Radikal müxalifət tükənir

8 Aprel 2012 00:55 (UTC+04:00)

Aprelin 8-də radikal müxalifətin uzun fasilədən sonra ilk etiraz aksiyası baş tutmalıdır. Özü də bu aksiyanın əvvəlki illərdə baş verənlərdən fərqi onun razılaşdırılmış əsasda baş tutacağı ilə bağlıdır. Belə ki, müxalifət bu dəfə Bakı Şəhər İcra Hakimiyyətinin müəyyənləşdirdiyi yerdə mitinq keçirməyə razılıq verib. Mitinq iştirakçılarının sayına gəldikdə isə müxalifət mətbuatı sabahkı tədbirə 5 mindən çox insanı çıxara biləcəklərindən bəhs edir.

Amma sirr deyil ki, onlar hazırda bu qədər qüvvə çıxarmaq iqtidarında deyil. Keçən ay müxalifətçi gənclərin baş tutan mitinqi də göstərdi ki, radikalların qüvvəsi artıq tükənib. Aksiyaya lazımi qədər qüvvə çıxara bilməmələri isə belə bir nəticəyə gətirir ki, onlar etiraz aksiyalarından imtina etməlidirlər. Ümumiyyətlə sosial bazası daim tükənmək istiqamətində gedən siyasi qüvvələr tarixin səhnəsindən getməlidirlər. Bu bir aksiomadır. İctimai Palatada cəmləşən müxalifət qüvvələrinin sosial bazasının yox səviyyəsində olması isə artıq hər kəsə bəllidir. Amma müxalifətin icazəli mitinqə getməsi həm də siyasətdə yeni bir başlanğıca rəvac verə bilər. Bu kimi məsələləri ekspertlərlə dəyərdəndirdik.

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov əmindir ki, müxalifət sabahkı etiraz aksiyasına cüzi sosial baza ilə qatılacaq: "Müxalifət mətbuatı bazar günü keçirəcəkləri aksiyaya 5-10 min insanı toplaya biləcəklərini deyir. Təbii ki, onlar mitinq keçirən zaman həmişə belə fikirlər səsləndirib. Hər dəfə aksiyaya qatılacaq insanların sayını şişirtməklə məşğul olublar. İllər boyu fəaliyyətlərini bu ssenari üzərində qurublar. Bununla sosial bazalarını göstərməyə çalışırlar. İddia edirlər ki, guya, sosial bazaları kifayət qədərdir. Amma əminəm ki, sabah keçirəcəkləri mitinqə də az miqdarda insan gələcək. Bununla da sosial bazalarının zəif olduğu bir daha əyani şəkildə üzə çıxacaqdır. Əhaliyə mitinqlə bağlı ünvanladıqları çağırışların da düşünürəm ki, aksiyada sosial baza toplamaq baxımından əhəmiyyəti olmayacaq. Hətta özlərinin gücünü göstərmək üçün taksi sürücülərinin də aksiyaya qoşulacağını iddia edirlər. Maraqlıdır, taksi sürücüsü çörək pulu qazanmağı dayandırıb, məgər mitinqə gələcək? Əslində radikal müxalifətin etdiyi bu çağırışlar perspektivsiz çağırışlardır. Əhalinin tam əksəriyyəti hakimiyyətin yeritdiyi siyasətin düzgünlüyünü dərk etdiyindən müxalifətin çağırışlarına səs vermir. Radikal müxalifətin yeritdiyi taktika, 20 illik müxalifətçilik dövründə hər hansı bir uğur əldə etməmələri istər-istəməz əhalinin onlardan uzaqlaşması ilə nəticələnir. Düzdür, etiraz aksiyaları təşkil etmək hər bir təşkilatın hüququdur. Bu mənada aksiyalardan imtina etmək də olmaz. Amma proses göstərir ki, radikal müxalifətin mitinqlərinə günü-gündən daha az adam cəlb olunur. Ona görə də radikallar artıq səhnədən getməlidirlər ki, onları yeni qüvvələr əvəz edə bilsin. Çünki hazırkı müxalifət radikal və qeyri-konstruktiv adını alıb. Onların daha konstruktiv müxalifətlə əvəz olunmasının vaxtı artıq yetişib. Radikalların sabahkı mitinqində kütləviliyin olmayacağı şübhəsizdir və ona görə də əminəm ki, həmin aksiya da radikalların səhnədən getməli olduğunun vacibliyini ortaya qoyacaq. Ölkədə müxalifətin olması vacibdir. Demokratiyanı müxalifətsiz təsəvvür etmək olmaz. Amma müxalifət Azərbaycanda olduğu kimi olmamalıdır. 20 illik fəaliyyətləri dövründə onlar özləri oliqarxiyaya çevrilib. Bu oliqarxlardan yaxa qurtarmaq üçün yeni qüvvələr gəlməlidir. Görünür, radikal müxalifət icazəsiz aksiyaların effekt vermədiyini anladığından indi də razılaşdırılmış mitinqlərə getmək kursu götürüb. Amma yenə də bildirirəm ki, onlar bu halda da mitinqə çoxsaylı insan kütləsini yığa bilməyəcək. Dövlət orqanları həmişə onlara aksiya keçirmək üçün müvafiq yerlər ayırıb. Lakin atdığı addımlarla sübut etdilər ki, müxalifət qarşıdurmaya getməkdə maraqlıdır. Bu da sosial bazalarının azlığından qaynaqlanır. Müxalifətin deyiləsi sözü ümumiyyətlə yoxdur. Onlar yeni söz desələr yəqin biz də görəcəyik".

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə isə qeyd etdi ki, radikal müxalifət razılaşdırılmış aksiyalara getməklə əslində siyasətdə yeni başlanğıca meydan vermiş olacaqlar. Bu başlanğıc da mitinqlərin qanuni əsaslarla keçirilməsinə getməkdən ibarətdir: "Müxalifətçilər artıq belə görünür razılaşdırılmış mitinqlərə əhəmiyyət verməyə başlayıb. Bu əslində yaxşı əlamətdir. Buradan belə ehtimal etmək olar ki, onlar da qanunun aliliyinə hörmət etməyə başlayır. Prosesləri bu cür qanuni əsaslarla davam etdirsələr siyasətdə yeni başlanğıca start verə bilərlər. Amma məsələ ondadır ki, nə qədər mitinqlər keçirsələr də belə radikal müxalifətin artıq gücü tükənməkdədir. Onlar nə qədər çabalasalar da daha əvvəlki qüdrətlərini bərpa edə bilməyəcəklər. Çünki sosial bazaları daim daralmağa doğru istiqamət götürüb. Ona görə də istirahət günü keçirəcəkləri mitinqə özlərinin dediyi kimi on minlərlə insanın toplaşacağını gözləmirəm. Əksinə, ora gələnlər bir neçə dəfə az olacaq. Bu minvalla tədricən aksiyalardan imtina yolunu tutmaq məcburiyyətində alacaqlar. Çünki aksiyalarda sosial bazalarının gücü açıq şəkildə bəlli olduğundan az qüvvə ilə mitinqlərə çıxmaqla özlərini tamamilə gözdən salacaqlar. Ümumiyyətlə son illərin siyasi proseslərin radikal müxalifətə artıq ölkəmizdə, cəmiyyətdə yer olmadığını göstərir. Ona görə də gec-tez bu tip qüvvələr tarixin arxivinə getməli olacaq. Bu birmənalıdır".

Həsən İSLAMOV