Baş nazirin müavini: "Əcnəbi həkimlərin fəaliyyəti nəzarətə götürülməlidir"

9 İyul 2014 16:25 (UTC+04:00)

"Azərbaycanda səhiyyə sisteminin maliyyələşməsi mexanizmi köklü şəkildə dəyişəcək".Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədrinin və baş nazirin müavini Əli Əhmədov deyib.  Səhiyyədə gözlənilən islahatlardan danışan Ə. Əhmədov bildirib ki, bunlar arasında ən önəmlisi icbari tibbi sığortanın tətbiq edilməsi olacaq: "Bunun tətbiqi mahiyyət etibarilə səhiyyədə, səhiyyənin maliyyələşməsində və eyni zamanda xəstə-həkim münasibətlərində yeni bir mexanizmin yaranmasını nəzərdə tutur".

 

Baş Prokurorluğa daxil olan korrupsiya faktları arasında səhiyyə sahəsinə aid olanların çoxluq təşkil etməsinə münasibət bildirən baş nazirin müavini təəssüflə qeyd edib ki, belə neqativ hallar var: "Amma bütün bunların hamısı tezliklə həyata keçiriləcək islahatlar, o cümlədən icbari tibbi sığortanın tətbiqi ilə aradan qaldırılacaq".

 

Ə. Əhmədovun sözlərinə görə, ölkə başçısının diqqəti altında səhiyyəyə böyük investisiya qoyulur, infrastruktur ən müasir formada yenilənir və artıq ölkədə 500-dən çox ən müasir tibb müəssisələri yaradılıb: "İndiki mərhələ isə islahatın yeni pilləsinə qalxmaqdan ibarətdir. Bu islahatların tərkib hissəsindən biri də son vaxtlar bizi çox narahat edən amil olan vətəndaşlarımızın müalicə üçün daha çox xarici ölkələrə üz tutmasıdır. Məqsədimiz ondan ibarətdir ki, bu cür gedişləri minimuma endirək. Bundan başqa, Azərbaycana başqa ölkələrdən gələn, peşəkarlıq səviyyəsi o qədər də aydın olmayan həkimlərin fəaliyyəti nəzarətə götürülməlidir. Çünki bu cür həkimlərin fəaliyyəti nəticəsində bir sıra fəsadlar ortaya çıxıb. Aparacağımız islahatlar nəticəsində bunu da aradan qaldıracağıq. Bizim məqsədimiz azərbaycanlı həkimin etibarını artırmaqdır".