Bakı-Gəncə avtobusunda sərnişinləri qorxudan şəxsin kimliyi bilindi
25 İyun 2014 19:05 (UTC+04:00)
Ötən gün Bakı-Gəncə istiqamətdə hərəkətdə olan
sərnişin avtobusunda insanları təşvişə salan şəxsin kimliyi məlum
olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis
müavini Ehsan Zahidovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə
barədə məlumat daxil olan kimi, Gəncə şəhər Baş Polis İdarəsinn
əməkdaşları sərnişinləri qorxudan şəxsin kimliyini müəyyən etmək
üçün dərhal müvafiq tədbirlərə başlanılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində
məlum olub ki, həqiqətən də, qeyd olunan vaxtda bir nəfər
sərnişinləri vahiməyə salıb. Əməliyyat zamanı həmin şəxsin kimliyi
bilinib.
Məlum olub ki, həmin şəxs Gəncə şəhər sakini, ruhi
xəstəlikdən əziyyət çəkən 1986-cı il təvəllüdlü Anar Məmmədovdur.
Polis əməkdaşları dərhal həmin şəxsin yaşadığı ünvanda olaraq,
onunla görüşüblər. Polis əməkdaşları həqiqətən də, həmin şəxsin
davranışlarında müəyyən problemlər olduğunu
aşkarlayıblar.
Bundan başqa, o da aydınlaşıb ki, A.Məmmədov uzun
müddətdir Gəncə şəhər əsəb dispanserliyində müalicə
olunur.
Həmçinin araşdırmalar zamanı o da müəyyən olunub
ki, əslində Anar Məmmədov avtobusda qəfildən ayağa duraraq
insanlara məsləhət verməyə başlayıb. O, bəzi qida məhsullarının
insan orqanizmi üçün təhlükəli olduğunu bildirib və məsləhətlər
verib. Onun qeyri-müəyyən davranışları insanları qorxudub. Lakin
onun əlində bıçaq, yaxud da, hansısa kəsici alət olmayıb. Bu barədə
avtobus sürücüsü də izahatında bildirib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Araşdırmaların nəticəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş
qaydada qərar qəbul olunacaq.