Bakını 5 ildən sonra tanımayacaqsınız (FOTO)
29 İyun 2014 12:08 (UTC+04:00)
"Böyük Bakı" layihəsi üzrə görüləcək işlər bir neçə inkişaf
mərhələsinə bölünüb.
Movqe.az xəbər verir ki, bu barədə layihənin əlaqələndiricisi, Bakı
Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib.
İnstitut direktoru bildirib ki, 2014-2015-ci illəri əhatə edən
birinci mərhələ çoxmərkəzli inkişafa hazırlıqla bağlıdır. Buraya
konkret layihələr üzrə hazırlıqların görülməsi, yerli iqtisadi
inkişafın qiymətləndirilməsi qruplarının yaradılması, planlaşdırma
işinin daha mütəşəkkil təşkili və s. daxildir.
"2015- 2020-ci illərdə isə üstünlük çoxmərkəzli inkişafa
veriləcək", - deyən İ.İsbatovun sözlərinə görə, bu illərdə hüquq və
maliyyə yardımı vasitəsilə yerli inkişafın dəstəklənməsi, yerli
planlaşdırma ilə əlaqədar olaraq görüləcək işlərin müəyyən
olunması, ətraf ərazilərlə nəqliyyat əlaqəsinin tam təmin edilməsi
və digər məsələlərin həlli nəzərdə tutulub.
Növbəti 2020-2025-ci illər isə çoxmərkəzli inkişafın tam
formalaşması və tarazlı inkişafa keçid dövrü olacaq. Belə ki,
"Böyük Bakı" layihəsinin inkişafının bu mərhələsində cənub
sahilyanı ərazilərdə irimiqyaslı investisiya layihələrinin
tamamlanması, Abşeron yarımadasında və cənub sahilyanı ərazilərdə
əhalinin mənzil və sosial tələbatlarının ödənilməsi, mərkəzi biznes
rayonunun ətrafında iki alt mərkəzin yaradılması və s.
planlaşdırılıb.
İnstitut direktoru qeyd edib ki, layihəyə əsasən son mərhələdə -
2025-2030-cu illərdə tarazlı inkişafa nail olunacaq. Şimal-qərb,
Qərb, Cənub –qərb hissədə müvafiq olaraq iqtisadi, regional və
mərkəzi inkişaf vektoru yaradılacaq.
Həmçinin "Böyük Bakı" ərazisinin mərkəzində yüksək səviyyəyə malik
Mərkəzi Biznes rayonunun (MBR) təşkili nəzərdə tutulub.
İlqar İsbatov
Qeyd edək ki, İlqar İsbatov 1987-ci ildə Moskva Memarlıq
İnstitutunun şəhərsalma fakültəsini fərqlənmə diplomu ilə bitirib,
Bakı Dövlət Layihə İnstitutunun Bakı şəhərinin Baş Planını işləyib
hazırlayan emalatxanada işə başlayıb. O, 25 illik peşəkar
fəaliyyəti dövründə 100-dən artıq memarlıq layihəsi hazırlayıb və
həyata keçirib. 13 fevral 2008-ci ildə İ.İsbatov Bakı Dövlət Layihə
İnstitutuna direktor vəzifəsinə təyin edilib. Otən dövr ərzində o,
institutun kadr potensialının və maddi-texniki bazasının
inkişafında əhəmiyyətli işlər görməyə müvəffəq olub, həmçinin bir
çox layihələrin hazırlanmasında bilavasitə iştirak edib. Neftçilər
və İstiqlaliyyət küçələrindəki binaların fasadlarının yenidən
qurulmasında, Yeni Yasamal, C.Quliyev, H.B.Zərdabi, M.İbrahimov
küçələrindəki yaşayış komplekslərinin layihələndirilməsində, FHN
Akademiyasının təhsil korpusunun, Qəbələ İcra Hakimiyyətinin
inzibati binasının, 132-134, 6 və 18 sayli məktəblərin, Nizami
küçəsində ticarət mərkəzinin, yüksək mərtəbəli ofis binasının və s.
layihələrin hazırlanmasına rəhbərlik edib və müəllifi olub. Baki
Dövlət Layihə İnstitutu 2009, 2010-cu illərin nəticələrinə görə MDB
ölkələri arasında ən yaxşı layihə təşkilatı nominasiyasının qalibi
olub, İlqar İsbatov isə 2011-ci ilin nəticələrinə görə ən yaxşı
layihə təşkilatı rəhbəri adına layiq gorülüb. 2009, 2010, 2011-ci
illərdə ölkədaxili və MDB məkanında keçirilən ilin ən yaxşı
layihələri və tikintisi nominasiyaları üzrə müsabiqələrin qalibi və
laureatı olub. 2009-cu ildə başlanılan və 2011-ci ildə təhvil
verilmiş Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma
layihəsinin müəlliflərindən biri və layihənin baş memarı olub. Onun
rəhbərliyi altında hal-hazırda Böyük Bakının Regional İnkişaf
Planının hazırlanmasında Bakı Dövlət Layihə İnstitutu Baş
Koordinator kimi iştirak edir.