Suraxanıda “Dövlət qulluqçularının peşə bayramı günü” qeyd edildi

25 İyun 2014 17:10 (UTC+04:00)

23 iyun 2014-cü il tarixdə Suraxanı rayonunda "Dövlət qulluqçularının peşə bayramı günü" qeyd edilmişdir. Tədbirdə Suraxanı rayonunda çalışan dövlət qulluqçuları iştirak etmişdir.

Suraxanı rayonunda çalışan dövlət qulluqçuları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər və abidənin önünə tər güllər qoydular. Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında keçirildi. 

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, ölkəmizin dövlət qulluqçuları artıq 8-ci ildir ki, özlərinin peşə bayramını qeyd edirlər. 

2000-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı "Dövlət qulluğu haqqında" Qanun əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilmiş həmin peşə bayramı bu mühüm sahədə çalışan şəxslərə hər il böyük sevinc bəxş etməklə yanaşı, həm də dövlət qulluqçularının bütün xalq qarşısında mənəvi hesabatına çevrilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki, müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasi və iqtisadi əsaslarını yaratmış Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti xalqa fədakarcasına xidmət nümunəsi olmuş və daim nümunə olaraq qalacaqdır. Heydər Əliyevin bütün insani keyfiyyətləri etalon sayıldığı kimi, idarəçilik sahəsində fəaliyyəti də dövlət qulluqçusunu səciyyələndirən ən yüksək meyardır.

Rayon rəhbəri öz çıxışında xüsusi vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri olan keyfiyyətləri Ulu Öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün yaşadılır və böyük bacarıqla davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür. 

"Biz xalq üçün çalışırıq, xalq üçün yaşayırıq və işləyirik" prinsipini əsas fəaliyyət kredosu kimi qəbul edən, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu öz praktiki işləri ilə sübut edən cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin, xüsusilə, son 11 ilə yaxın  dövrdə qazandığı nailiyyətlər bütün dünyanı heyrətə gətirir.

 Dərindən düşünülmüş və elmi cəhətdən əsaslandırılmış proqramların hazırlanması və icrasına başlanması, Azərbaycanın yüksək iqtisadi sıçrayışına və stabil inkişafına etibarlı zəmin yaradan nəhəng quruculuq işləri hər bir Azərbaycan vətəndaşında qürur doğurur. Bu gün ölkədə böyük layihələr həyata keçirilir, böyük işlər görülür. 

İlqar Abbasov qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyevin 2012-ci il 06 iyun tarixli fərmanı ilə "Yerli icra hakimiyyətləri haqqında əsasnamə" təsdiq edilmişdir. Bu orqanların səlahiyyətləri daha da genişləndirilmiş, onların üzərinə daha böyük vəzifələr qoyulmuş, həmçinin cavabdehliyi artırılmışdır.

Dövlət qulluğunun təkmilləşdirilməsinin və yeniləşdirilməsinin əsas məqsədi son nəticədə ölkə vətəndaşlarının həyat səviyyəsini yüksəltmək, bütün insanların normal yaşayışını və sosial rifahını təmin etməkdir.

Azərbaycan Respublikası Prezidentinin mövqeyi hər bir dövlət qulluqçusu üçün örnək olmalı və onun irəli sürdüyü vəzifələr qeyd-şərtsiz yerinə yetirilməlidir.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov və digər çıxış edənlər xüsusi vurğulamışlar ki, Suraxanı rayonunda çalışan dövlət qulluqçuları təmsil etdikləri dövlət orqanının etimadını, öz şərəf və ləyaqətlərini, ən başlıcası, hər bir vətəndaşın onlara bəslədikləri ümidləri tam doğruldacaqlar. 

Tədbirdə dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə rayonun bir qrup dövlət qulluqçusuna Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim edildi.