Bakıda güclü zəlzələ olacaq?

30 İyun 2014 13:00 (UTC+04:00)
"Zaqatalada baş verən yeraltı təkanlar 2 il bundan əvvəl olan zəlzələ ərazisində qeydə alınıb. Dərinliyi kifayət qədər dayaz, 10 km-ə yaxın olduğuna görə, titrəyiş çox hiss olunub. Aldığımız məlumata görə, yeraltı təkanlar nəticəsində tikililərdə xırda çatlar yaranıb. Güclü dağıntı yoxdur. Zəlzələnin maqnitudası 5,2-dir. Həmin yeraltı təkan 12 ballıq şkala ilə 6 bal gücündə qeydə alınıb. Episentrdən uzaqlaşdıqca təbii ki, zəlzələnin gücü azalıb".

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli ANS PRESS-ə Zaqatalada baş verən zəlzələlərlə bağlı fikir bildirərkən deyib.

Onun sözlərinə görə, 2012-ci ildə həmin ərazi həmişə öz seysmoloji fəallığı ilə seçilib: Ərazinin aktivliyi əvvəldən də şübhə doğurmurdu. Bilinirdi ki, həmin ərazi xüsusi seymik ərazidə yerləşir. 2 il bundan əvvəlki yeraltı təkanlardan sonra bu ikinci titrəyiş idi".

Alimin fikrincə bu zəlzələdən sonra çoxlu avterşoklar olacaq. "Adətən avterşoklar zəif olur. Düşünürəm ki, bu titrəyişlərin çoxu hiss olunmayacaq".

Tahir Məmmədli onu da əlavə edib ki, Azərbaycanda seysmoloji aktivliyə nəzarət etmək üçün quraşdırılan yeni Seymoloji Stansiya və avadanlıqlar vasitəsilə yeraltı təkanları izləmək üçün gözəl imkanlar yaradır. Bu avadanlıqlar vasitəsilə baş verən zəlzələni yüksək dəqiqliyilə qeydə alınıb.

"Yeni avadanlıqlar vasitəsilə burada və ümumiyyətlə Azərbaycan ərazisində ən zəif təkanları, hansı ki, əvvəlki stansiyalarda onları qeydə ala bilmirdik, onları yüksək dəqiqliklə görə bilirik. Bu da seysmoloqlara ölkədə seysmoloji aktivliyi dəqiqliklə öyrənməyə geniş imkanlar verir. Bu cihazlar bizə seysmoloji hadisələri dəqiqliklə izləməyə imkan verir. Seysmoloqlar da alınan məlumatlar əsasında müəyyən fikirlər söyləyə bilər. Amma ümumilikdə zəlzələnin nə zaman baş verəcəyini demək hələlik mümkün deyil", - deyə Tahir Məmmədli vurğulayıb.

Ekspert deyir ki, Azərbaycanda bir çox seysmoloji aktiv zona var. Həmin ərazilərdə güclü zəlzələ olmasını gözləmək lazımdır: "Bəzi mütəxəssislər həmin ərazilərdə enerjinin boşalmasını deyirlər. Amma göründüyü kimi bu proqnozlar özünü doğrultmur. Yenə həmin yerlərdə titrəyişlər olur. Bu da onu göstərir ki, zəlzələlər hansısa qanunauyğunluq tanımır. Ona görə də, demək olmur ki. indi burda zəlzələ olub, bir də neçə vaxtdan sonra olacaq. Çünki bu çox mürəkkəb proseslərdir. Sadəcə seysmoloqlar harada güclü zəlzələ ola bilər və onun gücünü deyə bilərlər".

Qeyd edək ki, Zaqatalada baş verən verən yeraltı təkanların Bakı ilə heç bir əlaqəsi yoxdur. Yəni bəzən insanlar hansısa bölgədə zəlzələ olan zaman, bunun paytaxtda da baş verəcəyi bərədə düşünürlər. Alimin sözlərinə görə, bu fikirlər düzgün deyil.

Tahir Məmmədli onu da əlavə edib ki, Zaqataladan başqa, Azərbaycan üçün ən təklükəli zəlzələ ərazisi Şamaxı və İsmayıllı ərazisində olan ocaqlardır: "Bundan başqa, ən təhlükəli mənbələr Xəzər dənizindədir. Həmin ocaqlarda baş verən yeraltı təkanlar Bakıda güclü zəlzələ təhlükəsi yarada bilər. Xəzər dənizində ocaqlar çoxdur. Onlardan ən böyük seysmik təhlükəyə malik Anşerondan 50-60 kilometr cənubda, Xəzər dənizində yerləşən güclü ocaq zonasındadır. Yaxşı ki, bu ocaq 60 kilometr aralıdadır və 3035- kilometr dərinlikdədir. Buna baxmayaraq, bu ocaqda baş verən proses Bakı üçün 8 bal gücündə zəlzələ yarada bilər".