Bakıda keçirilən beynəlxalq sığorta forumu başa çatıb
5 İyul 2012 18:08 (UTC+04:00)
"APA-ECONOMICS"in məlumatına görə,
bugünkü sessiyada iştirak edənlər "Həyat və mülki məsuliyyət
sığortası növləri", "İnkişaf edən bazarda həyat sığortası", "Qafqaz
ölkələrində həyat sığortası: hazırkı inkişaf və bazar
istiqamətləri", "Həyat sığortası növlərinin uzunmüddətli
inkişafında beynəlxalq təcrübə və perspektivlər", "Pərakəndə
satışda Avropa təcrübəsi", "Mülki məsuliyyət sığortasının hazırkı
vəziyyəti və inkişaf perspektivləri", "Sığorta bölgüsü" "Sığorta
vasitəçiliyi: hazırkı vəziyyəti, inkişaf perspektivləri və
problemləri", "İnternet və İT texnologiyaları vasitəsilə satış
kanallarının genişləndirilməsi" və "Satış kanallarının
effektivliyinin artırılması" mövzusunda təqdimatlarla çıxış
ediblər.
Tədbirdə "Atəşgah Həyat" sığorta şirkəti İdarə Heyətinin sədri
Əkbər Mədətli Azərbaycanda həyat sığortasının inkişaf
istiqamətlərindən, habelə bu sahəni inkişafını ləngidən əsas
problemlərdən danışıb.
Ə.Mədətlinin fikrincə, Azərbaycanda həyat sığortası bazarının
inkişafını ləngidən əsas səbəblərdən biri kimi əhalinin
gəlirlərinin aşağı səviyyədə olması və əlverişli investisiya
alətlərinin olmaması, həmçinin həyat sığortası üzrə yüksək bilikli
kadrların olmaması, marketinq siyasətinin düzgün aparılmaması və
qiymətli kağızlar üzrə gəlirlik səviyyəsinin aşağı olması
amillərini qeyd edib. Ölkədə həyat sığortası bazarının inkişafını
sürətləndirmək üçün uzunmüddətli həyat sığortası polisləri üzrə
əldə olunan yığımlar üçün yeni investisiya alətləri tətbiq
olunmalı, həyat sığortası məhsullarının innovasiyaları və
marketinqi inkişaf etdirməklə bazara töhfə verə biləcək xarici
şirkətlər Azərbaycana cəlb edilməli, həmçinin icbari sığorta
növləri təkmilləşdirilməli, o cümlədən təqaüd sığorta növünün
inkişafı üçün təqaüdlə bağlı müvafiq sənədlərdə təkmilləşdirmələr
aparılmalıdır.
Tədbirdə Qazaxıstanın "Generale Kazakhstan" sığorta şirkətinin
müdiri Dmitri Nadirov və digər sığorta şirkətlərinin nümayəndələri
internet və İT texnologiyalar vasitəsilə satış kanallarının
genişləndirilməsi və satış kanallarının effektivliyinin artırılması
mövzusunda geniş təqdimatla çıxış ediblər.
Qeyd edək ki, forum regionda sığorta və təkrarsığorta bazarlarına
həsr olunub və sözügedən regionun ən vacib tendensiya və
perspektivlərini özündə əks etdirir. İki yüzədək iştirakçının
qatıldığı forumda təcrübə mübadiləsi və əməkdaşlıq əlaqələrinin
inkişaf etdirilməsi məqsədilə işgüzar görüşlər də keçirilib,
regionda sığorta və təkrarsığorta sahələrinə potensial investisiya
imkanları müzakirə edilib. Tədbirdə Qafqaz regionunun, həmçinin
Türkiyə, Mərkəzi Asiya, Avropa, Rusiya və MDB-nin sığorta,
təkrarsığorta və broker şirkətlərinin yüksək struktur nümayəndələri
iştirak ediblər.
Qeyd edək ki, forumun təşkilatçıları rolunda Azərbaycan Maliyyə
Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti, Azərbaycan
Sığortaçılar Assosiasiyası, Rumıniyanın "Media XpriMM" şirkəti
çıxış edib. APA İnformasiya Agentliyi isə forumun rəsmi media
tərəfdaşı olub.
Xatırladaq ki, Beynəlxalq Sığorta Forumu 2009-cu ildən başlayaraq
hər il Bakıda keçirilir. II Beynəlxalq Sığorta Forumu ötən ilin
iyul ayının 7-8-də keçirilib. Forumda həyat və şəxsi sığorta
xətləri – bazarın inkişafı üçün yeni stimullar, həmçinin həyat və
bank işinin sığortası mövzusu müzakirə edilib.
Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 29
sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi
illik üzvlük haqqı isə 5 min manat təşkil edir.