İmtahandan keçən müəllimlərə xəbərdarlıq

30 İyun 2014 16:09 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi sınaq qiymətləndirilməsindən keçən müəllimlərə müraciət edib. BŞTİ-nin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, müraciətdə qeyd olunub ki, 10-13 iyun tarixlərində keçirilmiş Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsində iştirak edən hər bir müəllimin cavab kartı "bakuedu.az" saytında yerləşdirilib. Bunun üçün iş nömrəsi, məktəb kodu və doğum ilini daxil etməklə şəxsi səhifəyə girmək mümkündür. Elektron cavab kartı sınaq qiymətləndirilməsində doldurulan cavab kartı ilə eynidir. Əgər elektron cavab kartında variant, bölmə, fənn səhv göstərilibsə və ya nəticələrlə hələ də tanış olmaq mümkün deyilsə, bu o deməkdir ki, qiymətləndirilmə zamanı informasiyanı cavab kartında səhv qeyd edilib.  "Bu səbəblərdən yaranan problemləri bildirmək üçün "bakuedu.az" saytındakı müraciət forması dolduraraq İdarəyə ünvanlamalısınız. Nəticələri ilə razı olmayan müəllimlər isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ərizə ilə müraciət etməkləri tövsiyə olunur. Bununla yanaşı, bu gündən etibarən 4 gün ərzində qiymətləndirilmənin aparılması ardıcıllığı ilə sual kitabçaları "bakedu.gov.az" saytına yerləşdiriləcək. Sualların düzgün cavabları hər bir müəllimin şəxsi səhifəsində cavab kartı ilə birlikdə yerləşdirilib. Ləğv olunmuş suallar ulduz işarəsi ilə qeyd edilib", - deyə müraciətdə bildirilib. Qeyd olunub ki, bu gün 10 iyunda sınaq qiymətləndirilməsi aparılmış fənlərin sual kitabçaları yerləşdiriləcək.