Vaqif Əsədov: "Mənə göstərilən yüksək etimadı doğrultmağa çalışacağam"

2 İyul 2014 19:05 (UTC+04:00)

 "Dövlət başçısı tərəfindən mənə göstərilən bu yüksək etimadı bundan sonra da doğrultmağa çalışacağam". Bunu Trend-ə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən "Vətən uğrunda" medalı təltif edilmiş Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisi bu gün onun üçün ikiqat bayram olduğunu bildirib: "Mənim üçün bu gün ikiqat bayramdır. Belə ki, bu gün həm polis işçilərinin peşə bayramıdır, həm də dövlət başçısı tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilmişəm. Göstərilən bu diqqət və qayğıya görə həm həm cənab Prezidentimizə, həm də Daxili İşlər Nazirliyinin rəhbərliyinə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, iyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Daxili İşlər Nazirliyinin 3 zabitinə ali xüsusi rütbələr verilib. Dövlət başçısının digər sərənacamı ilə isə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə DİN-in 2 yüksək vəzifəli şəxsi 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2 zabiti 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 13 əməkdaşı "Vətən uğrunda" medalı, daha 23 əməkdaşı isə "İgidliyə görə" medalı ilə təltif edilib.

"Vətən uğrunda" medalı ilə təltif edilənlər arasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı V.Əsədov da var.

Bundan əlavə, Prezident İlham Əliyevin digər sərəncamı ilə DİN-in 2 əməkdaşına "Əməkdar Mühəndis" fəxri adı, daha bir əməkdaşına isə "Əməkdar Müəllim" fəxri adı verilib.