Bakıda qanunsuz kazino aşkarlanıb
5 İyul 2012 11:10 (UTC+04:00)
Azərbaycan Vergilər Nazirliyinin
Vergi Auditi Departamenti vergi nəzarəti tədbirləri həyata
keçirərkən Bakı şəhərinin Səbail rayonu ərazisində Zərifə Əliyeva
küçəsi,28 ünvanda yerləşən obyektdə kompüter vasitəsilə uduşlu
oyunların keçirildiyi kazino aşkar edilib.
"APA-ECONOMICS"in məlumatına
görə, kazinoda Nizami Hüseyn oğlu Qəmbərovun fəaliyyət göstərdiyi
və onun eyni zamanda uduşlu oyunların operatoru vəzifəsini icra
etdiyi müəyyən edilib. Keçirilən nəzarət zamanı N.Qəmbərovun əhali
ilə pul hesablaşmalarının aparılması qaydalarına əməl etmədiyi
müəyyən olunaraq müvafiq sənədləşmələr aparılıb. Tədbir zamanı
maddi sübut kimi əhəmiyyət kəsb edən və qanunsuz əldə olunan
gəlirlər barədə məlumat daşıyıcısı olduğu ehtimal edilən 6 kompüter
prosessoru aşkar edilərək götürülüb. Hazırda qanunsuz oyunların
təşkilatçılarının dəqiqliklə müəyyən edilməsi, əldə olunan
gəlirlərin həcminin dəqiqləşdirilməsi və vergi qanunvericiliyinin
tələblərinin tətbiqi istiqamətində araşdırmalar davam
etdirilir.
Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, qanunsuz fəaliyyət
göstərən bütün şəxslər barədə qanun çərçivəsində tədbirlər
görüləcək.