Neft pullarına toxunulmayacaq

5 İyul 2014 13:07 (UTC+04:00)
"Bundan sonrakı neft gəlirlərinin daha çox hissəsi gələcək nəsillər üçün qorunacaq".

Movqe.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondununda Azərbaycanın daxil olduğu Seçki Qrupunun növbəti toplantısında çıxışında deyib.

O bildirib ki, Azərbaycanın qarşıya qoyduğu strateji hədəfi növbəti dekabrda milli gəlirin iki qat artımına nail olmaqdır: "Azərbaycan bu hədəfə məhz şaxələnmə prinsipi ilə nail olamağı nəzərdə tutur. Bu şəraitdə ixrac və özəl sektor iqtisadi artımın əsas mühərrikinə, əsas lokomotivinə çevriləcək".

"Resurslarla zəngin ölkələrdə iqtisadi diversifikasiya və makroiqtisadi siyasət məsələləri" mövzusunda seminarda çıxışında sədr Azərbaycanın iqtisadi inkişafından da danışıb:

"Son 10 ildə Azərbaycanın milli iqtisadiyyatı 3,6 dəfə artıb. Azərbaycan iqtisadi artımına görə dünya liderlərindən birinə çevrilib. Azərbaycanın iqtisadi artımında qeyri-neft sektoru da xüsusi yerə malikdir. Son on ildə bu sektor 3 dəfə artıb. Bu isə ÜDM-nin təxminən 60%-i təşkil edir. Dünya Bankının son məlumatlarına görə, ölkəmizdə adambaşına düşən ÜDM dünya üzrə orta göstəricidən 19 %, orta gəlili ölkələr üzrə isə 77 % çoxdur".

E. Rüstəmov bildirib ki, Azərbaycanda yoxsulluq, qlobal orta yoxsulluqdan 3 dəfə aşağıdır: "Son 10 ildə Azərbaycanda yoxsullu səviyyəsi 11 dəfədən çox azalaraq 90- illərdəki 60 %-dən hazırda 5 % -ə enib. Azərbaycanın strateji valyuta ehtiyatları son 10 ildə 32 dəfə artaraq ÜDM-nin 70 %-ə çatıb. Hazırda ÜMD-in əsas hissəsi özəl sektorda formalaşır. Son 10 ildə əmtəə ixracı 12 dəfə artıb. Adambaşına düşən ixrac isə 3 min dollardan yuxarı olub. Əmtəə ixracı ÜDM-nin 50 %-ə çatıb. Azərbaycan dünyanın inflyasiya göstəricisi ən aşağı olan ölkələri arasında ilk onluğa daxildir".