Vergi orqanlarına işə qəbul olunmuş kadrlarla görüş keçirilib

3 İyul 2014 18:37 (UTC+04:00)

Vergilər Nazirliyində vergi orqanlarına işə qəbul edilmiş gənc kadrlarla görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən movqe.az verilən məlumata görə, vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov yeni işə qəbul olunmuş gəncləri təbrik edərək, onlara yeni işlərində uğurlar arzulayıb. İnsan resurslarının idarə olunmasının Vergilər Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzində saxladığını vurğulayan nazir müavini əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizdə aparılan iqtisadi siyasət, onun tərkib hissəsi olan vergi siyasəti, həyata keçirilən vergi islahatları barədə görüş iştirakçılarına məlumat verib.

O vurğulayıb ki, Vergilər Nazirliyi ölkəmizdə işə qəbulu test üsulu əsasında keçirməyə başlamış ilk mərkəzi icra hakimiyyəti orqanıdır. Bu il dövlət vergi orqanlarında işə qəbulla bağlı test imtahanında 1390 nəfər iştirak edib, onlardan 76 nəfəri test mərhələsində, 58 nəfəri isə Vergilər Nazirliyində keçirilən müsahibədə uğur qazanaraq vergi xidməti orqanlarında işlə təmin olunmaq imkanı əldə ediblər. Hər bir namizədlə fərdi qaydada müsahibə aparılmış, onların bilik və bacarıqları, ümumi dünyagörüşü və təhlil apara bilmək qabiliyyətləri yoxlanılıb. İşə qəbul prosesinin hər iki mərhələsindən keçmiş namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatına daxil edilib. O da diqqətə çatdırılıb ki, indiyədək keçirilmiş 9 müsabiqə nəticəsində vergi xidmətinə 1050-yə yaxın gənc kadr işə qəbul olunub ki, bu da hazırda vergi orqanlarında çalışan işçilərin təxminən əlli faizinə yaxındır.

Vergi orqanlarının fəaliyyətinin xüsusiyyətlərindən söz açan S.Məmmədxanov Vergilər Nazirliyində kadrların peşə hazırlığı səviyyəsinin daim yüksəldilməsi məqsədilə insan resurslarının inkişafı üzrə konsepsiyasının uğurla həyata keçirildiyi, bilik və bacarıqlarını artırmaq üçün onlara hər cür şərait yaradıldığı barədə də gələcək vergi orqanı əməkdaşlarına ətraflı məlumat verib.

Qeyd edə ki, tədbirin sonunda yeni işə təyin olunmuş 21 nəfərə xidməti vəsiqələr təqdim edilib.