“Alican” qapısı açılmayacaq
5 İyul 2014 13:00 (UTC+04:00)
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Türkiyə ilə
Ermənistan arasındakı "Alican" sərhəd keçid məntəqəsinin
açılacağına dair yayılmış xəbərlər barədə açıqlama verib. Movqe.az
ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə məlumat Xarici
İşlər Nazirliyinin internet səhifəsində yayılıb.
Açıqlamada bildirilir ki, "Alican" sərhəd keçid məntəqəsinin
açılacağı barədə iddialar həqiqəti əks etdirmir.
"Bilindiyi kimi, Türkiyə ilə Ermənistan sərhəddi 1993-cü ildə,
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra
bağlanıb.
Həmin sərhəddin açılması sadəcə Cənubi Qafqazda geniş və davamlı
bir normallaşmaya imkan verəcək inkişaf çərçivəsində gündəmə gələ
biləcək. Bu məsələdə Ermənistanın bütün qonşuları ilə problemləri
həll etmə iradəsi göstərməsi və bu istiqamətdə addımlar atması
təyin edici olacaq".
Xatırladaq ki, ötən gün bəzi Türkiyə xəbər saytları Türkiyə ilə
Ermənistan arasındakı "Alican" sərhəd keçid məntəqəsinin
açılacağına dair xəbərlər yaymışdı.