olduqca incə, ani olaraq zədələnə bilən və ağrılı yeridir. A.Klimenko bildirir ki, biz bunu yaxşı dərk edirik və imkan vermirik ki, regionumuzda milli zəmində konflikt baş versin. Fikir mübadiləsindən sonra sağollaşma vaxtı çatır, xatirə şəkili çəkdirmək də unudulmur. A.Klimenko " Biz heç zaman unutmamalıyıq ki, əsrlərlə çiyin-çiyinə bir ölkədə, qonşuluqda yaşamışıq, bir dövlətin tərkibində yaşayan ata-babalarımız milyonlarla soydaşımızın qanı bahasına faşizmə qalib gəliblər, indi ölkələrimiz dostluq ənənələrini davam etdirirlər"- deyir.

Həmin kitabda getmış başqa bir yazıda oxuyruq ki, Ulyanovsk şəhərində "Qolos Azerbaydjana" qəzeti oradaki həmvətənlərimizin layiqli tribunasına çevrilmişdir. Şəhərdəki fəallarımız bu dərgi vasitəsilə Azərbaycan-Qarabağ həqiqətlərini lazımınca təbliğ edirlər.

Kitabın Tambov adlı bölməsində müəllif yazır ki, neçə illər öncə bu şəhərdə millətimizin cəsarətli oğlu-milis nəfəri Cəlal Yaqub oğlu Mürsəlov əsayişi, bir qadının həyatınl qoruyarkən amansız cinayətkar tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Mərhumun vaxtilə xidmət etdiyi Tambov şəhər Lenin RDİŞ-nin rəis müavini polkovnik Güləddin Ələddin oğlu İsrafilovdur. Elə onun yaxın köməkliyi ilə rəhmətlik milis nəfəri Cəlal Mürsəlovun ailəsini tapmaq mümkün olur. Ailə ilə tanışlıqdan əvvəl RDİŞ-nin Lenin otağında C.Mürsəlovun xatirəsinə həsr edilmiş guşəni ziyarət edib xatirə şəkli çəkdirirlər. Ailəylə görüşmək, söhbət eləmək, Cəlalın indiyə kimi saxlanmış qanlı köynəyini, başqa əşyalarını öz gözləri ilə görmək çox gərginlik, ürək ağrısı, böyük həyəcan tələb edirdi Ramin Məmmədovdan. Başqa cürə mümkün deyildi. Namuslu, qeyrətli ailə üzvləri Lidiya Petrovna və Ruslan Cəlalın xatirəsini əziz tuturlar. O, həlak olanda Ruslan doqquz aylıq uşaq idi. Lidiya Petrovna özünə tapdığı təskinlik o olub ki, Ruslanı atası kimi vicdanlı böyütsün, və ərizə verib müraciət edərək Lenin rayon milis şöbəsinə işə qəbul olunub-sevimli həyat yoldaşı Cəlalın bir naxələfin ucbatından yarımçıq qalmış yolunu davam etdirsin. "Başı kəsilib ətəyinə düşmüş" Lidiya xanım bununla bir növ özünə təsəlli verib, Cəlalın ruhunu şad edib. O, milis məktəbini də bitirir, mayor rütbəsinə kimi yüksəlir. Ruslan da milis sıralarında çalışır, ali məktəbdə oxuyur. Amma Lidiya Petrovna, özünün etiraf etdiyi kimi həyatda Cəlalı əvəz edə biləcək heç bir şey tapmır. Onun Cəlala qarşı olan məhəbbəti, hörməti, qəlbində gəzdirdiyi sevgisi heç nə ilə əvəz olunmur. "Heç bir sanballı orden, yüksək medal, uca rütbə, layiqli dövlət qayğısı, hətta ölüm cəzasına məhkum olunmuş qatilin artıq güllələnməsi barədə xəbərin gəlməsi də sevən insanı sakitləşdirə bilmir"- deyir Lidiya Petrovna.

"Moskva, Sankt-Peterburq... onlar Azərbaycandandır" toplusu bizə yeni-yeni sevindirici, dəyərli məlumatlar açıqlayır. Belə ki, müəllif Moskvada "Azərros" qəzetinin redaksiyasında Qalib Ağayevlə görüşür. Bu həmin Q.Ağayevdir ki, Azərbaycan Politexnik İnstitutunu bitirib, sabiq Sovet İttifaqının bir çox regionlarında əmək fəaliyyəti ilə məşğul olub. Azərbaycanımızın ağır günlərində vətənə dönüb, milli azadlığımız uğrunda mübarizə aparan xalq hərəkatının cərgələrinə qoşulub, torpaqlarımızın bütövlüyü uğrunda gedən Qarabağ müharibəsində iştirak edib, Ağdam, Ağdərə istiqamətlərində gedən döyüşlərdə hərbi əməliyyatlar aparan döyüşçülər sırasına qoşulub. SSRİ idman ustası Qalib Ağayev boks üzrə yeddi dəfə Respublika çempionu adını qazanıb və Ümumittifaq turnirlərində dəfələrlə müxtəlif prizlərə layiq görülüb, Mingəçevir Boks Federasiyasının yaradıcılarından və rəhbərlərindən biri olmaqla əvvəlki uğurlarını daha da möhkəmləndirib... Hazırda Moskva vilayəti İstra şəhərində Azərbaycan milli mədəni muxtariyyatını yaradır. O, artıq ətrafına fəal soydaşlarımızı, idmançı həmyerlilərimizi birləşdirib, yerli dövlət orqanları və ictimai təşkilatlarla isti münasibətlər yaradıb, məktəbli azərbaycanlılara mədəniyyətimizi, tariximizi, adət-ənənələrimizi öyrətmək üçün Bakıdan dərs vəsaiti də gətirib.

Toplunun "Saratov" başlıqlı bölməsində oxuyuruq ki, Saratov şəhərində "Vətən" adlı Azərbaycan ictimai mədəni birliyi fəaliyyət göstərir, onun prezidenti Vladimir Nəriman oğlu Muradov eyniadlı qəzet də təsis edib. Həmin qəzetin səhifələrində getmiş məqalələrdən aydın olur ki, V.Muradov Saratov bölgəsində milli bayramlarımızın keçirilməsini yüksək səviyyədə təşkil etdiyinə görə Rusiya Mədəniyyət Fondunun Fəxri diplomuna layiq görülüb. Bu barədə "Vətən" qəzetinin 2001-ci ilin avqust ayında işıq üzü görmüş 8-ci sayında xəbər verilib. Elə həmin sayda "Povolja bizim kiçik vətənimizdir" adlı yazıda qeyd edilir ki, dostlarımızın, partnyorlarımızın, təşkilatların, xoşməramlı insanların dəstəyi ilə keçirdiyimiz tədbirlər arasında Saratovda keçirilən Azərbaycan mədəniyyəti günləri xüsusi yer tutur. V.Muradovun təşkilatçılığı ilə şəhərin Millətlər parkında Qız qalasının analoqu ucaldılmışdır.

Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV növbəti məktubunda yazır ki,

Azərbaycanımızı məşhurlaşdırmaqda, əsl Azərbaycanlı obrazı yaradan doğmalarımız haqqında xeyli məlumatlar 184 səhifəlik "Rusiya şəhərlərinə səfərlərim" kitabında da yer almışdır. Onlardan bir neçəsini xatırlamaqla oxucularda xeyli təəssürat yaratmış olaram. Müəllif yazır ki, bu gün Moskva ali məktəblərində yüzlərlə həmvətənlərimiz-alimlər çalışırlar. Onlardan biri də fizika-riyaziyyat elmləri doktoru, professor Valeh Cəfər oğlu Quliyevdir. Valeh müəllim 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin mexanika-rizyaziyyat fakultəsini fərqlənmə diplomu ilə bitirib. Hazırda o Moskva Dövlət Açıq Universitetində Ali riyaziyyat kafedrasının müdiri və Tətbiqi riyaziyyat fakultəsinin dekanı, Beynəlxalq Mineral Ehtiyatları Akademiyasının akademikidir.

Ramin Məmmədov müəyyən edib ki, Sankt-Peterburqda da alimlərimizin, DİO-da, başqa dövlər qurumlarında çalışan Azəri övladlarının sayı onlarla yox, yüzlərlədir. Onların sırasında çox iş görüb az tanınanlar da var. Məsələn, bu topluda təqdim olunan ziyalılardan biri də Köçəri Baxış oğlu Həsənovdur. O, Sankt-Peterburq şəhərində OOO "Biznes-Lİnk" və AOZT "Xoldinq-Eksluziv" firmalarının baş direktoru, "Sozdatel Peterburqa" ordeni laureatıdır. Bu quru təqdimat arxasında Köçəri müəllimin həyatı boyu çəkdiyi böyük zəhmət yer alır. K.Həsənov 1984-cü ildə Leninqradda V.İ.Ulyanov-Lenin adına Elektrotexnika İnstitutunu bitirib. Təhsilini Moskvada G.V.Plexanov adına Xalq Təsərrüfatı İnstitutunda davam etdirib və 1992-ci ildə oranı, 2002-ci ildə isə Rf Dövlət Xidməti Akademiyasını müvəffəqiyyətlə başa vurub.

Kitablarında oxunaqlı, eləcə də yığcam təqdim etdiyi məlumatlardan nəzərə çarpır ki, Ramin Məmmədovun çalışqanlığı, azərbaycançılığa dair bir-birinin ardınca çıxardığı kitabların əks-sədası Rusiya regionlarında kifayət qədər yayılıb. Odur ki, müəllifin həmin ölkədə həmvətənlərimizin keçirdiyi və onların dəvətilə iştirak etdiyi mərasimlərdən kitabdakı materiallara istinadən açıqlamalar verməklə qonşu ölkədə Azərbaycan dünyasının necə intensiv genişləndiyini də göstərmiş olaram.

Qeyd edim ki, "Doğmalarımın axtarışında" kitabı ilə tanışlıqda mənə məlum oldu ki, R.Məmmədov 2004-cü ilin aprel-may aylarında ziyalıların, diaspor icmaları fəallarının axtarışı üzrə Moskva, Sankt-Peterburq, Kirov, Şolkovo, Kostroma, Şarye, Nijni Novqorod, İstra, Petrozavodsk, Sıktıvkar şəhərlərində araşdırmalar aparmışdır. Petrozavodskda "Avesta" adlı Azərbaycan milli-mədəni muxtariyyatının rəhbəri Zaman Rəsulovla və təşkilatın üzvlərilə görüşlər keçirir. Bundan bir neçə gün əvvəl o, Xantı-Mansiysk Muxtar Dairəsi Azərbaycan diaspor cəmiyyətləri Əlaqələndirmə Şurasının Pıt-Yax şəhərində təşkil etdiyi iclasda iştirak edir, çixişinda mərasimə toplaşanlara ermənilərin Rusiyanın ən nüfuzlu ensiklopedik nəşrlərində mütəmadi şəkildə etdiyi saxtakarlııqlarla bağlı açıqlamalar verir, hər birimizi ayıq-sayıq olmağa səsləyir və həmin günlərdə bölgənin şəhərlərindəki milli icmalarımızın işi barədə məlumatlar toplayır. Sonra dəvət olunduğu Sankt-Peterburqa növbəti dəfə yollanır, orada fəaliyyətdə olan "Bazar günü Azərbaycan məktəbi"nin direktoru Həsən Məsimovla görüşüb məktəbin işi və şəraiti ilə yaxından tanış olur... Bir il sonra baş tutmuş səfəri zamanı 14 iyun 2005-ci il tarixdə bu şəhərin Qoroxov küçəsindəki 60 nömrəli binanın fasadında Ümummilli lider Heydər Əliyevin XX əsrin 40-cı illərinin sonunda təhsil aldığı elm ocağında onun xatirə lövhəsinin açılışında iştirak edir. Şəhər ictimiyyəti toplaşdığı həmin mərasimdə hörmətli prezidentimiz İlham Əliyevin nitq söylədiyi də qeyd olunur.

Müəllifin başqa kitablarında olduğu kimi 180 səhifəlik bu toplusunda da verilmiş müfəssəl məlumatlardan geniş söhbət açmaq olar. Amma, yuxarıda vurğuladığım kimi təqdim etdiyim bu yazının həcmi hər bir nəşri tam açıqlamağa imkan vermir. Odur ki, qısa açıqlamalarla kifayətlənmək məcburiyyətindəyəm. Yuxarıda xatırlatdığım, R.Məmmədovun dəvət olunduğu tədbirlərin bir neçəsini də diqqətinizə çatdırmaq fikrindəyəm.

Mayın əvvəlində o Xantı-Mansiyskdən Moskvaya gəlir. Ayın 7-də "Azərros" milli-mədəni muxtariyyatının nəzdindəki "Şəhriyar" məclisinin sədri professor Rafiq Osman oğlu Qurbanov (Sarıvəlli) onu məclisin iclasına dəvət edir. R.Məmmədova da çıxış üçün söz verilir, o bölgələrdəki qabaqcıl adamlarımızın müxtəlif sahələrdəki fəaliyyətinə dair yeni-yeni açıqlamalar verməklə təklif edir ki, diasporlarımızın Moskvada nəşr olunan qəzet və jurnallarını, eləcə də Azərbaycan-Qarabağa dair kitabları daha ucqar yaşayış məntəqələrinə çatdırmaq vacibdir. Eyni zamanda icmalarımız arasında əlaqələrin möhkəmlənməsinə xüsusi diqqət yetirilməlidir.

Elə həmin günlərdə soydaşlarımızın Ermənistan səfirliyi qarşısında keçirdiyi piketdə iştirak edir. Təşkilatçıların hazırladığı bukletdə bu sözlər də yazılmışdı: "Qarabağsız Azərbaycan yoxdur", "Qarabağın azad edilməsi milli birliyimizdədir". Eləcə də "Unutmayaq" sözü altında işğalda olan rayonlarımızın siyahısı və zəbt edilmə tarixi verilmişdi.

Moskva fəalları arasında nüfuzlu şəxslərdən biri Tahir Hacıyevin təklifi ilə mayın 9-da Ramin müəllim "İnter-Azərbaycan" televiziya kanalı vasitəsilə jurnalist Vüqar Şükürovun suallarını canlı efirdə cavablandırır. O Rusiya paytaxtında Kreml divarları önündə görkəmli dövlət xadimi-məşhur yazıçı Nəriman Nərimanovun, Novodeviçe fəxri xiyabanında dövlət xadimi Nəsirbəy Tağıyevin, SSRİ EA-nın müxbir üzvü Əli Əmiraslanovun, görkəmli alim Eyyub Tağıyevin, Sovet İttifaqı Qaz sənayesi naziri Sabit Orucovun, Kuntsevo fəxti xiyabanında general-mayor Əjdər Xaspoladovun, general-mayor Tofiq Seyidovun məzarlarını ziyarət etdiyini, onların hər birinin həyat yoluna dair kitablarında xatirə yazıları təqdim etdiyini də tamaşaçılara söyləyir.

Mayın 14-də Moskvada incəsənət işçilərinin Mərkəzi sarayında baş tutmuş, Sovet İttifaqının xalq artisti Lütfiyar İmanovun 75-illiyinə həsr olunmuş tədbir təşkil olunmuşdu. SSRİ xalq artisti Olqa Vasilyevna Lepeşinskaya, tanınmış kompozitor, Azərbaycanın əməkdar mədəniyyət işçisi Asya Sultanova kimi və başqa onlarla sanballı incəsənət xadimləri yubilyarı təbrik eləməyə gəldiyi bu mərasimdə Ramin müəllim də iştirak edirdi.

R.Məmmədov həmin ilin sentyabr-oktyabr aylarındakı səfərləri zamanı oktyabrın 19-da İttifaqlar evinin Sütunlu salonunda keçirilmiş Ümumrusiya Azərbaycan Konqresinin II qurultayının iştirakçısı olmuşdur. "Azərbaycan-qədim diyar" kitabında qurultayda Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin nitq söyləmələri barədə də söhbət açır.

Topluda təqdim olunmuş şəkillərdən və qeydlərdən göründüyü kimi müəllif qurultayda öz qəhramanları-Fərman Salmanov, Əhməd İsgəndərov, Əfrand Daşdəmirov, Tahir Salahov, Çingiz Hüseynov, Tamilla Mahmudova, Yusif Əmiraslanov, İlham Bədəlbəyli, Rüstəm Arifcanov və başqa görkəmli alimlərlə, mədəniyyət xadimləri və yazıçılarla, jurnalistlərlə görüşüb xatirə şəkilləri çəkdirmişdir.


İki hissədən ibarət bu kitabda müəllif mötəbər tarixi qaynaqlara əsaslanaraq Azərbaycanımızın keçdiyi çətin və şərəfli tale yolu, mədəniyyətimiz, mənəvi dəyərlərimiz barədə qədim dövrlərdən günümüzə kimi tarixi dövrü yığcam formada oxucu mühakiməsinə ünvanlayır. Bu da təsadüfi deyil. Müəllif yaxşı dərk edir ki, ermənilər Moskvada həmişə, xüsusilə də son 25 il ərzində əleyhimizə çoxsaylı kitablar, jurnallar, qəzetlər buraxır, nüfuzlu ensiklopediyalarda haqqımızda getmiş məqalələrə əl qatmaqla məmləkətimizin tarixini saxtalaşdırmağa cəhd edir, insanları çaşdırmağa çalışırlar. İkinci hissədə isə Aşıq Ələsgərin rusca və azərbaycanca şeirləri, Bakıda onun tədqiqatçısı-nəvəsi, alim İslam Ələsgərlə, Moskvada nəticəsi Firdovsi Ələsgərovla görüşləri, Perm, Usinsk şəhərlərində fəaliyyət göstərən Azərbaycan milli mədəniyyət mərkəzləri və həmyerlilərimiz barədə məlumatlar yer alıb.

"Azərbaycanlılar vətən uğrunda döyüşüblər" kitabı Böyük Vətən müharibəsində qazanılmış Qələbənin 60-cı ildönümünə təsadüf edir. Nəşrdə Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının döyüş yoluna dair Moskvada işıq üzü görmüş "Qeroi Sovetskoqo Soyuza" ensiklopedik toplusunda getmiş məqalələr verilmişdir.

Kitabın ikinci hissəsində R.Məmmədovun 2005-ci ilin may-iyun aylarında səfər etdiyi yeni-yeni şəhərlərdəki qabaqcıl soydaşlarımız haqqında da xeyli publisistik qeydlər də əksini tapmışdır. Bildirməliyəm ki, müəllifin görüşdüyü Verxnaya Pışma (Sverdlovsk vilayəti) şəhər Dumasının deputatı Elxan Muxtar oğlu Quliyevə dair iri yazı diqqəti cəlb edir. Ötən əsrin 70-ci illərində bu diyarda fəhləlikdən başlayan E.Quliyev Sverdlovsk Mühəndis-Pedaqoji İnstitutunu və Rusiya Prezidenti yanında Dövlət Qulluğu Akademiyasını bitirmişdir. Deputatlıqdan əlavə o, yaşadığı şəhərdə rəhbər vəzifədə çalışır.

Novıy Urenqoy şəhərində məhsuldar əməyi ilə böyük hörmət sahibinə çevrilmiş, neft sənayesi sahəsinin ağsaqqalı, ZAO "Rospan-İnterneşnl"in Urenqoy filialının baş direktor müavini Saleh Baxşəli oğlu Hacıyev haqqinda verilmiş yazı da az maraq kəsb etmir. S.Hacıyev peşəsinin dəyərli mütəxəssisi olaraq, qüsursuz xidmətlərinə görə hələ sovetlər dövründə iki ordenə və bir çox medallara layiq görülmüşdür. Daha sonra oxuyuruq ki, Rafiq Zəlim oğlu Mirzəyev hələ 1976-cı ildə Urenqoy neft müəssisələrinin birində qazmaçı köməkçisi kimi əmək fəaliyyətinə başlamışdır. Növbəti illərdə o, neft ustası kimi böyük xidmətlər göstərmiş, ııı dərəcəli Əmək Şöhrəti ordeninə layiq görülmüşdür. Qeyd olunur ki, 1995-ci ildən təqaüdə çıxana kimi R.Mirzəyev ZAO "Rospan-İnterneşnl"in baş direktoru vəzifəsində çalışmışdır.

İyun ayının ilk günlərində R.Məmmədov qatarla Sıktıvkar şəhərinə gəldiyini, burdakı Azərbaycan diaspor cəmiyyətində olduğunu yazır. Bu barədə o, ətraflı mülahizələrini oxucularilə bölüşür. Həmin şəhərdə Komi Respublikası Mədəniyyət və Milli Siyasət nazirinin müavini Yevgeni Nikolayeviç Rojkinlə də görüşür. İş otağında keçirdiyi fikir mübadiləsi zamanı Y.Rojkin deyir ki, sizin həmvətənləriniz bizim də həmyerlilərimizdi. "Biz bir şəhərdə dostluq və qardaşlıq şəraitində yaşayırıq"- deyən Yevgeni Nikolayeviç bildirir ki, Şimal şəhəri olan Sıktıvkarda futbol heç zaman dəbdə olmamışdı. Amma Azərbaycan övladlarının xeyirxahlığı və bacarığı sayəsində bura futbol kimi populyar oyun gətirilib. O, ağız dolusu vurğulayır ki, gələcəkdə həmvətənlərimizin Sıktıvkarda Azərbaycan məktəbi açacaqlarına da ümidvardır.

"Dostluq telləri" adlı kitabındakı açıqlamalar göstərir ki, R.Məmmədov doğmalarımızı soraqlaşa-soraqlaşa uzaq diyarlara gedib çıxıb. Dərbənddən sonra İrkutska, Ulan-Udeyə üz tutub. Yazıları oxuduqca həmyerlilərimizin ən ucqar yaşayış məntəqələrində belə Odlar Yurdunu ucaldan, göylərə qaldıran əməllərinə, şərəfli vəzifələrə layiq görüldüyünə, ali amallar ünvanına çevrildiyinə qürur hissi keçirirsən.

Müəllifin Dərbənd görüşlərindən bəlli olur ki, burda yazıb-yaradan şair Tahir Saleh həm də bölgədə Azərbaycan milli-mədəni muxtariyyatının sədridir. Bir fəal ictimiyyətçi kimi onu Dağıstan Respublikasında tanıyırlar, təkliflərini nəzərə alırlar. "Dərbənd" qəzetinin səhifələrində Tahir müəllimin məqalələrinə, şeirlərinə tez-tez rast gəlmək mümkündür. Dərbənd şəhər Təhsil İdarəsinin rəisi Şərəfəddin Səlim oğlu Əhmədov da yaradıcı adam olduğu bildirilir. İkinci Dünya müharibəsinin ağır illərində və sonralar Dağıstana rəhbərlik etmiş, görkəmli dövlət xadimi Əziz Əliyevin həyat və fəaliyyətinə də Səlim müəllim oxunaqlı bir kitab həsr etmişdir. Daha sonra R.Məmmədov qeyd edir ki, Dərbənd Mərkəzi Kitabxana Sisteminin direktoru Diana Əliyeva ilə görüşdüm. Direktor fəxrlə söyləyir ki, kitabxanamızda Azərbaycan dilində kifayət qədər nəşrlər cəmləşdirmişik. "Lakin son zamanlar Bakıda çıxan kitabların böyük əksəriyyəti bizə göndərilmir"-deyir Diana xanım.

"Dostluq telləri"ndə İrkutsk şəhərindəki qardaşlarımıza həsr edilmiş fəsildə sevindirici nümunələr bizi daha da fərəhləndirir. "Azərros v İrkutskoy oblasti" qəzeti vətəndən bir neçə min kilometr uzaqlarda Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini və onları yaradan-yaşadan insanlarımızı geniş təbliğ edir. Elə yazılarin adlarından da bunu anlamaq asandır: "Rusiyada Azərbaycan ili", "Qarabağ, Qriboyedov: konfliktin mənbəyinə bir nəzər", "Gözəl şəhər-Lahıc", "Üçəsrlik münasibətlərin xronikası", "Moskvada Heydər Əliyevin heykəli qoyulacaq", "Dekabristlər İrkutskda", "Vahid Ələkbərov: Mən xoşbəxtəm ki, neftçiyəm". Qəzetin təsisçisi və redaktoru Nəriman Qaraboğaz oğlu Bədəlov müəllifi olduğu bir yazını belə adlandırıb: "Mənim peşəm-insanlara kömək etməkdir". Dərginin 2005-ci ilə aid sonuncu sayında Nəriman Bədəlovun "Azərros" MMM-nin İrkutsk nümayəndəliyinin sədri kimi oxucularına hesabatı da dərc olunub. Digər yazılardan məlum olur ki, İrkutsk Şəhər Kuybışev RDİŞ-nin rəis müavinini milis podpolkovniki Rasim Rafiq oğlu Quliyevdir. Həmin milis şöbəsində daha bir həmyerlimiz, milis podpolkovniki xidmət edir-Teyub Simran oğlu Eminov da rəis müavinlərindən biridir. Ənvər İfei oğlu Əliyev isə İrkutsk Lenin RDİŞ-də rəhbər vəzifədə çalışır, onun da rütbəsi podpolkovnikdir.

R.Məmmədov İrkutskdan Ulan-Ude şəhərinə yola düşmək ərəfəsində əhali arasında xeyli ad-san qazanmış alim-həkim Ramiz Cabbar oğlu Əhmədovla həmsöhbət olur. Ramiz həkim bir qədər sıxılaraq Azərbaycan dilini bilmədiyinə işarə edir, amma Odlar Yurdunun onunçün Ana Vətən olduğunu övladlarının da beyninə əbədi həkk etdiyini ortaya qoyur. Atası Cabbar Hidayət oğlu əslən Gədəbəy rayonunun Fərzalı kəndindəndir, anası Svetlana Vladimirovna yerli xanımdır. R.Əhmədov Tibb İnstitutunun məzunu, tibb elmləri namizədi, ali dərəcəli həkimdir. "Namizədlik dissertasiya işimi yekunlaşdırmaq üzrəydim, müdafiə etməyimə az vaxt qalırdı, maddi durumum zəif idi. Mənə xeyirxah insan, səxavətini heç kimdən əsirgəməyən Nəriman Bədəlov hərtərəfli dəstək oldu",-deyir Ramiz Əhmədov. Bu arada 68 yaşlı bir həkim, Civə Nadir oğlu Əmiraslanov də yazıçı-jurnalisti salamlamağa gəlir. O, İrkutsk aviasiya zavodu Tibb sahəsinin cərrah-həkimidir. R.Məmmədov qeyd edir ki, camaat onun haqqında yekdilliklə danışırdı: "Hələ 1979-cu ildə ürəyin deşilmiş yarasilə aqonal vəziyyətdə daxil olan xəstəni növbətçi cərrah C.Əmiraslanov təcili əməliyyat etməklə həyata qaytarması bu günə kimi adamların ağzından düşmür. Nəriman Bədəlovun açıqlamasından görünür ki, C.Əmiraslanov uzaq 1962-ci ildə Kuybışev (Samara) şəhərinə gəlib, 1972-ci ildə burda Dövlət Tibb İnstitutunu bitirib, ondan iyirmi il öncə Gəncə Tibb Texnikumunda təhsil alıb, artıq otuz ildən artıqdır indiki iş yerində çalışır. Qarabağ müharibəsi dövründə o, vətənə qayıdıb, yaralıları müalicə etməklə yanaşı əlində silah işğalçılara qarşı döyüşüb. Bir dəfə onların avtomobili minaya da düşüb, möcüzə nəticəsində sağ qalıblar, buna deyirlər "köynəkdə doğulublar". 1993-cü ildə yenə İrkutska iş yerinə qayıdıb.

"Dostluq tellərində"ki qeydlərdən görünür ki, müəllif Ulan-Ude, Çita, Tında, Blaqoveşensk, Birobidjan, Xabarovsk, Komsomolsk-na-Amure, Ussuriysk, Vladivostok, Petropavlovsk-Kamçatskiy, Anadır... şəhərlərində Azərbaycan diaspor icmaları olması barədə məlumatlıdır və həmin bölgələrə İrkutsk dəmiir yol vağzalından yola düşür...

Ulan-Udedə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti və bu təşkilatın Sibir Əlaqələndirmə Şurasının sədri Yusif Cəfərovun iş yerində olur. Y.Cəfərov bütün fəaliyyətini iqtisadiyyat sahəsinə sərf edib, Rusiya Federasiyasının Əməkdar ticarət işçisi fəxri adına layiq görülüb. Zəhmətkeşliyi, səmimiyyəti, səxavəti sayəsində ad-san qazanb, Ulan-Udedə bizim milli üslubda restoran-kafe inşa etdirib. Binanın o başında zövqlə yaradılmış qayalardan axan şəlalələr bura istirahətə gələnlərin qəlbini oxşayır. Qayanın zirvəsində yazılmış "Azərbaycan", "Bakı", "Qızılqaya" (Füzuli rayonunda dağ adı) sözləri bu əsrarəngiz guşəni azərbaycanlının yaratmasından xəbər verir-yazır müəllif. Düşünürəm ki, təbliğatın bütün növləri yaxşıymış, təki sənin tarixi vətəninə şərəf gətirsin.

Əlaqə yaratmaq mümkün olmadığından Vladivostok istiqamətində səyahətini dayandırır... Altay diyarına gedir.

Rusiyanın bu subyektinə səyahətinin təsvirini "Altay diyarının tarixi" adlı kitabdan sitatlarla bşlayır. Nəşrdən götürülmüş belə nümunə də var: "6-9-cu əsrlər Altayın Türk dövrü sayılır". Sonrakı məqalələrdə şərh olunur ki, diyarın Troitsk rayonuna gələrək milis şöbəsinin rəisi podpolkovnik Əliağa Məsdan oğlu Əliyevlə həmsöhbət olur. Rəis onun Biysk şəhəri ilə maraqlanmasına diqqətlə yanaşıır və özü onu həmin şəhərə aparmaq qərarına gəlir. Biysk qarnizon Hərbi məhkəməsinin sədri polkovnik Tofiq Hüseyn oğlu Hüseynov onları iş otağında gülərüzlə, mülayim təbəssümlə qarşılayır. Rusiya Silahlı qüvvələrində ən şərəfli və məsuliyyətli vəzifələrdən birinə layiq görülən polkovnikin 1931-ci ildə Qubadlının Əliquluuşağı kəndində dünyaya göz açmış atası Hüseyn Qərib oğlu 35 ildən artıq Bakıda PPX-da xidmət edib, anası Nina Yakovlevna evdar qadındır. T.Hüseynov 1965-ci ildə doğulduğu Bakıda Cəmşid Naxçıvanski adına Hərbi məktəbdə təhsil alıb, Rusiyada Simferopol Ali hərbi-siyasi məktəbini qızıl medalla, sonra İqtisadiyyat, Maliyyə, Hüquq Hərbi Akademiyasını bitirib. Onun qısa və məntiqli söhbətləri, intizamlı hərəkətləri əsl hərbçi olduğundan, sinəsini bəzəyən medallar vəzifəsinə, mundirinə vicdanla, hörmətlə yanaşmasından xəbər verir. "Təəssüf edirəm ki doğma dilimizdə danışa bilmirəm, ancaq doğma Azərbaycanımızı ürəyimin içində gəzdirirəm. Həmyerlilərimizlə əlaqələrimi kəsmirəm. Qürbətdə onlar başucalığı gətirən işlərlə məşğul olanda sevinirəm, pis əməllərinə kədərlənirəm. Bizim qonşu şəhərlərdən birində atıcı hərbi diviziyanın komandiri general-mayor, azərbaycanlı Fətullayev olduğunu qəzetdə oxudum, eloğlumla fəxr etdim"-deyir Tofiq Hüseynov.

Barnaul şəhəri ilə bağlı R.Məmmədov yazır ki, burda Amil Famil oğlu Əliyev məni qarşıladı. Onun elm, mədəniyyət xadimlərinə, əmək və müharibə veteranlarına hörmət və qayğı ilə yanaşması dillərdə gəzir bu şəhərdə. A.Əliyevin dostlarından biri, təqaüddə olan polkovnik Viktor İvanoviç Popov danışır ki, 1979-1980-ci illərdə Bakıda olub, şəhərin ecazkar gözəlliyi, burdakı qədim abidələr, insanların qonaqpərvərliyi onu valeh edib. Onun azərbaycanlılar arasında çoxlu dostları, tələbə yoldaşları var. Amilin də insanpərvərliyinə, səxavətinə, dostluğa sədaqətinə yüksək qiymət verən V.Popov Qarabağda müharibə törədilməsinə də kədərləndiyini bildirir. A.Əliyev Ramin Məmmədovu Barnaulda "Birlik" adlı Azərbaycan milli-mədəni muxtariyyatının sədri Murad Məhəmmədəli oğlu Zeynalovla və birliyin fəalları ilə də bir araya gətirir. Müəllifin burdakı araşdırmalarilə bağlı yazıları oxuyub bildim ki, M.Zeynalov Barnaulda ən sanballı tədbirlərə dəvət olunur, qəzet, kitab nəşrinə, tələbələrə yardımını əsirgəmir, "Birlik-Yedinstvo" adlı qəzet də buraxdırmağa nail olub, dərgidə azərbaycançılığa dair xeyli materiallar təqdim olunur. M.Zeynalovun təşkilatçılıq qabiliyyəti, rəhbərlik etdiyi icmanın işini düzgün istiqamətləndirə bilməsi yerli qəzetlərin də diqqətini cəlb edib. Məsələn Altay milli-mədəni birlikləri assossiasiyasının prezidenti pedaqogika elmləri namizədi Yelena Buyankina "Altayskiye tatarı"(N2 (6), iyul 2006) qəzetində yazır ki, Altayda yaşayan azərbaycanlıların maraqlarının müdafiə olunmasını Murad Zeynalov rəhbərlik etdiyi cəmiyyət qarşısında başlıca vəzifə kimi qoymuşdur.

R.Məmmədovun 2007-ci ildə çıxmış "50-ci bahardan boylananda" adlı kitabı onun yarıməsrlik yubileyi ilində oxucularına qismən də olsa az-çox məhsuldar keçirilmiş ötən dövrün hesabatıdır. Müəllif ənənəsinə burda da sadiqlik göstərir-xalqlar dostluğuna, məmləkətimizin təbliğinə və nəhayət Rusiyada ölkəmizə olan diqqət və marağa dair xeyli yazılar cəmləşdirmişdir. Amma burda zəmanəmizdə o qədər də tez-tez rast gəlmədiyimiz, lakin hər gün, hər an ehtiyacımız olan mənəvi bir sənəd, bir namə, mənəviyyatnamə adlandırmaq hüququ qazanmış Vəsiyyətnamə də yer alıb. Həmin Vəsiyyətnaməni müəllifin atası, qabaqcıl maarif xadimi, öz gərgin əməyi, ləyaqəti, yüksək mədəniyyət səviyyəsi, qayğıkeşliyi, elmi ilə Qəbələdə xalq arasında və təhsil ictimaiyyətində"Müəllimlərin müəllimi" adını qazanmış, Böyük Vətən müharibəsindəki şücaətləri orden və medallara layiq görülmüş Hüseyn Məlik oğlu Məmmədov vəfatından beş il qabaq yazmışdı.

Vurğulamaya bilmirəm, əziz oxucular, övladlarına hər gün, hər an belə gözütox olun, nəfsinizə qalib gəlməyi bacarın, insanlara qarşı nəzakətli, mərhəmətli, işinizdə nümunəvi olun deyən ata yenə də həyat prinsiplərinə sadiq qalır. Ömrü boyu mal, dövlət gəldi-gedərdi, vətən, xalq yaşamalıdı deyən müəllim-ata başqa cürə vəsiyyət edə bilməzdi. Bu həmin Hüseyn müəllimdir ki, 1991-ci ildə 50 və 100 manatlıq əskinazların ləğv edilməsinə dair Qorbaçov fərman verəndə demişdi: "Sovet hökumətinin yeganə qərarıdır ki, onun mənə heç bir aidiyyatı yoxdur". Belə bir ziyalının Vəsiyyətnaməsindən qısa fraqmentləri gətirməklə daha müfəssəl təsəvvür yaratmaq olar:

-Qardaş və bacılar arasında olan mehribanlığı qoruyun. Ailə, yoldaş və dostlarınıza, birbirinizə qarşı düz olun. "Düzlükdən böyük biclik yoxdur"- deyib atalar.

Hər bir adamın dostu olmalıdı. Dost bərkdə-boşda adama lazımdır. Bütün bunlara görə deyərlər: "Dostun yoxdur tap, tapdın qoru, dostluğun hər bir çətinliyinə döz".

Qohumla alver etməyin, qohumluq pozula bilər. Qohumla çox şit gediş-gəliş də yaxşı nəticə vermir. Bütün bunları övladlarınıza da deyin. Həyatda çalışın həm yaxşı ailələr sırasında olun, həm də tərbiyəli, insani sifətlərə malik adamlarla qohumluq edin (həm qızınızı köçürəndə, həm də oğlunuzu evləndirəndə).

Ölüləri həmişə yad edin... İldə bir dəfə quran xətmi eləməyi unutmayın.

Həyatda, çalışın heç kimlə mübahisə, dava etməyin, yalnız xeyirxahlıq, zəiflərə kömək edin, bu sizin əsas amalınız olsun...

Bax belə, doqquz bənddən ibarət Vəsiyyətnamədən bir neçə fraqment təqdim etməklə fikrimcə əsas məqsədi nəzərinizə çatdıra bildim.

"50-ci bahardan boylananda" kitabında "Azərbaycan Rusiya nəşrlərində", "Ürəklər Vətənə bağlı", "Bizdən uzaqlarda...", "Bu gün ermənilər bizə qarşı böyük saxtakarlıq edirlər", "Azərbaycanın mövqeləri möhkəmlənir" və s. kimi yazılar getmişdir. Materialların adlarından göründüyü kimi əsas məqsəd ölkələrimiz arasında inkişaf edən əlaqələri və diaspor icmalarımızın işini göstərməkdir. Eləcə də R.Məmmədovun müəllifi olduğu məqalələrin, oçerklərin, elmi-publisistik yazıların və kitabların siyahısı verilmişdir.

"Həmvətənlərimiz Tümen vilayətində" adlı toplunun birinci nəşrində Bakıda və Rusiyada rusca işıq üzü görmüş xeyli kitabların üz qabığının birinci səhifəsinin şəkli və hər topluya dair bir-iki səhifəlik açıqlama verilmişdir. Zaqafqaziyada ən böyük sayılan Azərbaycan Rus İcmasının fəaliyyətindən, onun keçirdiyi, yaxşı mənada, əks-səda doğuran qurultaylardan, başqa tədbirlərdən bəhs edən ayrıca yazı da bu nəşrdə təqdim olunmuşdur. Belə açıqlamalar həm də, "Bakıda bir nəfər də olsun rus məktəbi qalmayıb, rusları qovublar" deyən Jirinovski kimi danışığına, hərəkətlərinə nəzarəti itirmiş və başqa bizə məlum olan və olmayan böhtançılara, millətlərarası münaqişələri qızışdıranlara müəllifin mesajıdır.

Beləliklə oxuculara bildirilir ki, təkcə son on ildə Moskvada və başqa şəhərlərdə işıq üzü görmüş "Heydər Əliyev", "Sabit Orucov", "Əziz Əliyev", Fərman Salmanovun "Kəşf kimi həyat", Çingiz Hüseynovun "Doktor N", Stanislav Çernyavskinin "Azərbaycanın yeni yolu" və "Azərbaycan: istiqamət seçimi", Yaqut Nemətovun "Təhsil XXI əsrdə", Valeri Tatarintsevin "Kişi", Əbdül Hüseynovun "XX əsrin 100 məşhur azərbaycanlısı", Bakıda İvan Tretyakovun "Qadın Allahı", Aidə Feyzullayevanın "Azərbaycan yazıçıları Rusiyada", Yelizaveta Qasımovanın "Öz torpağım (Azərbaycanın rus oğulları)", A.Qritçenkonun "Həlak olmuşlara əbədi xatirə" adlı kitablar rusdilli vətəndaşlar üçün nəzərdə tutulmuşdur.

Bir qədər irəliyə gedərək qeyd etmək istərdim ki, 2011-ci ildə işıq üzü görmüş "Odlar Yurdunun övladları Rusiya tarixində" adlı ensiklopedik oçerklər kitabının səhifələrində də R.Məmmədov Yuri Pompeyevin "Qarabağ gündəliyi", Aleksandr Qoryaninlə Aleksandr Sevastyanovun "Ruslara azərbaycanlılar və Azərbaycan haqqında", İlqar Məmmədovla Tofiq Musayevin "Erməni-Azərbaycan münaqişəsi", Musa Mərcanlının "Erməniçilik, Rusiya, Qafqaz" kitablarına dair məlumatlara da xüsusi yer ayırmış, açıqlamalar vermişdir.

Ümumiyyətlə Ramin Məmmədov hələ lap gənc vaxtlarından öz təcrübəsində azərbaycançılığa dair rusca nəşrlərin yayılmasına, təbliğ olunmasına geniş yer vermişdir. Belə ki, adı çəkilən sahəyə dair kitabları o hələ Sovet dövründə hər dəfə Bakıdan məzuniyyətdən qayıdarkən Rusiyaya aparması və orada yayması bizə məlumdur. Müstəqillik illərində isə Rusiya şəhərlərinə səfərləri zamanı yayımladığı nəşrlərlə bağlı "Səfərnamə-Puteşestviye" toplusunda belə yazır: "...Ötən illər ərzində Azərbaycan-Qarabağ həqiqətlərini əks etdirən mənbələrə böyük ehtiyac vardı. Bunu bilən adam kimi həmin əsərlərdən Abasqulu Ağa Bakıxanovun "Qulistani İram", Sergey Qlinkanın "Opisaniye pereseleniya armyan azerbaydjanskix v predelı Rossii", İ.K.Kanadpevin "Oçerki zaqafqazskoy jizni", V.L.Veliçkonun "Kavkaz. Russkoye delo i mejduplemennıye voprosı", Tatyana Çaladzenin "Sostradaniye" kitablarının yüzlərlə nüsxələrini və başqa topluları getdiyim şəhərlərin kitabxanalarına, elm adamlarına, redaksiyalarına, diaspor icmalarımıza aparmışam".

Təqdirəlayiq haldır ki, onun kitablarının hər birində Azərbaycan-Qarabağ həqiqətlərinə dair, erməni terrorizmini, saxtakarlığını ifşa edən, eləcə də Rusiya-Azərbaycan münasibətlərinə, qonşu ölkədə millətçilərin törətdiyi cinayətlərə, ermənilərin Moskva ensiklopedik nəşrlərində törətdiyi saxtakarlıqları təkzib edən ayrı-ayrı nüfuzlu mənbələrə istinadən hazırlanmış yazılar öz əksini tapmışdır.

Məsələn, "Bir torpağın adamları" kitabında "Düşmənçilik yox, dostluq" rubrikası altında getmiş "Dostluğumuzun dərin kökləri" yazısında deyilir ki, akademik V.V.Bartoldun təbirincə ölkələrimiz arasında əlaqələrin kökü 880 və 909-910-cu illərə gedib çıxır. Uzun illər sonra bu əlaqələrin möhkəmlənməsində xidmətləri olmuş A.M.Topçubaşov, A.A.Bakıxanov, Mirzə Kazım Bəy, İ.B.Qutqaşınlı, M.F.Axundov kimi dahilərin adları çəkilir. Bunları misal çəkən müəllif onu da vurğulayır ki, rus çarları, Qorbaçov kimiləri xalqımıza qarşı törətdiyi cinayətləri də bilılir və unutmur,- "lakin bu sağalmaz yaraları bizə yetirən bütün rus milləti deyil, ayrı-ayrı yaramaz adamlar olmuşdur"-yazır R.Məmmədov. Müasir dövrdə Bakıda rus dilində çıxan qəzetlərdən söhbət açılır, SSRİ-nin süqutundan sonra bir dənə də olsun rus məktəbinin bağlanmamasına və rus dilində nəşr olunan qəzetlərin sayının iki dəfə artmasına dair Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözləri dəgətirilib.

"Tarixi kim və necə saxtalaşdırır" məqaləsində Azərbaycanımıza qarşı saxtakarlıqlar baş alıb getmiş "Sovet ensiklopedik lüğəti" (Moskva-1990), "Böyük ensiklopedik lüğət" (Moskva-1998), "Dünya ölkələri" (Moskva-1998) kitablarında, Hərbi ensiklopediyanın və Böyük Sovet Ensiklopediyasının cildlərində ermənilərin və ermənipərəst adamların rəhbər və məsul vəzifələr tutması konkret faktlarla göstərilir. Həmin kitablardakı məqalələri bu nəşrlərin keçmişdə buraxılmış nüsxələrindəki analoji məqalələrlə müqayisə edir və erməni saxtakarlığını sübuta yetirir. Onun aşkar etdiyi çoxsaylı faktlardan birini R.Məmmədovun qələmə aldığı kimi diqqətinizə çatdırım: "1983-cü ildə Moskvada hərbi nəşriyyatda 864 səhifəlik, üç yüz min tirajla "Voennıy ensiklopediçeskiy slovar" adlı kitab işıq üzü görüb. Burada Heydər Əliyev, Babək və bir çox digər soydaşlarımız haqqında məqalələr var. Səkkiz cilddə nəzərdə tutulmuş "Sovetskaya voennaya ensiklopediya"nın 1990 cı ildə 1-ci cildi yüz min tirajla cap olunmuşdur. Kitabın nəşrə hazırlanmasında Q.V.Avetisyan və S.V.Arakelov adlı ermənilərin iştirakı bu nəşrdə H.Əliyev və Babəyin adlarının ixtisara düşməsinə səbəb olmuşdur. Əvəzində 115-ci səhifədə əvvəllər adı heç yerdə çəkilməyən general-mayor Mixail Allahverdov məqaləsi peyda olmuşdur. 2001-ci ildə Rusiya paytaxtında "Ripol klassik" nəşriyyatında iki cildlik "Voennıy ensiklopediçeskiy slovar" buraxılıb. Burada dünyanı bir-birinə qarışdıran, ikiüzlü "qlavnıy perestroyşik", "kommunizmi dağıtmağa görə SSRİ rəhbərliyinə gəlmişdim" deyə Türkiyədə çıxış edən Mixail Qorbaçov ön plana çəkilir, amma bizimkilərə yenə də yer tapılmır. Bəlkə ona görə ki, nəşrə məsul olanlardan biri S.V.Oqanyandır".

"Ksenofobiya- mənbələr, yayanlar, qızışdıranlar" adlı yazı kitabın 35 səhifəsini tutur. Burda müəllif hələ Nijnevartovskda yaşadığı dövrdən günümüzə kimi qonşu ölkədə millətçilərin törətdiyi cinayətlərə dair topladığı təkzibolunmaz faktları, Rusiyada yayılan, çoxlarımıza tanış olmayan, lakin millətçiləri qızışdıran, ilhamlandıran "Ya-russkiy", "Era Rossii", "Za russkoye delo", "Za rus", "Russkiy front moskovii" qəzetlərindən də nümunələr gətirməklə həmin dərgilərin çirkin əməllərini, gələcək planlarını göstərir.

15 səhifəlik "Həmvətənlərim, unutmayın!" yazısında qədim zamanlardan bu günə kimi ermənilərin iç üzünü, çirkin əməllərini açıqlayan kitablardan konkret faktlar gətirilir, onların Xocalıda törətdikləri dəhşətli cinayətlər-soyqırım açıqlanır. İşğal etdikləri rayonlarımızın hər birində qanı su yerinə axıdan erməni cinayətləri oxucu diqqətinə çatdırılır. Müəllif insanlara müraciətlə yazır ki, Qarabağsız Azərbaycan yoxdur... Qarabağın Ermənistanla sərhədi belə yoxdur. R.Məmmədov "Həmvətənlərim, unutmayın!" yazısını ənənəvi olaraq əksər kitablarında təqdim etmişdir.

Yaxud götürək onun "Rusiyanın ürəyində" kitabını. Bu toplu da rus dilində yazılmışdır. Buna baxmayaraq Rusiyadakı həmyerlilərimizin latın qrafikalı əlifbanı zəif bilməsini nəzərə alaraq müəllif kitabın sonunda yeni əlifbamızı və doğma dilimizdə "Qarabag problemi Rusiya nəşrlərində" və "Nasionalizm, şovinizm SSRİ-ni dağıtdı, Rusiyanı da parçalaya bilər" adlı geniş məqalələr təqdim etmişdir. Mən materialların hər birindən götürdüyüm fraqmentlərlə oxucuları tanış etmək istəyirəm. Birinci məqalədə deyilir: "Rusiya ictimaiyyətinə Qarabağ probleminə dair geniş məlumatları çatdıran "AzərRos-Rusiya azərbaycanlıları" və "Azərbaycan Konqresi" qəzetləridir. "AzərRos" qəzetində "Bakıda 1918-ci il mart hadisələri: əslində bu necə olub" (N3, 2001), "1990-cı ilin Qara yanvarı" (N1, 2003), "Xocalı: ötən əsrin ən qəddar faciəsi" (N2, 2003), "Türkmənçay sülh müqaviləsi" (N8, 2006) səpgili yazılar mütəmadi dərc olunur. Qəzetin 2002-ci il 2-ci sayında Moskvalı yazıçı Əbdül Hüseynovun müsahibəsi dərc edilib. Burda Əbdül müəllim haqlı olaraq dəhşətli Xocalı faciəsini Xatın faciəsinin analoqu kimi göstərir. O, açıqlamasında söyləyir ki, 1998-ci ildə Bakıda Hərbi nəşriyyatda ona Xocalıda ermənilərin törətdikləri soyqırımı əks etdirən videolentlər təqdim olunub. Əbdül müəllim çəkilişlərə baxdıqdan sonra sarsıntı keçirdiyini etiraf edir. Və ermənilərin azərbaycanlıları məruz qoyduqları soyqırımla bağlı ayrıca kitab yazmaq qərarına gəldiyini bildirir.

"Azərbaycan Konqresi"-nin 17 dekabr 2003-cü il sayında "Azərbaycan tarixində dönüş anı" adlı iki səhifəlik yazı dərc edilmişdir. Materialda oxuculara İranla Rusiya tərəfindən Azərbaycanın parçalanmasına dair geniş açıqlamalar verilir. Yazının müəllifləri E.Məmmədbəyli, Ə.Hüseynov, S.Həsənbəyov sonda ürək ağrısilə bildirirlər ki, 1828 –ci ildə qoyulmuş yavaş-yavaş hərəkətə gələn mina 90 il keçdikdən sonra-1918-1920-ci və daha 70 ildən sonra-1988-ci ildə hərəkətə gəlmiş-partlamışdır. Müəyyən mənada iki xalqın indiki nəsilləri 200 illik tarixi dövrün girovuna çevrilmişlər..." ("Rusiyanın ürəyində", Bakı-2009, s.s. 187-188).

Fizika-riyaziyyat elmləri doktoru, professor Hilal Muxtarovun 100 illik yubileyinə həsr olunmuş "Elm fədaisi" adlı 224 səhifəlik kitabda alimin elmi nailiyyətləri barədə zəngin faktlar, onun haqqında məşhur elm xadimlərinin fikirləri, dost və qohumlarının xatirələri, fotoşəkillər toplanmışdır. Məsələn, dunya şöhrətli akademiklər, Nobel mükafatçıları N.Q.Basov, A.M.Proxorov, AMEA-nın akademiki Maksud Əliyev və başqaları onun elmi işini yüksək qiymətləndiriblər. A.M.Proxorov alim haqqında yazır: "Hilal Muxtarovun elmi araşdırmaları nəticəsində bizim ölkədə və onun hüdudlarından kənarda təcrübədə qaz radiospektroskopiyası molekulunun izometrlər əmələ gətirən mikrodalğalı spektroskopiyasının əsaslı tədqiqatlarının dönüş nöqtəsi qoyulmuşdur".

Hilal Muxtarov elm öyrənməklə yanaşı, gəncləri də elmlə məşğul olmağa ruhlandırmışdır. Öz övladlarının da hamısını elm yolu ilə istiqamətləndirə bilmişdir. Oğlu Edqar fizika-riyaziyyat elmləri doktorur, Moskvada böyük bir Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edir, digər oğlu Rasimlə qızı Mədinə fizika-riyaziyyat elmləri namizədi idilər. Təəssüf ki, hər ikisi dünyadan vaxtsız köçüblər.

Kitabdakı məlumatlardan göründüyü kimi H.A.Muxtarov uzun illər doğma Azərbaycanda elmi və pedaqoji fəaliyyət göstərmiş, burda fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini müdafiə etmişdir. !972-ci ildə o, Moskvaya köçmüş, Lixaçov adına Avtomobil zavodu nəzdində Ali Texniki Təhsil Məktəbinin Fizika kafedrasının professoru seçilmiş, sonra Lomonosov adına MDU-nin Kimya fakultəsində pedaqoji sahədə çalışmışdır.

R.Məmmədov ölkəmizin və xalqımızın Böyük Vətən müharibəsindəki misilsiz xidmətlərinin təbliğinə öz yaradıcılığında kifayət qədər yer ayırmışdır. Qələbənin 65 illiyinə həsr etdiyi "Müharibə yox, sülh olsun!" kitabı da bu qəbildəndir. Toplunun səhifələrini vərəqlədikcə, azərbaycanlıların Böyük Vətən müharibəsi cəbhələrində göstərdikləri igidliklərdən, arxa cəbhədəki fədakar əməyindən bəhs edən məqalələrdə, müharibə veteranlarının, Sovet İttifaqı Qəhrəmanı adına layiq

görülmüş soydaşlarımızın hünəri barədə maraqlı və yığcam portret oçerklərdəki faktları oxuduqca insanda bir coşqunluq hissi yaranır.

Kitab xalqımızın ümummilli lideri Heydər Əliyevin müharibə veteranları haqqında fikirləri ilə açılır.

Burada həm də Azərbaycan neftçilərinin cəbhəyə töhfəsi barədə dörd dəfə Sovet İttifaqı Qəhrəmanı, marşal G.K.Jukovun fikirləri, eləcə də bəzi statistika məlumatları yada salınır. Kitabda Azərbaycan Respublikasının Dövlət Himninin rusca mətninin verilməsini də alqışlamaq lazımdır.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqqında məqalədə bu vətən oğlunun sərkərdəlik qabiliyyəti, şəxsi igidliyi və tank briqadasının xüsusi polkuna komandirlik məharəti barədə maraqlı faktlar, əlbəttə Rusiyadakı həmvətənlərimiz və rusdilli oxucular üçün daha maraqlı olacagına şübhə yoxdur. Bizim xalqın yetirmələrinin döyüş bacarığı, mərdlik və cəsarəti bu yazılarda lazımınca təbliğ olunur. Özü də təkcə kişilərimiz yox, igid qadınlarımız da.

İkinci dünya müharibəsində döyüşən orduda xidmət etmiş Azərbaycan qızlarından bir neçəsi haqqında topluda maraqla söhbət açılır. Qadın təyyarəçilərimizdən Züleyxa Seyidməmmədova, Leyla Məmmədbəyova, Moskvanın müdafiəsində iştirak etmiş və 1941-ci ildə əsir düşmüş, əsirlikdən qaçıb partizanlara qoşulub faşizmə qarşı mübarizəni davam etdirmiş və döyüşlərin birində həlak olmuş tibb bacısı Aliyə Rüstəmbəyova, snayperçi Ziba Qəniyeva, tibb bacıları Züleyxa Rzayeva, Pakizə Manafova, Şəfiqə Əhədova və başqaları haqqında yazılmış qısa məqalələr maraqla oxunur və qəhrəmanın daxili aləmini açır.

Bununla kifayətlənməyən, qürbətdə məskunlaşmış soydaşlarımızı həmişə arayıb-axtaran qələm əhli kimi R.Məmmədov Rusiyanın müxtəlif əyalətlərində yaşayan, artıq yaşa dolmuş müharibə veteranlarına da bu topluda xeyli səhifə ayırmışdır. Bu münvalla Voronej şəhər Levoberejni rayonunun Fəxri vətəndaşı, müharibə əlili, 93 yaşlı Məmməd Cəbrayılov, biologiya elmləri doktoru, professor, SSRİ-nin Fəxri ixtiraçısı, Rusiyanın əməkdar elm xadimi, uzun illərdir Borovsk şəhərində (Kaluqa vilayəti) Ümumrusiya Kənd Təsərrüfatı İnstitutunda çalışan, 90 yaşlı Əli Əliyev, pedaqogika elmləri doktoru, professor, Moskvada yaşayan, Rusiya Təhsil Akademiyasının müxbir-üzvü , Beynəlxalq Təhsil Tarixçiləri Komitəsinin üzvü, 90 yaşlı Qədriyə Səlimova, Moskvada yaşayan, uzun illər trolleybus sürücüsü işləmiş, 89 yaşlı Müseyib Əliyev kimi müharibə veteranlarını səfərləri zamanı axtarıb tapmış və bu topluda onların hər birinə dair ayrıca oçerk vermişdir.

2011-ci ildə birinci, ikinci və 2013 cü ildə üçüncü nəşrləri işıq üzü görmüş "Odlar Yurdunun övladları Rusiya tarixində" ensiklopedik kitabında R.Məmmədovun əvvəlki kitablarında getmiş materialların əksəriyyəti sistemləşdirilmiş və son illərdə etdiyi səfərləri zamanı topladığı məlumatlar da əlavə edilmişdir. Rusiyanın 100-ə yaxın şəhərində fəaliyyət göstərən, yaxud vaxtilə orada çalışmış, lakin əbədiyyata qovuşmuş alimlər, dövlət xadimləri, deputatlar, iqtisadiyyatın ən müxtəlif sahələrində çalışan mütəxəssislər, hərbçilər, polislər, diaspor icmaları, onların mətbu orqanları, rəhbərləri, fəalları, bir sözlə Rusiyanın ən ucqar bölgələrində çoxdan və yenicə yaranmış Azərbaycan mədəniyyət mərkəzləri, ən uzaq diyarlarında uzun illər boyu yaşayan və əmək cəbhəsində uğurlara nail olan fərasətli, qeyrətli, bir çox çətinlikləri dəf etməyi bacaran həmvətənlərimiz-700-dən çox adamın hər birinə dair ayrıca portret-oçerk yazılmışdır. Bir məsələni qeyd etməyə bilmirəm. Belə ki, həmin kitabın birinci nəşri əslində iki cilddə çıxmalı idi, lakin müxtəlif səbəblərdən müəllif kiçik şriftlə 496 səhifədən ibarət toplunu nəşr etdirməklə əsas məqsədinə nail olmuşdur. Və sevindirici haldır ki, bu gün həmin ensiklopedik kitab Rusiyanın Dövlət kitabxanasında və əyalət kitabxanalarında, diaspor icmalarımızda, əlbəttə, öz ölkəmizin də əksər kitabxanalarında, mərkəzi kitab mağazalarında oxucuların istifadəsinə təqdim olunmuşdur.

İndi keçək əsas məsələyə. Müəllif həmin, azacıq hissəsini sizlərə təqdim edəcəyim məlumatları zərrə-zərrə, iynəylə gor qazaraq canlı toplamışdır. Götürək sahəsi bir milyon 435,2 min kvadrat kilometr olan Tümen vilayətini. Onun tərkibində Xantı-Mansiysk və Yamalo-Nenetsk muxtar dairələri də yerləşir. O, bu vilayəti piyada, avtobusla, gəmiylə, qatarla qarış-qarış gəzərək 17 şəhərində dayanmış, araşdırmalar aparmışdır.

Tümen şəhərində Fizuli Burcuyev böyük bir müəssisəyə rəhbərlik edir və burdakı həmyerlilərimizin ağsaqqalı sayılır, yerli dövlət orqanları və ictimai təşkilatlarla qarşılıqlı hörmət və etimad, müstəqil əlaqələr yarada bilmişdir. O, Ümumrusiya Azərbaycan Konqresinin Tümen bölgəsi üzrə sədri kimi burdakı qabaqcıl soydaşlarımızı ətrafına toplamış, milli və dövlət bayramlarımızın keçirilməsini, adət-ənənələrimizin qürbətdə yaşamasını təşkil edə bilmişdir. Fizuli Musa oğlu insanlar arasinda xeyirxah adam kimi tanınmışdır. O, mütəmadi olaraq aztəminatlılara, tələbələrə, xəstələrin müalicəsinə, kitab, qəzet nəşrinə maddi vəsait ayırır. Uzun illərdir bu şəhərdə yaşayan, təhsil alan və fəaliyyət göstərən Şakir Nəsirov elmə böyük həvəsi, insanlara xoş, qardaşlıq münasibəti, ictimai işlərdə fəallığı ilə böyük hörmət və etimad qazanmışdır. O, Tümen Dövlət Universitetinin(TDU) tarix fakultəsini, Moskva Menecerlər Məktəbini, TDU-nin Dövlət və Hüquq İnstitutunu bitirmiş, TDU-nin Tarix və Siyasi Elmlər İnstitutunun Politologiya kafedrasında aspiranturada oxumuş, artıq namizədlik minimumlarını müdafiə etmişdir. Onun haqqında təqdim olunmuş oçerkdə, unutqanlığı sevməyən Şakir Əlihüseyn oğlunun müəllimləri haqqında fəxrlə, məhəbbətlə söylədiyi xatirələri də öz əksini tapmışdır.

Kitabda Tümen vilayətinin sonrakı şəhərlərindəki həmyerlilərimizə dair yazılarda onlarla alimə, fəxri neftçiyə, deputata, polis əməkdaşına rast gəlirik. Məsələn, Nijnevartovskda Aleksandr Məhərrəmov (1931-1988) 25 il ərzində fəhlə kimi Şəhər Sovetinin deputatı olmuşdur, Nazir Eldarov (1949-2005) böyük bir müəssisəyə rəhbərlik etmişdir, fizika-riyaziyyat elmləri doktoru, professor Xubəli Əzizov şəhər ali məktəblərindən birində kafedra müdiridir, fəhlə Tahir Bağırov burda fəal ictimaiyyətçi və azərbaycançılığın böyük təbliğatçısı kimi tanınmışdır, Dadaş Dadaşov uzun illər neft müəssisələrində çalışaraq Fəxri neftçi adına layiq görülmüşdür, texnika elmləri namizədi Mahir Şərifov Elmi-Tədqiqat İnstitutunun baş direktorudur, onun xeyriyyəçilik əməlləri dillərdə gəzir, tələbələrə, aztəminatlılara, kitab nəşrinə maddi dəstək verir, Yusif Əsgərov, fəal ictimaiyyətçi, Azərbaycan Ağsaqqallar Şurasının Nijnevartovsk filialını yaradaraq burdakı həmyerlilərimizi bir araya toplaya bilmişdir, Tyanşan Həsənov 30 ildən artıq şəhər polisində çalışaraq onlarla ağır cinayətlərin açılmasında iştirak etmiş, azğın cinayətkarları təhlükəsizləşdirmişdir.

Pıt-Yax şəhərində şair Knyaz Qoçaq (Qurbanov) uzun illərdir yazıb yaradır, çoxlu bədii əsərlərin müəllifi olmaqla yanaşı rus yazıçılarını da doğma dilimizə çevirir, ədəbiyyatımızı Rusiyanın mərkəzi qəzet və jurnalları vasitəsilə təbliğ edir. O, "Ədəbi əlaqələrimiz" adlı məqaləsində Sibir oxucularına Azərbaycan yazıçıları və şairləri Rüstəm İbrahimbəyovun, Cəmil Əlibəyovun, Fikrət Sadığın, Mənsur Vəkilovun, Səyavuş Sərxanlının yaradıcılığından söhbət açmışdır. Puşkinin 200 illik yubileyi münasibətilə "Puşkin Nizaminin doğma dilində" yazısı ilə "Tümenskaya pravda" qəzetində çıxış etmişdi. Knyaz müəllim "Novaya severnaya qazeta" nın şöbə müdiri, Pıt-Yax şəhərinin Fəxri vətəndaşıdır.

Həmyerlilərimiz bir neçə il öncə Noyabrsk şəhərində Cəmil Canıyevin sədr seçildiyi "Ümid" adlı milli-mədəni muxtariyyat yaradaraq orada mill-ənənələrimizi yaşadır, yeri gəldikdə soydaşlarımızın hüquqlarını müdafiə edirlər. Bu şəhərdə polis podpolkovniki Nəbi Bayramovun adı hamıya tanışdır. O, ən təhlükəli cinayətkarları ustalıqla yaxaladığına və xidmətini həmişə nümunəvi yerinə yetirdiyinə görə çoxlu medallara və başqa təltiflərə layiq görülmüşdür.

Nefteyuqansk şəhərində "Odlar Yurdu" adlı Azərbaycan milli-mədəni mərkəzinə rəhbərlik edən Məmməd Şirinov həm də Yedinaya Rossiya partiyası Nefteyuqansk bölməsi Siyasi Şurasının üzvüdür. Onun fəallığını, təşkilatçılıq qabiliyyətini nəzərə alaraq bir neçə il əvvəl şəhər Dumasına deputatlığa namizədliyini qeydə almışdılar. 1985-ci ildə Meqion şəhərində milis bölmə komandiri, serjant olaraq insanların həyatını xilas etmək naminə uç təhlükəli cinayətkarı məhv etmiş Sahib Məmmədov indi Nefteyuqansk polisində İstintaq bölməsinin rəisi, ədliyyə polkovnikidir.

Xantı-Mansiysk şəhərində yaşayan və uzun illərdir burda çalışan Dilqəm Məmmədov və Valeh Adıgözəlbəyov haqqında da Ramin Məmmədov hörmət və qayğilə yazır. D.Məmmədov böyük bir tikinti müəssisəsinə rəhbərlik edir, öz təşkilatını qabaqcıllar sırasına çıxarmaqla o, bölgədə tanınan rəhbərlərdən birinə çevrilmişdir. V.Adıgözəlbəyov, Tümen Dövlət Memarlıq və Tikinti Akademiyasının məzunu, bu şəhərdə bir çox məsul və rəhbər vəzifələrdə bacarığını göstərmiş, artıq 12 ildir "Birlik" adlı Azərbaycan mədəniyyət mərkəzinə rəhbərlik edir. Eyniadlı qəzet nəşr etdirməklə V.Adıgözəlbəyov mədəniyyətimizi, onun nümayəndələrini, Odlar Yurduna dair həqiqətləri uzaq Sibir ellərində oxuculara çatdırır. Onlar hər ikisi – D.Məmmədov da, V.Adıgözəlbəyov da yeri gəldikcə həmvətənlərimizə lazımi dəstək verirlər.

Poykovski şəhərində və ətraf yaşayış məntəqələrində Nefteyuqansk Rayon Dumasının deputatı Ramiz İbrahimovu və "Azərbaycan diasporu-Xəzər" milli icmasının sədri Nurəddin Əliyevi tanımayan az adam olar. Bu adamlar uzun illərdir həmin şəhərdə yaşayır və işləyirlər. Təkcə özləri üçün yox, eləcə də orada yaşayan həmyerlilərimizin əminamanlığı üçün əllərindən gələn yaxşı əməlləri əsirgəmirlər.

Nyaqan Şəhər Dumasının deputatları Şuriya Əsədov və Boris Nuriyev, Radujnı Şəhər Dumasının deputatı Bağban Ağayev, Radujnı Uşaq-Gənclər idman məktəbinin direktoru, Rusiyanın Əməkdar bədən tərbiyəsi işçisi Allahverdi Məhərrəmov, Uray şəhərində tikinti müəssisəsinə rəhbərlik edən, Rusiyanın Fəxri inşaat işçisi Rüstəm Eminəliyev, Sovetski şəhərində "Mənzil" fondunun direktoru, ali məktəb müəllimi, burdakı "Kaspi" adlı Azərbaycan milli icmasının sədri Aley Aslanov, Fyodorovski qəsəbəsində xidmət edən daxili xidmət podpolkovniki Əmrah Yusifov, Koqalımda "Qardaşlıq" diaspor cəmiyyətinin rəhbəri Nurəddin Rəsulov, ağsaqqal həkim Nəbi Göyüşov, iki dəfə Fəxri neftçi adına layiq görülmüş Əmrah Cəbrayılov, Surqutda gənc alim Ziyafət Əliyev, Pokaçi şəhər polisinin baş müstəntiqi, ədliyyə mayoru, hüquq elmləri namizədi Çingiz Bağırov, həmin şöbənin, yol-patrul xidmətinin praporşiki, xidməti borcunu yerinə yetirərkən Çeçenistanda döyüş bölgəsində həlak olmuş Fədad Quliyev və onlarla başqalarına dair yazılar "Odlar Yurdunun övladları Rusiya tarixində" kitabında getmişdir.

Bu topluda hələ XIX əsrdə Sankt-Peterburqda fəaliyyət göstərmiş M.F.Axundov, Əlimərdanbəy Topçubaşov, Mirzə Kazımbəy, İsasultan Şahtaxtinski, Məhəmmədağa Şahtaxtinski, Əbülfət Şahtaxtinski və müasirlərimiz – Sankt –Peterburqda məskunlaşmış alimlər Əfrasiyəb Vəkilov, Şəmsəddin İsmayılov, Nazim Qarayev, Fəhəm Kəsəmənli, Aza Rəhmanova, Azad Abışev, Rahib Abbasov... cəmisi 60 nəfər haqqında məqalələr yer almışdır.

Nijni Novqorodda Vidadi Abbasov Azərbaycan diaspor təşkilatına rəhbərlik etməklə burda azərbaycançılığı təbliğ edən "Azərros v Nijnem Novqorode" adlı qəzet də nəşr etdirir, tez-tez telekanallarda öz sözünü deyir, haqımızda çıxan kitabların geniş təqdimatını təşkil edir.

Yaroslavlda soydaşlarımızı birləşdirən təşkilata rəhbərlik edən, icma üzvlərilə birgə kimya elmləri doktoru, professor, Paris tarix, elm və fəlsəfə Akademiyasının ekstra-ordinar üzvü Yusif Musabəyovun şəhər Fəxri xiyabanında yerləşən məzarını ziyarətgaha çevirmiş Asman Hüseynov mütəmadi olaraq geniş iclaslar, görüşlər keçirir və bu tədbirlərə ətraf bölgələrdəki diaspor rəhbərlərini, fəallarını cəlb edir. Bir təcrübəli diaspor rəhbəri kimi, bu bölgədə Asman İsbəndiyar oğlu həmyerlilərimizin baş vermiş problemlərinin həllinə nail ola bilir.

Kirov şəhərində hər cürə xoş sözlərə layiq fəaliyyət göstərən 34 yaşlı Elnur Hüseynova və AMOR-un burdakı yerli təşkilatına rəhbərlik edən 30 yaşlı Qafur Cəlilova həsr edilmiş yazılardan bəlli olur ki, onlar yerli hakimiyyət orqanlarının və digər milli icmaların nümayəndələrini də cəlb etməklə keçirdikləri tədbirlərdə azərbaycançılığa dair xeyli kitab və qəzet nümunələri də yayırlar. Çıxışlar edərək Azərbaycan-Qarabağ həqiqətlərini ustalıqla ictimaiyyətə çatdırır, eləcə də dostluq münasibətlərinin inkişafına yetərincə diqqət ayırırlar.

Çeboksarıda ÜAK-ın Privoljsk bölgə Şurası sədrinin, böyük müəssisə rəhbəri Elşad Həsənovun maddi dəstəyi və təşkilatçılığı ilə dahi Nizami Gəncəviyə abidə ucaldılmışdır.

Kitabda Yekaterinburq, Kurqan, Ulyanovsk, Kazan, Ufa, Şaxtı, Taqanroq, Anapa, Novorossiysk, Krımsk, Xolmsk, Krasnodar, İjevsk, Mıski və onlarla başqa şəhərlərdəki alim, dövlət işçisi, iş adamı soydaşlarımıza və diaspor icmalarımıza dair kifayət qədər yazıları oxumaq olar.

Qeydlərimi yekunlaşdırmaq fikrindəyəm, yəqin haqlı olaraq, yenə Ramin Məmmədovun iş dəftərlərindən birində rast gəldiyim dahilərin dediklərindən, bu dəfə XVII əsr fransız yazıçısı Jan de Labruyerin sözləri yadıma düşür: "Çox az adam var ki, başqalarının cəmiyyət qarşısındakı xidmətlərini yetərincə qiymətləndirir. İnsanların başı özlərinə - öz istək və məqsədlərinə o qədər qarışıb ki, başqalarına baxıb, onların xidmətlərini layiqincə qiymətləndirməyə vaxtları çatmır.

Bu səbəbdən də təvazökar adamın cəmiyyət qarşısında nə qədər xidmətləri olsa da, adətən kölgədə qalmış olur. Çünki öz xidmətlərini zorla başqalarının diqqətinə çatdırmağı sevmir".

Bizim xoşbəxtliyimizdir ki, cəmiyyətimizdə bşqasının işinə diqqət yetirən və qiymət verən insanlar var. Belə adamlardan təkcə ikisinin fikirlərini diqqətinizə çatdırmaqla kifayətlənirəm, hörmətli oxucular.

AMEA-nın akademiki Teymur Bünyadov "Odlar Yurdunun övladları Rusiya tarixində" toplusunun üçüncü nəşrinə yazdığı "Kitablar xalqlar dostluğunun salnaməsidir" adlı yazısında Ramin Məmmədovun kitablarının ölkələrimiz arasında isti münasibətlərin inkişafına kömək edəcəyinə əmin olduğunu vurğulayır. Filologiya elmləri doktoru Abid Tahirli 2013-cü ildə işıq üzü görmüş "Məktəb: tariximiz, taleyimiz" adlı 450 səhifəlik monoqrafiyasının Qəbələli alimlərə, yazarlara, başqa öncullərə həsr etdiyi fəslində Ramin Məmmədovun yaradıcılığına dair qeydlərində yazır: "...Ramin ziya aşiqidir, ziyalı vurğunudur. Əvvəlcə, Qəbələ ziyalılarını aradı, axtardı, onlar haqqında kitablar yazdı. Sonra Rusiya Federasiyasının saymaqla bitməyən şəhərlərinə üz tutdu: həmyerlilərini soraqladı, onlarla tanış oldu, Vətənə və millətə baş ucalığı gətirənləri vəsf etdi. Onlar barədə nə az, nə çox - 20-dən çox kitab yazıb nəşr etdirdi. Ramin qəlbinin səsi ilə, könüllü şəkildə bu missiyanı – taleyin hökmü ilə qərib diyarlara səpələnmiş azərbaycanlılar barədə yazmağı öz üzərinə götürmüş və əslində bir böyük təşkilatın görə biləcəyi və yaxud görməyə borclu olduğu işin, vəzifənin öhdəsindən təkbaşına gəlmişdir. O, yenə iş başında, səfərdədir, görüşlərdədir. Yenə qələminə, məsləyinə sadiqdir. Yazır, yaradır."

Mənsə deyilənlərə ancaq onu əlavə edə bilərəm ki, Ramin bu qiymətli missiyasını davam etdirməklə yanaşı hazırda "Rusiyada Azərbaycan mühacirət ədəbiyyatı və mətbuatı" adlı və başqa elmi əsərlər üzərində çalışır. Bu yolda ona uğurlar diləyirik.