ATƏT PA-nın qətnamə layihəsində ərazi bütövlüyü prinsipinə dəstək və qondarma referendumların yolverilməzliyi əksini tapıb

30 İyun 2014 14:12 (UTC+04:00)

"ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasında müzakirə edilən "Helsinki+40: Hər bir insanın təhlükəsizliyinə doğru" qətnamə layihəsi əsasən silah-sursata ümumi nəzarətlə bağlıdır". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev deyib.

 

A. Quliyev bildirib ki, ATƏT-in bu istiqamətdə bir sıra sənədləri, o cümlədən Vyana sənədi var: "Bu gün müzakirəyə çıxarılan qətnamə layihəsində hazırkı situasiyaya uyğun əlavələr mövcuddur. Mən xüsusən Ukraynadakı vəziyyəti nəzərdə tuturam. Ona görə də bu, çox önəmli layihədir və bütövlükdə Helsinki prinsiplərinin ATƏT regionunda tətbiqi üçün yeni stimul verəcək".

 

Qətnamə layihəsində Dağlıq Qarabağ münaqişəsindən bəhs edilib-edilməməsinə gəlincə, A. Quliyev nəzərə çatdırıb ki, bu ilin aprel ayında Kopenhagendə ATƏT PA-nın Bürosunun iclasında o, qətnamə layihəsinə 2 mühüm maddə salınmasını təklif edib: "Bu maddələrdən biri münaqişələrin həllinin yalnız və yalnız ölkələrin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı çərçivəsində həlli ilə bağlı idi. Bu müddəa artıq qətnamə layihəsində var. Digər tərəfdən, bu gün bəzi ölkələr qondarma referendumlar yolu ilə digər ölkələrin ərazisinin işğalını rəsmiləşdirməyə çalışır. Təəssüf ki, bu gün Azərbaycan və Ukraynada eyni halla rastlaşmışıq. Hesab edirik ki, konkret çərçivə müəyyənləşməlidir. Ona görə də ikinci təklifimiz o olub ki, bu cür referendumlar yalnız həmin ölkələrin qanunlarına, Konstitusiyasına və beynəlxalq hüquq normalarına uyğun şəkildə keçirilməlidir. Bu, o deməkdir ki, mərkəzi hakimiyyətin razılığı olmadan hər hansı bir ölkədə referendum keçirilə bilməz. Bu gün ilk dəfədir ki, bu məsələ ATƏT PA-nın qətnamə layihəsinə daxil edilib və ümid edirəm ki, ATƏT-in Bakı Bəyannaməsində də öz əksini tapacaq".

 

Qeyd edək ki, qətnamə layihəsi ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsində qəbul edildikdən sonra ATƏT PA-nın sessiyasında müzakirəyə çıxarılacaq.