Erməni politoloq: “Müharibə başlayacağı təqdirdə KTMT üzvü olan Mərkəzi Asiya dövlətləri türk və müsəlman qardaşları olan Azərbaycana qarşı silah qaldırmayacaq”

5 İyul 2012 11:44 (UTC+04:00)
"Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması təşkilatın gücünü zəiflətməyəcək". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Moskvada "MDB-nin cənub sərhədlərində təhlükəsizlik" adlı Moskva-Astana-İrəvan telekörpüsündə rusiyalı politoloq, "Milli Strategiya Problemi" jurnalının baş redaktoru Ajdar Kurtov deyib. 

Onun sözlərinə görə, Özbəkistanın bu təşkilatda fəaliyyəti heç vaxt ürəkaçan olmayıb: "Özbəkistan hakimiyyətinin bu addımı siyasi səhvdir. Bu uzaqgörən addım deyil. Özbək xalqı Nazarbayev hökumətinin atdığı addımın nəticələrini sonra ağır ödəyəcək. Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi Mərkəzi Asiyada lokal silahlı münaqişələrin başlanmasına gətirib çıxaracaq. Mərkəzi Asiya ölkələrində energetika, su və torpaq istifadəsi məsələsində dövlətlərarası ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlər Özbəkistan və Tacikistan arasında silahlı münaqişəyə səbəb ola bilər".

Rusiya Xarici İşlər Nazirliyi Moskva Beynəlxalq Əlaqələr İnstitutu yanında Beynəlxalq Tədqiqat Analitik Mərkəzinin direktoru Andrey Kazantsev Özbəkistanın KTMT-da fəaliyyətini formal olaraq çoxdan dayandırdığını söyləyib: "Özbəkistan bir neçə ildir ki, təşkilatın tərkibində fəaliyyət göstərmir və qurumun keçirdiyi tədbirlərə qatılmır. Ona görə də, Özbəkistanın KTMT-dən çıxması təşkilatın fəaliyyətinə o qədər də təsir göstərməyəcək".

Erməni politoloqlar isə Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasının Ermənistan üçün heç bir əhəmiyyəti olmadığını söyləyiblər. Qafqaz İnstitutunun siyasi tədqiqatlar şöbəsinin müdiri, politoloq Sergey Minasyan Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə, KTMT-də təmsil olunan Mərkəzi Asiya dövlətlərinin KTMT silahlı qüvvələrinə yardım etməyəcəyini söyləyib: "Burada islam və türk amili özünü göstərəcək. Onlar türk və müsəlman qardaşları olan Azərbaycana silah qaldırmayacaqlar. Ona görə də, Özbəkistanın KTMT-ni tərk etməsi Qafqazda Ermənistanın təhlükəsizliyinə heç bir mənfi təsir göstərmir. Ermənistanın Rusiya kimi nəhəng hərbi müttəfiqi var və Ermənistan KTMT çərçivəsində Rusiya ilə hərbi sahədə əməkdaşlıq edir. Ümid edirik ki, Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə Rusiya KTMT üzvü olan Ermənistana yardım edəcək. Əks təqdirdə, Rusiya həm Ermənistanı itirəcək, həm də Dağlıq Qarabağı əldə etmiş Azərbaycanı..." 

Digər erməni politoloq David Camalyan isə hazırda Cənubi Qafqazdakı vəziyyətin Rusiyanı qane etdiyini söyləyib: "Fikrimcə, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanması Rusiya tərəfini də qane edir. Rusiya çalışır ki, hər iki ölkə ilə münasibətlərdə balansı qorusun".

Qazaxıstanlı politoloqlar isə Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyiblər.