Biznes qurmaq istəyən gənclərə birdəfəlik ödəniş ediləcək.
Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, hökumət gənclər
arasında işsizliklə mübarizə çərsivəsində yeni tədbirlər planı
hazırlayıb. Layihəyə əsasən dövlət universitetini yeni bitirən
gənclərə bir dəfəlik pul ödənişi edəcək. Bu vəsait hesabına isə
gənc özünün şəxsi biznesini quracaq. Amma gənclər bu vəsaiti almaq
üçün özünü sübut etməli olacaq. İlk olaraq öz biznesini qurmaq
istəyənlər arasında seçim aparılacaq. Sonra isə seçilmişlərə tədris
mərkəzində "biznesin əsasları" adlı kurs keçiriləcək. Kursu
bitirdikdən sonra yalnız imtahandan müvəfəqiyyətlə çıxmış gənclərə
pul veriləcək ki, onlar sahibkarlıq fəaliyyətinə başlasınlar.
Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli deyib ki, onlar
sabahkı günün vergi ödəyicisi olacaqlar.
"Sabah yeni iş yerlərinin açılmasına tövhə verən insan olacaqlar.
Ona görə yenə də deyirəm ki bu məşqulluq xidmətləri orqanları üçün
vacib məsələdir, yəni biz passiv tədbirdən aktiv tədbirə keçirik.
İnsanları əmək bazarına inteqrasiya edəcəyik", - deyə Dövlət
Məşğulluq Xidmətinin rəisi bildirib.
Hələlik bu ideya "pilot layihə" kimi bu ilin payızında Göyçay
rayonunda icra olunmağa başlanacaq. Layihə bitəndən sonra təhlillər
aparılacaq və müsbət nəticə olduğu halda yenilik bütün ölkədə
tətbiq olunacaq.