Bakı sürücüləri üçün xoş xəbər

8 İyul 2014 18:51 (UTC+04:00)

Paytaxtda yenidənqurma işlərinin aparıldığı Ziya Bünyadov (Dərnəgül) prospektinin oktyabr ayında istismara verilməsi planlaşdırılır. Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin şimal istiqamətində əsas çıxışını təmin edən magistrallardan biri olan Ziya Bünyadov prospektində yenidənqurma işləri sürətlə davam etdirilir. Sözügedən prospektin yenidən qurulmasında məqsəd "20 Yanvar" dairəsi, eyni zamanda, "Qələbə" kinoteatrının qarşısında yerləşən dairə ilə Böyük Şor qovşağı arasında nəqliyyat vasitələrinin sürətli, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Layihənin başlanğıcı Alı Mustafayev, Hüseynbala Əliyev, Əbdülvahab Salamzadə küçələrinin Ziya Bünyadov prospekti ilə kəsişdiyi dairə, sonu isə Böyük Şor yol qovşağıdır. Ümumi uzunluğu 9,2 km, eni isə 50-60 m nəzərdə tutulan prospekt keçdiyi ərazilərdən asılı olaraq 10-12 zolaqdan ibarət olacaq. Prospektin 4 mərkəzi zolağı isə sürətli hərəkəti təmin edəcək. Yol boyu hərəkətin tənzimlənməsi üçün 4 yerdə yolötürücülərin-qovşaqların və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün piyada keçidlərinin tikintisi nəzərdə tutulub. Artıq keçidlərdən biri hazırdır, digərində işlər başa çatmaq üzrədir, qalan iki keçiddə isə tikinti-quraşdırma işləri davam etdirilir. Bütün prospekt boyu kommunikasiya xətlərinin köçürülməsi, yeni yağış-kanalizasiya xəttinin çəkilməsi və torpaq işləri başa çatıb, yol qovşaqlarında isə son tamamlanma işləri yekunlaşmaq üzrədir.Yaxın vaxtlarda aşınma qatı istisna olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri də başa çatdırılacaq. Ümumilikdə prospektin oktyabr ayında istismara verilməsi planlaşdırılır. Tikinti sahəsində səyyar laboratoriya quraşdırılıb ki, bunun köməyi ilə də asfalt-beton örtüyünün və digər materialların daimi olaraq testləri həyata keçirilir. Bundan əlavə, lazer nəzarət cihazları ilə təchiz olunan asfalt döşəyən mexanizmlərdən istifadə edilir ki, Almaniya istehsalı olan bu mexanizmlər asfalt-beton örtüyünün keyfiyyətli döşənməsində xüsusi rola malikdir.