Azərbaycanda minalardan 520 nəfər həlak olub

6 İyul 2012 09:00 (UTC+04:00)

Azərbaycanda bu günədək minalardan 1840 nəfər zərər çəkib, 520 nəfər həlak olub. Bunu baş nazirin müavini Abid Şərifov Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində Ceyrançöl layihəsinin təqdimatında bildirib.

O deyib ki, mina və sursatların ən çox təhlükəli olduğu yer Gürcüstan sərhəddində olan Ceyrançöl ərazisidir. Ceyrançöl layihəsi 3,9 mln avrodur, bu məbləğin yarısı Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir. Onun sözlərinə görə, başa çatan Saloğlu layihəsi NATO tərəfindən dəstəklənib və Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Bu layihə çərçivəsində çoxsaylı insanlara həyat bəxş edilib. Hazırda həmin torpaqlardan istifadə edərək minlərlə insanlar iş tapıblar.

Abid Şərifov bildirib ki, Azərbaycanda Kür çayı ətrafı daşqın baş verən rayonlarda 1500-dən çox evin bərpa-gücləndirilmə işlərinə vəsait ayrılıb.

Onun sözlərinə görə, yaxınlarda bu məsələ həll olunub və bir ay ərzində oradakı vətəndaşlara Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin vəsait ödəniləcək.

"Eyni zamanda, 700-dən çox evin tikilməsinə də vəsait ayrılıb və hesab edirəm ki, bu ərazidə müvafiq layihələr davamlı şəkildə həyata keçiriləcək", - Şərifov deyib.