Ötən ay 961 əcnəbi Azərbaycandan çıxarılıb
5 İyul 2012 18:29 (UTC+04:00)
Azərbaycan Dövlət Miqrasiya Xidməti
(DMX) tərəfindən iyun ayı ərzində fərdi icazə alınmadan əcnəbinin
və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə
cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi
ilə bir sıra sahibkarlıq subyektlərində yoxlamalar
aparılıb. Bu barədə APA-ya DMX-dən məlumat verilib. Keçirilmiş
tədbirlər nəticəsində mövcud qanunvericiliyin tələblərinin
pozulması halları aşkar edilmiş bir sıra sahibkarlıq subyektləri və
əcnəbilər barəsində müvafiq tədbirlər görülüb.
Həmçinin iyun ayı ərzində 1344 əcnəbi və vətəndaşlığı olmayan şəxs
tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama
qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin
pozulması halları müəyyən edilib. Onlardan 383 nəfərin cərimə
tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 868
əcnəbi barəsində Azərbaycan ərazisini 48 saat ərzində tərk etmə, 93
əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara
çıxarılmaları barədə qərarlar qəbul olunub.
Ümumiyyətlə, ay ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması,
müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa
qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın
statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata
keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi
icazələrin müddətlərinin uzadılması ilə bağlı 4329 müraciət daxil
olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin
tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul
edilib.