Apteklərdə reseptsiz dərman satışına qadağa qoyulacaq?!

25 İyun 2014 16:25 (UTC+04:00)

Son dövrlərdə Azərbaycada dərmandan zəhərlənmə halları ilə bağlı yayılan xəbərlər yenidən çoxalıb.  Hesab edilir ki, bu zəhərlənmə faktlarının artmasında apteklərdə reseptsiz dərman satışının da müəyyən rolu var. Çünki istəyən şəxs gedib aptekdən az qala istədiyi hər dərmanı ala bilir. Bəzən insanlar həkimə müraciət eləmədən hansı dərmanı qəbul edəcəklərinə özləri qərar verirlər. Nəticədə bilmədən yanlış dərman qəbul etməklə öz sağlamlıqlarına zərər verə bilirlər. Bu hallara qarşı mübarizə metodu kimi bir çox dünya ölkələri apteklərdə reseptsiz dərman satışına qadağa qoyulub. Azərbaycanda da bu məsələ gündəmdədir. 

Həkim-terapevt Şəmsiyyə Namazova bu təcrübədən Azərbaycanda da istifadəni zəruri sayır. O, Movqe.az saytına açıqlamasında yanlış dərman qəbulunun orqanizmdə yarada biləcəyi fəsadlardan danışıb: "Elə dərmanlar var ki, reseptsiz verilə bilər. Məsələn, kiminsə başı ağrıyır, gedib aptekdən sadə ağrıkəsici dərman alır. Amma əslində, bu da doğru deyil. Çünki, adi baş ağrısı çox müxtəlif səbəblərdən ola bilir. Bəlkə xəstənin qan təzyiqi artıb, ya  beyin daxili təzyiqi var? Kor-koranə şəkildə müraciət edir ki, mənə başağrı dərmanı verin. Elə də olur ki, xəstə özü-özünə diaqnoz qoyur. Deyir ki, tutaq ki, mədəm ağrıyır. Əslində, problem  mədədə yox, mədəaltı vəzidə ola bilər. Yaxud ola bilər ki, mədədə xora, ciddi qanaxma və s. ola bilər. Amma o ,sadəcə, ağrıkəsici içir. Bu dərman şəxsin o halına uyğun deyil. Xəstə həmin dərmanı qəbul etməli deyil. Qəbul etdiyi  təqdirdə başqa bir fəsadla qarşılaşa bilər. Buna görə istər uşaq olsun, istər böyük, ən kiçik problem üçün belə həkimə müraciət etməlidir. Onun təyin etdiyi dərmanları qəbul etməlidir. Məsələn, ABŞ-da reseptsiz heç bir dərman preparatının satışına icazə verilmir. Bizdə də belə olmalıdır". 

Həkimin sözlərinə görə, bəzən apteklərdə son istifadə tarixinə az müddət qalmış dərmanlar xəstələrə verilir: "Xəstə də tarixə fikir vermədən dərmanı qəbul edir ki, nəticədə əks reaksiya baş verir. Yaxud ola bilir ki, dərman düzgün şəraitdə, tempraturda saxlanılmır.  Bəzən də olur ki, hər şey normaldır. Sadəcə, orqanizmin özünün individual xüsusiyyətləri var. Məsələn, eyni dərmanı  100 nəfər içir, yalnız 2-sində allergik reaksiya verir. Bu, orqanizmin özünə məxsus xüsusiyyətlərindən dolayı yaranan bir xüsusiyyət ola bilər". 

Şəmsiyyə Namazova reseptsiz dərman satışına qadağa qoyulmasının bu kimi halların qarşısını ciddi şəkildə ala biləcəyini düşünür: "Ümumiyyətlə, hansı vəziyyətdə olursa olsun, həkim təyinatı olsa, dərmanlar reseptlə verilsə  daha yaxşı olar. Fəsadların qarşısı alınar. Bəzən toksiki hallar baş verir, həkimə müraciət edirlər. Həkim soruşanda ki, xəstə hansı dərmanlar qəbul edib, onda heç özü nə qəbul etdiyini bilmir. Toksikologiyada elə müalicə üsulları var ki, hansısa dərmandan zəhərlənəndə o dərmanın təsirini neytrallaşdıran preparatlar verilir. Həkim də hansı dərmanın qəbul edildiyini bilməsə, onda müalicə necə həyata keçirilsin? Yaxud heç aptekə də getmirlər, qonşudan bir tabletka alır, içirlər. Soruşanda da, deyirlər ki, adını bilmirəm, göy rəng idi, ya yaşıl idi, balaca idi, ya böyük və s. Belə hallara qarşı apteklərdə reseptsiz dərman satışına qadağa qoyulsa, məqsədəuyğun olardı".  

Həkim-kardioloq Rasif Bağırov da məsələ ilə bağlı münasibətini bildirdi. O, əhalinin həkimə getmədən reseptsiz şəkildə aptekdən dərman almağa daha çox üstünlük verməsini iqtisadi amillərlə əlaqələndirir. Lakin ən kiçik problemdə belə yalnız  həkim təyinatı ilə dərman qəbulunu zəruri sayır: "Əgər  Səhiyyə Nazirliyi qadağa eləsə ki, apteklərdə reseptsiz dərman satılmasın,  bu, müsbət addım olardı. Belə olanda insanlar daha çox həkimə müraciət edərlər. Çox vaxt xəstələr gedib aptek işçilərindən kor-koranə şəkildə dərmanlar istəyirlər. Tutaq ki, deyir, başım ağrıyır, ağrıkəsici verin. Bu zaman elə olur ki, satılmayan dərmanlar verilir xəstələrə. Bu adamlar da alır, həqiqətən ona lazım olub-olmadığını bilmədən qəbul edir. Belə hallar əslində, nəinki qadağan olunmalı, hətta deyərdim ki, cinayət işi sayılmalıdır. Bəlkə bu adam bu dərmanı içib öləcək? Bəlkə də müraciət edən insanın elə bir xəstəliyi var ki, bu dərmanı qəbul etməməlidir? Əgər dərmana görə hansısa fəsad yaşansa, bunun arxasında heç kim dayana bilməyəcək. İndi insanların bəziləri fikirləşirlər ki, həkimə getmək də filan qədər xərc tələb edir. Ya da dövlət xəstəxanasına gedim, o dərman yazsın, aptekə gedim, alım və s. Bütün bunları gözü önünə gətirir, düşünür ki, elə ondansa, gedim ən yaxın aptekdən bir ağrıkəsici alım, bəlkə bununla keçər. Beləliklə, həm tənbəllik, həm də iqtisadi amil nəticəsində vətəndaş gedib aptekə girir, kor-koranə dərman alır. Bunun da nəticəsində sonradan fəsadlar yaşana bilir. Belə problemlər çox olur.  Əksər dünya ölkələrində bu hallara qarşı reseptsiz dərman satışın aqadağa qoyulması ilə mübarizə aparılır.  Bizdə də bu tətbiq olunmalıdır. Çünki xəstənin taleyinin arxasında kimsə dayanmalıdır".