Havalar artıq isinib. Bu il havalar bir qədər gec qızdığından, sərinləşdirici qurğulara olan tələbat indi-indi artıb. Movqe.az kondisioner bazarındakı qiymətləri araşdırıb. Məlum olub ki, ötən mövsümlə müqayisədə kondisionerlərin qiyməti nəzərəçarpacaq dərəcədə artıb. Qeyd edək ki, kondisoner satışı ilə məşğul olan mağazalarda kondisonerlərin qiyməti onların istehsal edildiyi firmaya və ölçüsünə görə dəyişir. "Samsung" firmasının istehsalı olan, 12 kv metrlik otaqlar üçün nəzərdə tutulan kondisonerlərin qiyməti 478 manatdır. "Simens" firmasının istehsalı olan 20 kv metr sahə üçün nəzərdə tutulan kondisonerləri 569 manata satılır. "Bosh" firmasının kondisonerləri isə bir qədər bahadır. Məsələn 60 kv metrlik sahə üçün bu firmanın kondisonerinin satış qiyməti 890 manatdır. Rəşid Behbudov küçəsindəki məişət avadanlıqları satışı mağazasında satıcı bir qədər maddi imkanı aşağı olan təbəqə üçün də kondisoner satıldığını bildirdi: "İmkanı çatmayanlara pəncərə tipli kondisonerləri təklif edirik. 10 kv metr otaq üçün yalnız pəncərədə quraşdırılması mümkün olan kondisonerlərin qiyməti 220 manatdır".
Mağazadakı ən bahalı kondisonerin isə "Samsung" firmasına məxsus olan, işığa qənaətli "smart inverter" kondisoneri olduğunu bildirdi: "Bu kondisoner çox elektrik enerjisi sərf etmir. 25 kv metrliyinin qiyməti 920 manatdır".
Mağazada digər bahalı sərindəşdirici qurğu isə yenədə eyni firmaya məxsus hava təmizləyicisi xüsusiyyətə malik kondisonerlərdir. 35 kv metr sahə üçün nəzərdə tutulan bu kondisonerlər otağa mənfi ionlar buraxmaqla içəridəki rütubəti və pis qoxunu dəf etdiyindən, 910 manata satılır. Satıcı eyni modellərin ötən ildə hazırki qiymətlə satıldığını bildirsədə alıcılar bu mövsüm kondisonerlərin qiymətində nəzərəcarpacaq artım olduğunu söylədilər.
"28 may" küçəsi ilə Azadlıq prospekti 14-ün kəsişməsində yerləşən mağazada isə satıcı xanım hələki bu mövsüm kondisonerlərin qiymətində endirim olmadığını bildirdi. O, "Sharp" firmasının istehsalı olan 40 kv metrlik kondisonerlərin 690, 60 kv metrliklərinin isə 860 manata satıldığını bildirdi. Mağazada 60 kv metr sahə üçün nəzərdə tutulan "Panasoniq" firmasının kondisonerləri isə 1030 manata satılırdı. Saticı bildirdi ki, qiymətlərdə ötən ilə nisbətən bahalaşma var. Mövsümə görə, kondisonerlərin qiymətində endirim kampaniyası isə gözlənilmir: " Çünki bizdə satılan firmalardan kondisonerlərin qiymətinin endirimlə satılması barədə göstəriş gəlməyib".
"28" may küçəsi 9 ünvanındakı "Bosh" dükanına da baş çəkdik.
Bu dükanda bu mövsümdə kondisonerlərin qiymətinin düşəcəyini gözləməyin yersiz olduğunu bildirdilər: "Alıcı çoxdur. Çünki camaat yavaş-yavaş istinin "dadını" görməyə başladığından, məcbur puluna qıyıb kondisoner alır".
Satıcı "Bosh" firmasına məxsus kondisonerlərin ən ucuzunun 23 kv metrlik olduğunu bildirdi: "Bu ölçüdə kondisonerin qiyməti 530 manatdır. 40 kv metrlik-665 manata, 80 kv metrlik-1055 manatadır".
Evini sərinlətmək üçün kondisioner almağa maddi imkanı çatmayanlar ventilyatorun küləyində də sərinləyə bilər. Amma apardığımız araşdırma zamanı bəlli oldu ki, havaların siti keçməsi ventilyatorların da qiymətinə təsirsiz ötüşməyib. Belə ki, ventilyatorların qiyməti 25 manatdan başalayaraq 75 manatadək dəyişir. Pərləri dəmirdən olan ortabab ventilyatorun qiyməti 50 manatdan aşağı deyil.