Qızıl bazarında yenidən qiymətlər artmağa başladı

27 İyun 2014 10:50 (UTC+04:00)

Son dövrlərdə dünya bazarlarında qızılın qiymətinin yenidən artması müşahidə olunur. Belə ki, İraqda gərginliyin davam etməsi və qısamüddətli faiz dərəcələrinin daimi olması haqqında ABŞ Mərkəzi Bankının rəhbəri Janet Yellenin açıqlaması fonunda qızıl üzrə qiymətlər 1300 dollar səviyyəsinə yüksəlib. Bu isə digər ölkələrlə yanaşı, Azərbaycana da təsirsiz ötüşməyəcək. Belə ki, ilk növbədə qızıl-zinət əşyalarının bahalaşması gözlənir ki, artıq bu proses başlanıb. . 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Mövqe.az-a açıqlamasında son vaxtlar ölkəmizdə qızıl-zinət əşyalarının bahalaşmasını ümumən dünya bazarında bu məhsulların bahalaşması ilə əlaqələndirir: "Azərbaycan adətən, tədavüldə olan qır-qızılın böyük bir qismini xaricdən alıb ölkəyə gətirir. Bu da çox vaxt ərəb ölkələri, İtaliya və Rusiya, Türkiyə kimi ölkələr olur. Təbii ki, dünya bazarlarında qızılın qiymətinin qalxması və bu ölkələrin də daxili bazarlarının dünya bazarlarından təsirlənərək qiymətlərinin formalaşdırması nəticəsində Azərbaycana daxil olan qızıl məhsullarının, zinət əşyalarının da bahalaşmasına gətirib çıxarır. Eyni zamanda xammalın qiymətində də son dövrlərdə bahalaşma müşahidə olunmaqdadır. Çünki, bir müddət əvvəl qızılın qiymətinin xeyli aşağı düşməsi prosesi gedirdi. Bu proses  təxminən qızılın 1 unsiyasının 1250 dollara qədər ucuzlaşmasına gətirib çıxardı. Hal-hazırda isə qiymətlərin yüksəlməsi baş verir. Təxminən 2 aydır ki, bu proses gedir. Dünya bazarlarında qızıl məhsullarının qiyməti artıb". 

İqtisadçı dünya bazarında qızlın qiymətində artımda siyasi proseslərin rolu olduğunu deyir: "Qeyd edim ki, qiymətlərin bahalaşmasında əsas amillərdən biri təxminən gələcəkdə dünya iqtisadiyyatı üçün gözlənilən təhlükələr hesab olunur. İnvestorlar bu təhlükələri artıq hiss eləməkdədir. Dünyanın ən böyük iki qütbünün bir-birinə qarşı apardığı hazırki siyasət və siyasətdən doğan Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyalar vəziyyətə təsir edir. Təbii ki Rusiya böyük iqtisadiyyata malik ölkə olsa da  onun da, sanksiyaları tətbiq edən ölkələrin də iqtisadiyyatında dəyişiklik baş verməkdədir. Buna görə də bir çox mütəxəssislərin proqnozuna görə, yaxın gələcəkdə kiçik də olsa iqtisadi tənəzzül gözləniləndir. Məhz buna görə son dövrlər dünya bazarlarında qızlın qiyməti yüksəlir. Bu da təbii ki, Azərbaycana da təsir edir. Bizim bazarlarda da qiymətlərin yüksəlməsi əvvəlcədən gözlənilən bir hal idi". 

Ekpsertin sözlərinə görə, ölkəmizdə qızılın bahalaşmasıın digər səbəbi isə mövsümi amillərlə bağlıdır: "Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycanda zinət əşyalarına  tələbat mövsümi xarakter daşıyır. Bu, daha çox toyların artması ilə əlaqədardır. Belə ki, Azərbaycanda daha çox ənənəyə uyğun olaraq  toylar isti aylara, payız aylarına düşdüyü üçün adətən kənar təsirlər olmasa belə, ölkənin daxili tələbatından doğan səbəblərdən yaz-payız aylarında qızılın bahalaşması hiss olunur". 

Rəşad Həsənov yaxın gələcək üçün ucuzlaşmanın da gözlənilən olduğunu bildridi: "Lakin yaxın gələcək üçün, nəzərə alanda ki, Ramazan ayında Azərbaycanda toy olmur, ondan sonra da Məhərrəmlik ayı gəlir, bu aylarda artıq qızılın bir qədər ucuzlaşması müşahidə olunacaq".  

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də bahalaşmanı dünya bazarındakı vəziyyətlə əlaqələndirdi: "Ümumiyyətlə, dünyada regional konfliktlər çoxaldığı, müharibə təhlükələri artdığı zaman bu, istər-istəməz qızılın qiymətinə də təsir göstərir. Ona görə, son dövrlərdə beynəlxalq səviyyədə siyasi əsasda baş verən münaqişələr, iqtisadi əsasda baş verən böhran qızlın qiymətinin bahalaşmasına təsir göstərib ki, bu təsir Azərbaycanda da müşahidə olunmaqdadır".