Bu gün imtahandır
29 İyun 2014 13:11 (UTC+04:00)
Bu gün ümumi orta təhsil bazasında (9 illik ) orta ixtisas təhsili
müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı
keçirilir.
Movqe.az xəbər verir ki , TQDK-dan verilən məlumata görə, Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü il iyunun 29-da ümumi
orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə
əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirəcəkdir.
Qəbul qaydaları, qəbul haqqında elan, qəbul aparılan ixtisasların
siyahısı və plan yerləri haqqında məlumat "Abituriyent" jurnalının
3-cü sayında dərc olunub.
Abituriyentlərin ərizələrinin qəbulu mayın 12-dən iyunun 13-dək
internet vasitəsilə aparılıb.
İmtahanda iştirak etmək üçün 14923 abituriyent ərizə təqdim
edib.
Onlardan 5459 nəfərini oğlanlar, 9464 nəfərini qızlar təşkil edir.
14380 abituriyent Azərbaycan bölməsi, 543 abituriyent isə rus
bölməsi üzrə imtahan verəcək.
Ərizə verənlərin 15 nəfəri artıq orta ixtisas təhsil
müəssisələrinin məzunları olmuş şəxslər, 14 nəfəri isə ali təhsilli
şəxslərdir. 50 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı
abituriyent 1965-ci il, ən gənc abituriyent 1999-cu il
təvəllüdlüdür.
Qəbul imtahanı mərkəzləşmiş qaydada Respublikanın 14 şəhərində -
Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Tovuz, Ağcabədi,
Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda
keçirilir.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00 -da
başlanacaq.
İmtahanda iştirak etmək üçün abituriyentlər "İmtahana buraxılış
vərəqəsi"ni TQDK-nın internet saytına daxil olaraq çap edə
bilirlər.
Abituriyentlər imtahana gələrkən aşağıdakı sənədləri özü ilə
gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əslini:
- İmtahana buraxılış vərəqəsini;
İmtahan 1 saat 30 dəqiqə ərzində aparılır və abituriyentlərə Ana
dili və riyaziyyat fənlərinin hər birindən 30 sual (ümumilikdə 60
sual) təqdim olunur. Abituriyentin balları hesablandıqda hər düzgün
cavab 1 balla qiymətləndirilir. Ümumi bal hər bir fənn üzrə
toplanılan balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən
maksimal bal 60-a bərabər olur.
İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. İxtisas
seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az
olmayan abituriyentlər buraxılacaqlar.
Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas
təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş cari il
məzunlarının bu təhsil pilləsinə (kolleclərə) müsabiqəsi buraxılış
imtahanlarının nəticələri əsasında aparılacaq. Belə ki, həmin
kateqoriyadan olan abituriyentlər kolleclərə qəbul olmaq üçün
buraxılş imtahanından əlavə imtahan verməyəcəklər.