Azercell yenidən beynəlxalq uyğunluq sertifikatına layiq görüldü

24 İyun 2014 17:52 (UTC+04:00)

Azercell Telekom MMC-nin keyfiyyətli fəaliyyəti, xidmətin yüksək səviyyədə təşkili növbəti dəfə beynəlxalq səviyyədə öz təsdiqini tapıb - Azərbaycanın aparıcı mobil operatoru keyfiyyətin idarəolunması standartı üzrə İSO 10002:2004 sertifikatını alıb. İSO 10002:2004 standartı keyfiyyətin idarəolunması, müştəri məmnuniyyəti, təşkilatlarda şikayətlərlə iş üzrə şirkətin fəaliyyətinə görə təqdim olunur. Bu beynəlxalq standart bütün növ kommersiya və ya qeyri-kommersiya fəaliyyətləri, o cümlədən elektron kommersiya fəaliyyətləri üçün şikayətlərin effektiv və səmərəli şəkildə idarə olunmasının planlaşdırılması və həyata keçirilməsi üzrə göstərişləri müəyyən edir. Azercell Telekom MMC-nin məhz müştərilərlə iş sahəsində fəaliyyətinin qiymətləndirilməsi təsadüf deyil. Azercell müştəri şikayətlərini bir təkmilləşdirmə fürsəti olaraq görür, şikayətlərin idarəedilməsi zamanı məxfilik, düzgünlük, tərəfsizlik, onların mümkün qədər tez həll edilməsi prinsiplərinə üstünlük verir. Həmçinin, şikayətləri səmərəli həll etmək ilə yanaşı müştəri məmnuniyyətinin artırılmasını hədəfləyir. Bu sertifikat keyfiyyətli idarəetmə sisteminin Azercell-in öz fəaliyyətində tətbiqi, abunəçilərlə aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisidir. ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib. Azercell Telekom MMC 2011-ci ilin martında sertifikatlaşdırma auditindən uğurla keçərək ISO 10002:2004 Standartına uyğunluq sertifikatını qazanmışdı.  Bu il martın 14-də isə Azercell təkrar sertifikasiya üçün auditdən uğurla keçərək uyğunluq sertifikatını yeniləyib. Büro Veritas Azeri MMC tərəfindən aparılan auditin nəticəsi kimi əldə edilən sertifikat 25 aprel 2014-cü il tarixindən 24 aprel 2017-ci il tarixinədək qüvvədədir. Sertifikat Azercell Telekom MMC-nin öz işini yüksək standartlar çərçivəsində quran və inkişaf etdirən şirkət olduğunu bir daha sübut edir.