Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 96 il
ötür. Movqe.az-ın məlumatına görə, Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk
hərbi hissə - əlahiddə korpus yaranıb. Bunun ardınca orduya çağırış
haqqında fərman verilib. Həmin il avqustun 1-də Hərbi
Nazirlik təsis edilib və Xosrov bəy Sultanov hərbi nazir təyin
olunub. 1918-ci il dekabrın 25-də isə peşəkar hərbçi, çar ordusunda
şərəfli yol keçmiş general Səməd bəy Mehmandarov hərbi nazir,
general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov
isə Bağ Qərargah rəisi təyin ediliblər. Qısa müddətdə 30 minlik
ordu formalaşdırılıb. Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam
Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını
erməni-bolşevik işğalından azad edib və sentyabrın 17-də Azərbaycan
milli hökuməti Gəncədən Bakıya köçüb. Bütün bu nailiyyətlər orduya
rəhbərlik edən yüksək rütbəli zabitlər - İbrahim ağa Usubov, Həmid
Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və
digərlərinin əməyi sayəsində əldə olunub. Azərbaycan 1920-ci ilin
aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən və Xalq
Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu
ləğv edib. Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən
güllələnib, komandirlərin böyük hissəsi repressiyaya məruz qalıb və
öldürülüb. Azərbaycan 71 ildən sonra dövlət müstəqilliyini bərpa
etdikdən sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi
yaradılıb və general-leytenant Valeh Bərşadlı nazir təyin olunub.
Həmin il oktyabrın 9-da Azərbaycan Ali Soveti "Silahlı Qüvvələrin
yaradılması haqqında" qanun qəbul edib. Bu səbəbdən 1998-ci ilədək
məhz 9 oktyabr tarixi Azərbaycan Ordusunun yaranma günü kimi qeyd
edilib. 1992-ci il oktyabrın 9-da Silahlı Qüvvələrin Ali Baş
Komandanı, prezident Əbülfəz Elçibəyin rəhbərliyi ilə Bakının
Azadlıq meydanında Azərbaycanda ilk hərbi parad keçirilib.
Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli
fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün - 26
iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur.
2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı,
prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci,
2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə
dördüncü hərbi parad olub.