“Azəriqaz” şimal zonasında altı Qaz İstismar İdarəsini ləğv edir

8 İyul 2014 15:12 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyinin Şabran Qaz İstismar İdarəsi ləğv edilir.

Artıq bununla bağlı orada çalışan işçilərə bildirişlər paylanılıb. Bildirişlərdə idarə əməkdaşlarına 2 ay müddətində özlərinə yeni iş yerini tapmaları ilə bağlı müraciət olunub.

 

"Azəriqaz" İB-nın mətbuat xidmətinin rəhbəri Araz Ağayev "APA-Economics"ə bildirib ki, bu ilin iyun ayının 17-dən etibarən Xaçmaz və Salyan Regional Qaz İstismar İdarələri yaradılıb. "Xaçmaz Regional Qaz İstismar İdarəsinin yaradılması ilə əlaqədar olaraq, struktur dəyişikliyi və struktur təkmilləşdirilməsi işləri getdiyi üçün işçilərə bildirişlər paylanılıb. Bu təbii prosesdir. Xaçmaz Regional Qaz İstismar İdarəsi Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar Qaz İstismar İdarələrinin yenidən qurulması nəticəsində yaradılır. Buna görə də 6 rayonun qaz istismar sahələrinin işçilərinə əmək qanunvericiliyinə uyğun olaraq bildirişlər paylanılıb. Bu idarələr yenidən təşkil olunduğu üçün bunların maddi-texniki bazasında Xaçmaz Regional Qaz İstismar İdarəsi yaradılır. Köhnə struktur qalmayacağı üçün orada işləmiş işçilər regional idarədə işlə təmin olunacaqlar. Bu insanların yenidən işlə təmin olunması məsələsi isə İnsan Resursları İdarəsinin səlahiyyətindədir".

 

Bu regionda işləyib sərbəstləşəcək işçilərin sayına gəldikdə isə qurum rəsmisi indidən hər hansı məlumat verə bilməyəcəyini qeyd edib.