Çörək bahalaşa bilər

7 İyul 2014 22:42 (UTC+04:00)

Bakıda topdansatış mərkəzlərində unun bahalaşması halları müşahidə olunur. Ölkədə un istehsalı və idxalı ilə məşğul olan aparıcı şirkətlər bildiriblər ki, əlli kiloluq kisənin qiyməti 30-60 qəpik artıb. Mütəxəssislər bunu dünya bazarında taxılın qiymətin artması ilə izah edirlər. Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmovun Anspress-ə verdiyi məlumata görə, taxılın qiymətinin artmasına bir çox amillər təsir edir.


"Bu il Amerikada quraqlıq ilidir. Bir müddət əvvəl isə Ukraynada baş verən hadisələr taxılın qiymətində 20 faiz artıma səbəb olmuşdu. Ona görə də, dünya bazarında taxılın istehsalı müəyyən qədər azalıb. Bu da avtomatik olaraq buğda və unun bahalaşmasına səbəb olur", -deyə Vahid Məhərrəmov bildirir.


Ekspert deyir ki, Azərbaycanın taxıl aldığı ölkələrdə isə hazırda vəziyyət stabildir. Ona görə də, hələlik bizim üçün təhlükə azdır.


"Biz taxılı Qazaxıstandan alırıq. Ötən il Qazaxıstandan 850 min ton taxıl idxal etmişik. Rusiyadan isə 550 min ton taxil almışıq. Hazırda Qazaxıstanda vəziyyət stabildir. Ona görə də, orada buğda artımı ehtimal olunmur", - deyə Vahid Məhərrəmov vurğulayıb.


Ekspert onu da əlavə edib ki, bu il Azərbaycanda az məhsul gözlənilir. Bu isə vəziyyəti müəyyən mənada çətinləşdirə bilər: "Ötən ilə nisbətən bizdə 600 min ton az məhsul götürüləcəyi ehtimal olunur. Təxminən hər hektarda 5 sentner az məhsul götürəcəyik. Bu da, əlbəttə daxili bazara çox təsir edəcək. Çünki o qədər məhsulu xaricdən idxal etməliyik. Ona görə də, daha çox taxıl idxal olunacağı ehtimal edilir. Yaxud da, 500 min ton buğda rezervindən istifadə olunmalıdır. Ona görə də, Azərbaycanda bu il istehsalın az olması ilə bağlı vəziyyət gərgindir".


Ekspert deyir ki, hələlik bu baxımdan konkret nəsə demək tezdir. Dünya bazarında taxılın qiymətinin artması isə avqust ayında tam aydın olacaq. Ekspertin sözlərinə görə, bəzən mövcud vəziyyət gizlədilir. Yəni bir çox ölkənin təsərrüfat nazirliyi məlumatları şişirdir. Bu səbəbdən də, birjalarda taxılın qiymətinin manipulyasiya uğramasına, yəni süni şəkildə qiymətin qalxmasına səbəb ola bilər.


"Əgər taxılın və unun qiymətində artım olarsa, avtomatik olaraq əhaliyə satılan çörəyin də qiyməti qalxacaq. Dövlətsə öz növbəsində bunu süni qiymət artımı kimi qiymətləndirərsə, bu zaman sahibkarlara zərər dəyər. Bu zaman fəaliyyətdə olan fərdi kiçik sahibkarlar sıradan çıxarlar. Bu da böyük problemlər yaradar. Yəni balaca çörək sexlərinin fəaliyyəti mütləqdir. Çünki onların fəaliyyəti əhalinin çörək ehtiyatını tam şəkildə təmin edir. Yəni süni qiymət adı altında belə sexlərin bağlanmasına göstəriş verilməməlidir", - deyə Vahid Məhərrəmov bildirib.


Dövlət qurumlarında isə ekspertlərlə razılaşmırlar. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ANS PRESS-ə verilən məlumata görə, bu il taxılla bağlı ölkədə problem yaşanmayacaq.


"İyunun birinə olan statistik məlumata görə, 1 milyon 6 min hektar sahənin 75 faizi biçilib. Yəni biçilmə 758 min hektar sahədə gedib. Bu da respublika üzrə 1,7 milyon ton taxıl istehsal olunub. Fermer və sahibkarlardan standartlara uyğun olaraq, taxılın qəbul olunması haqqında müraciət olunub. Müraciətə əsasən 1 tonun qiyməti 340 AZN olmaqla taxıl alınır. Hələ ki, buğdanın, unun və çörəyin qiymətinin artımı gözlənilmir", - deyə Murtuzəli Hacıyev bildirib.


İqtisadiyyat və Sənaye Nazirliyindən isə bildiriblər ki, hazırda taxıl bazarında qiymət artımı müşahidə olunmayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin Anspess-ə verdiyi məlumata görə, Bakıda un satışında da heç bir qiymət artımı qeydə alınmayıb.


"Mütəmadi olaraq İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehsalat bazarına dövlət nəzarəti həyata keçirilir. Bu həm məhsulların keyfiyyətli, həm də süni qiymət artımının qarşısının alınmasını əhatə edir", -deyə Abbas Əliyev vurğulayıb.