İranın Azərbaycan qorxusu

6 İyul 2012 09:00 (UTC+04:00)

Son dövrlər İranın ölkəmizə qarşı təxribatçı fəaliyyətini nəzərə çarpacaq dərəcədə genişləndirdiyi aydın müşahidə olunmaqdadır. İran mətbuatında anti-Azərbaycan mövqeyinin sərgilənməsi, iki gənc şairimizin hələ də İranda saxlanılması, İran vətəndaşları tərəfindən sərhədlərimizin pozulmasına edilən cəhdlər və s. halları buna misal olaraq söyləmək olar.

Siyasi ekspertlər isə Qərb tərəfindən sıxılan İranın Azərbaycana qarşı bu cür mövqe nümayiş etdirməsini müxtəlif səbəblərlə izah edirlər. Politoloq Ərəstun Oruclu bildirir ki, İran Qərbin ona qarşı olan ssenarisini Azərbaycana qarşı qurmağa çalışır: "Bunun üçün də Azərbaycan kartı oynamaq, ümumiyyətlə, qonşuluqda hər hansı bir dövlətlə münasibətdə öz istəyi əsasında ssenari qurmaq İran üçün çox önəmlidir. İkincisi, İran bilir ki, Azərbaycan Qərblə ən azından iqtisadi partnyordur. Ona görə bununla da Qərbin Azərbaycandakı maraqlarına, ilk növbədə, isə enerji maraqlarına təhdid yaratmağa çalışır. Üçüncüsü, İran bilir ki, özünə qarşı sanksiyalar sərtləşdikcə daxilində ictimai, siyasi narazılıq proseslərinin güclənməsi baş verəcək. O cümlədən, illər boyu hüquqları pozulan İranda olan azərbaycanlıların da bu proseslərin önündə olacaqlarını əvvəlcədən ölkə rəsmiləri yaxşı bilir. Bu səbəbdən anti-Azərbaycan əhval-ruhiyyəsini ölkənin daxilinə yönəltməklə təbliğat vasitəsi kimi istifadə edirlər. Bu da əsasən, Cənubi Azərbaycan əhalisinin maraqlarına təsir göstərmək üçündür. Nəhayət, İran bu gün beynəlxalq aləmin onun nüvə proqramı ilə bağlı həyata keçirdiyi mərhələli prosesi pozmaq istəyir. Bu oyunda qonşu dövlətlərdən birini seçmək niyyətindədir. Burada da İran üçün mümkün variantlardan biri, ən idealı Azərbaycan, bir qədər orta ağırlıqda isə İsrail variantıdır. Bunları sərt addımlara təhrik etməklə həmin o planı pozub prosesləri önləmək istəyir. İranın bütövlükdə məqsədi bunlardı".

Politoloq əslində İranın Azərbaycana qarşı siyasətində elə bir dəyişiklik olmadığını vurğulayır: "Azərbaycan tərəfindən İrana qarşı mehriban qonşuluq siyasəti həyata keçirilsə də, İran yenə də mövqeyini dəyişmir. Azərbaycan dövlətinə qarşı siyasəti öz məqsədlərinə uyğun davam etdirir. Bunun da təbii ki, anlaşılan tərəfləri var. Müstəqil Azərbaycan dövlətini İran özü üçün təhdid kimi qəbul edir".

Politoloq Araz Aslanlı isə hesab edir ki, İranın Azərbaycana qarşı belə mövqeyinin kökündə onun xarici siyasətinin məntiq çərçivəsindən kənara çıxması durur: "Əvvəllər, İranın şah dövründə də, inqilabdan sonrakı dövrdə də həmişə xarici siyasətinin müəyyən bir məntiqi xarakteri olub. Amma son dövlərdə, xüsusən, 2009 - cu il prezident seçkilərindən sonra orada daxili problemlər çox yüksəldi. Ondan sonra isə İranın xarici siyasət kursu məntiqə söykənmir".

Araz Aslanlı bildirir ki, bu gün İranın Azərbaycan və Türkiyə ilə bağlı siyasətində bir paralellik var: "Türkiyə də, Azərbaycan da Qərbin xeyli dərəcədə təzyiqlərinə baxmayaraq, İrana qarşı hərbi, siyasi proseslərdə artıq iştirak etməyəcəyini bəyan ediblər. Amma buna baxmayaraq, xüsusən də son bir ildə İran həm Türkiyəyə, həm də Azərbaycana çox təhdidlər yaradır. Bu, bir yandan bayaq söylədiyim kimi məntiqi ardıcıllığın pozulmağına görə İran rəsmilərinin xarici siyasəti tam idarə edə bilməməyindən irəli gəlir. Digər yandan isə belə görünür ki, guya İran Azərbaycan və Türkiyənin səmimiyyətinə şübhə ilə yanaşır. Baxmayaraq ki, bu şübhə ilə bağlı ortaya atdığı iddialar heç bir əsasa söykənmir. Başqa bir tərəfdən Azərbaycan Ermənistana qarşı İsraillə silah müqavilələri imzalayırsa, bundan İran narahat olmamalıdır. Amma İran bundan narahatdır. Azərbaycan-İsrail münasibətlərini korlamaq istəyir.

Ən əsası isə İran ölkəmizin mövqeyinin güclənməyinə görə narahatdır. Bunu arzulamır. Fikirləşir ki, hansısa sərt bəyanatlar versə, sərt addımlar atsa, buna mane ola biləcək. İkincisi də bizləri səmimi hesab etmirlər. Hesab edirlər ki, hansısa gizli məsələlər də var. Amma halbuki, faktlar da, məntiq də İranı dəstəkləmir".