QMİ rəsmisi: "Dini etiqadına görə istənilən zorakılıq halını qətiyyətlə pisləyirik"

8 İyul 2014 22:30 (UTC+04:00)

" Azərbaycanda həm dövlətin qayğısı, həm də dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinin birbaşa rəhbərliyi ilə dini icmalar öz fəaliyyətlərini lazımi səviyyədə qurmağa nail olublar.


 Lakin çox təəssüf edirəm ki, bu rəvanlığı pozmaq istəyənlər də yox deyil. Tolerantlıq, dinlər və məzhəblərarası dostluq və qardaşlığın hökm sürdüyü nadir məkanlardan biri olan ölkəmizdə milli özünəməxsusluğumuza, tarixi yaddaşımıza, əsrlərlə formalaşmış mədəniyyətimizə tamamilə yad olan məzhəb ayrı-seçkiliyi oyununu qurmaq istəyənlər peyda olublar. Dini etiqadına görə istənilən zorakılıq halını qətiyyətlə pisləyik. İnsanlar arasında təfriqə yaratmağın böyük günah olduğunu xatırladaraq, bəyan etmək istəyirəm ki, belə oyunlar Azərbaycanda heç bir zaman baş tutmayacaq".

 

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin İçərişəhərdəki məscidlər üzrə səlahiyyətli nümayəndəsi, "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədov bəzi media orqanlarında ölkədəki məzhəblərarası münasibətlərin kəskinləşməsində İçərişəhərdəki məscidlərin və QMİ-nin iştirakı ilə bağlı ittihamlara cavab verərkən deyib.

 

S.Məmmədovun fikrincə, belə hallar Azərbaycan üçün səciyyəvi deyil: " Pərakəndə təxribatlar Azərbaycan xalqının iradəsi və müdrikliyi, Azərbaycan dövlətinin qüdrəti qarşısında iflasa məhkumdur. Azərbaycan xalqı, o cümlədən din xadimləri heç zaman məzhəblər arasında təfriqəyə imkan verməz".

 

QMİ nümayəndəsi bəyan edir ki, din xadimləri belə təxribat və məkrlərin qarşısının alınması işində əlindən gələni heç vaxt əsirgəməyəcək: "Ölkəmizdə din-dövlət münasibətlərinə xələl gətirmək məramı ilə, məzhəblər arasında təfriqə yaratmaq niyyəti ilə edilən hər hansı təxribatçı əməl və ya çağırışla bağlı müvafiq dövlət qurumları tərəfindən lazımi tədbirlər görülməlidir. Təmsil etdiyim İçərişəhər Cümə məscidinin də adından bildirmək istəyirəm ki, bizim icma öz fəaliyyətində dini mərkəz - QMİ-nin dövləti maraq və milli mənafelərimizə cavab verən tövsiyələrini rəhbər tutur".