Neft ərazilərindəki qanunsuz tikililərlə bağlı təkliflər hazırlanır

5 İyul 2012 09:00 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) prezidentin sərəncamına uyğun olaraq neft ərazilərindəki qanunsuz tikililərlə bağlı təkliflər hazırlayır. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, təkliflər hazırlanarkən təkcə indi istismarda olan qurudakı neft yataqları yox, həm də perspektiv yataqların mövcudluğu nəzərə alınacaq.

R.Abdullayev qeyd edib ki, prezidentin sərəncamı qanunsuz tikililərlə bağlı indiyə qədər aparılan məhkəmə işlərinin dayandırılmasına səbəb olmayacaq: "Çünki indiyə qədərki bütün iddialar bu qanunsuz tikililərin hasilat zonasında yerləşməsi ilə bağlı olub. Hasilat zonasında yerləşməyən tikililərlə bağlı isə iddia qaldırılmayıb".

Rövnəq Abdullayev bildirib ki, 2019-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dünyada qəbul edilən daha yüksək ekoloji tələblərə uyğun gələn yanacağın istehsalına başlamaq niyyətindədir. Onun sözlərinə görə, hazırda şirkətin Avro-6 standartlarına cavab verən dizel yanacağının istehsalı sahəsində potensialı var. Benzinlə bağlı belə imkan yoxdur və maksimum hədd Avro-3 standartında yanacaqdır. "Daha yüksək ekoloji standartlı benzin 2019-2020-cu illərdə yeni neft-qaz emalı və neft-kimya kompleksinin tikintisindən sonra istehsal ediləcək", - Abdullayev bildirib. Dövlət Neft Şirkətinin prezidenti deyib ki, 2013-cü ilin may ayında "Şahdəniz-2" layihəsi çərçivəsində çıxarılacaq Azərbaycan qazının Avropaya nəqli üçün əsas marşrut seçiləcək. O qeyd edib ki, seçimdən sonra "Şahdəniz" konsorsiumu seçdiyi marşrutdan pay da ala biləcək. R.Abdullayevin sözlərinə görə, bu pay boru kəmərinin idarə edilməsi üçün yetərli olacaq.