Sərxoşların nəzərinə!
6 İyul 2014 14:11 (UTC+04:00)
Azərbaycanda nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq
vəziyyətinin müəyyən edilməsi qaydaları müəyyənləşib
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti
"Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin
müəyyən edilməsi Qaydaları"nı təsdiq edib.
Qaydaya əsasən şəxsin sərxoşluğunun xüsusi cihaz vasitəsilə
yoxlanılması sanitariya-gigiyena qaydalarına riayət edilməklə
həyata keçiriləcək.
Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin
müəyyən edilməsi nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq
üstə sərbəst dayana bilmədikdə, özünü idarə edə bilmədikdə müşahidə
olunduqda həyata keçiriləcək. Nəqliyyat vasitəsini idarə edən
şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər
güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək
məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda
əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə
ediləcək.
Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması
şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü
təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə
yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu
ilə aparılacaq. Xüsusi texniki vasitə qanda alkoqolun
konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud
narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən
maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində
olduğu hesab ediləcək. Şəxsin xüsusi texniki vasitələrlə
yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik
vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən
istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa,
polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun
olaraq protokol tərtib ediləcək.
Müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə
tərtib olunacaq. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini
idarə edən şəxsə verilən protokola əlavə ediləcək, digər surəti isə
polis əməkdaşında saxlanılacaq. Nəqliyyat vasitəsini idarə edən
şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və
digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində
sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina
etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən
narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə
verdikdə, həmin şəxs tibbi müayinəyə göndəriləcək
Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop
maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi
nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi
məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən
dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata
keçiriləcək. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər
güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan
sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji
mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə
həyata keçiriləcək. Şəxsə aid bioloji mayelərdə narkotik
vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən
maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə,
həmin şəxs sərxoş hesab ediləcək. Müayinə aparan həkim-narkoloq
tibbi müayinə aktı tərtib edəcək. Müayinə olunan şəxs tibbi
müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi
müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin
rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb
müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar
tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar
qəbul edəcək.