Azərbaycanda yaxın günlərdə Silahlı Qüvvələrin irimiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək

25 İyun 2014 23:18 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin yaxın günlərdə irimiqyaslı birgə əməliyyat-taktiki təlimlərinin keçirilməsi planlaşdırılır. Trend xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzərTAc-a müsahibəsində deyib.

Nazir bildirib ki, döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrin cəbhə bölgəsində yerləşən birlik və birləşmələrində, Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunda genişmiqyaslı hərbi təlimlər keçirilib.

Onun sözlərinə görə, təlimlərdə hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılıb, döyüş texnikalarının, həmçinin müasir silahların tətbiqi imkanları öyrənilmiş, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, eyni zamanda, döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetirilib.

Təlimlər zamanı tank, piyadaların döyüş maşınları, raket, artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, aviasiya, hava hücumundan müdafiə sistemləri, xüsusi təyinatlı bölmələr isə birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.

Müxtəlif səviyyələrdə keçirilən bu təlimlərdə iştirak edən qüvvələrin döyüş hazırlığı və səhra bacarıqları yoxlanılır, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən onların əldə etdiyi nailiyyətlər qiymətləndirilir.