Prezident: "Səbrimiz tükənir!"

27 İyun 2014 11:00 (UTC+04:00)

"Azərbaycan dövlətinin sülhsevər siyasəti bu gün sabitliyin qarantıdır".APA-nın məlumatına görə, bunu iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin  hissələrinin birgə əməliyyat-taktiki təlimlərini izlədikdən sonra hərbçilər qarşısında çıxışı zamanı Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib.Dövlət başçısının sözlərinə görə, ordu quruculuğu məsələnin həllində mühüm rol oynamalıdır: "Hazırda güclənən Azərbaycan Ordusu Ermənistan üçün böyük təhlükə mənbəyidir. Onu özləri də etiraf edirlər. Özləri də öz məğlubiyyətlərini etiraf edirlər. Çünki onların yüksək vəzifəli rəsmi şəxsləri dəfələrlə bəyan etmişlər ki, Ermənistan təhlükəsizliyini özü təmin edə bilmir. O ölkə ki öz təhlükəsizliyini təmin edə bilmir, o ölkə müstəqil ölkə sayıla bilməz. Bu etiraf əslində məğlubiyyətin etirafıdır. Bu etiraf acizliyin etirafıdır. Onlar bizim qarşımızda duruş gətirə bilmir, özləri bunu etiraf edir. Bu gün güclənən Azərbaycan Ordusu məsələnin həlli üçün ən birinci amildir. Hətta atəşkəs rejimi şəraitində bizim güclənən ordumuz erməniləri təşvişə salır. Biz hamımız yaxşı bilirik və operativ məlumat da alırıq ki, Ermənistan ordusu təşviş içindədir. Biz təmas xəttində üstünlüyü tam şəkildə əldə etmişik. Təmas xəttində vəziyyətə tam şəkildə biz nəzarət edirik. Ancaq Azərbaycan dövlətinin sülhsevər siyasəti bu gün sabitliyin qarantıdır. Heç bir kənar qüvvə bu bölgədə sabitliyin qarantı ola bilməz. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz".  

 

"Biz dəfələrlə mötəbər beynəlxalq kürsülərdən eşidirik ki, məsələ sülh yolu ilə həll olunsun. Amma məsələnin sülh yolu ilə həll olunması bizim iradəmizdən asılıdır. Biz istəyirik ki, bu, sülh yolu ilə həll edilsin. Bizim iradəmizə, siyasətimizə heç kim təsir edə bilməz. Bunu hamı bilsin. İlk növbədə Ermənistan və bu məsələ ilə məşğul olan vasitəçilər də bilsinlər ki, ancaq Azərbaycanın sülhsevər mövqeyi bu gün vəziyyəti sülh şəraitində, atəşkəs rejimində saxlaya bilər. Ancaq bizim səbrimiz tükənməz deyil", deyə dövlət başçısı qeyd edib.

 

Bu gün təmas xəttində əldə edilən üstünlüyün artıq reallıq olduğunu bildirən Ali Baş Komandan Azərbaycan cəmiyyətində, Azərbaycan Ordusunda ruh yüksəkliyi müşahidə olunduğunu qeyd edib: "Ermənistanda, Ermənistan ordusunda ruh düşkünlüyü müşahidə olunur. Əgər belə olmasaydı, təkcə birinci rübdə 40 min erməni öz ölkəsini həmişəlik tərk etməzdi. Ermənistanda ciddi demoqrafik böhran yaşanır. Bu böhranın əsas səbəbi onların işğalçı siyasətidir. Onlar hesab edirlər ki, müharibədə üstünlük əldə ediblər. Hanı bu üstünlük? Erməni xalqı səfalət içində yaşayır. Ermənistan sadəcə olaraq müstəqil ölkə kimi sayıla bilər. Amma real müstəqilliyi əldən verib. Nəyə görə? İşğalçı siyasətinə görə.

Azərbaycan isə müstəqil siyasət aparır. Azərbaycan güclənir, regionda güc mərkəzidir. Bizim iqtisadi gücümüz hərbi gücə çevrilib. Biz bundan sonra da öz hərbi imkanlarımızı artıracağıq, bundan sonra da danışıqlar masasında prinsipial mövqeyimizi gücləndirəcəyik. Bizim prinsipial mövqeyimizin əsas mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir, Azərbaycan Ordusudur, Azərbaycan əsgəridir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bunu biz bu gün də edə bilərik".

Ali Baş Komandan qeyd edib ki, bugünkü təlimlərdə göstərilən peşəkarlıq, bizim texniki imkanlarımız, cəmiyyətdə yaşanan və güclənən vətənpərvərlik ruhu istənilən anda məsələnin tezliklə, hərbi yolla həll edilməsinə şərait yaradır: "Düşmən bunu bilir və ona görə qorxu içindədir.

Biz hələ ki, danışıqlara sadiq qalacağıq. Ancaq bir daha demək istəyirəm ki, səbrimiz tükənir və Azərbaycan Ordusu hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır, buna qadirdir. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır. İşğal edilmiş torpaqlar ilk növbədə azad olunmalıdır, ondan sonra Dağlıq Qarabağ, - o da işğal edilmiş torpağımızdır, - Azərbaycan nəzarətində olmalıdır. Azərbaycan bayrağı işğal edilmiş bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə qaldırılmalıdır və qaldırılacaq. Bu, bizim əsas vəzifəmizdir. Biz bu vəzifəyə çatacağıq. Biz hər gün, hər an bu hədəfə yaxınlaşırıq. Bugünkü təlimlər bir daha onu göstərir ki, biz bu hədəfə bir addım da yaxınlaşmışıq.

Azərbaycan öz ordusuna, öz dövlətinə inanır, ordusuna və dövlətinə güvənir. Azərbaycan dövləti və Azərbaycan Ordusu öz vətəndaşlarını müdafiə edir.

Eşq olsun Azərbaycan Ordusuna!"