Bakıda beynəlxalq tədbir keçirilir

5 İyul 2014 15:14 (UTC+04:00)
Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondununda Azərbaycanın daxil olduğu Seçki Qrupunun növbəti toplantısı keçirilir.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, tədbir Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Toplantıda üzv ölkələr üzrə DB və BVF-də Müdir və Alternativ müdir vəzifəsini yerinə yetirən 8 ölkənin Maliyyə, eləcə də İqtisadi İnkişaf nazirləri, Mərkəzi Bank rəhbərləri, həmçinin DB və BVF-nin yüksək səviyyəli nümayəndələri, habelə akademik heyət iştirak edir.

Toplantının Bakıda keçirilməsini təşkil etməkdə əsas məqsəd Seçki Qrupunda təmsil olunan ölkələrlə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin DB və BVF Seçki Qrupunda ölkəmizin mövqelərinin daha gücləndirilməsindən ibarətdir.

İclasdan öncə "Resurslarla zəngin ölkələrdə iqtisadi diversifikasiya və makroiqtisadi siyasət məsələləri" mövzusunda seminar keçirilib. Seminarda Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edib.

Seçki Qrupunun iclasında isə DB və BVF-nin növbəti illik toplantısına hazırlıq işləri, qlobal iqtisadiyyata gedən proseslər, üzv ölkələrin qarşılıqlı maraqlarının qorunması, həmçinin gündəlikdə duran digər məsələlər müzakirə olunub.