Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) şirkətin prezidenti Rövnəq Abdullayev Hondurasın iqtisadi inkişaf naziri Alden Riveranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, Rövnəq Abdullayev bildirib ki, regional və qlobal əhəmiyyətli layihələr üzrə qısa bir müddətdə şaxələndirilmiş ixrac boru kəmərləri sistemi yaradılıb.
Bu sektorda tətbiq edilən yeni texnika və texnologiyalar karbohidrogen hasilatında artıma səbəb olub. Son illər ölkəmizin enerji sektorunda əldə etdiyi müvəffəqiyyətlər, infrastrukturun yenilənməsi, daxildə və xaricdə həyata keçirdiyi layihələr haqqında qonaqlara ətraflı məlumat verən ARDNŞ-ın prezidenti bu ilin may ayında Hondurasın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korralesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşünü xatırladıb, belə səfərlərin ölkələr arasında əməkdaşlığın formalaşmasında mühüm rol oynadığını bildirib.
Hondurasın iqtisadi inkişaf naziri Alden Rivera Azərbaycanın qısa
bir müddətdə böyük inkişafa nail olduğunu söyləyib, enerji
sahəsində həyata keçirilən regional və qlobal miqyaslı layihələrin
əhəmiyyətini vurğulayıb. O, Azərbaycan və regionun lider
şirkətlərindən biri olan ARDNŞ ilə uzunmüddətli əlaqələrin
qurulmasında maraqlı olduqlarını söyləyib.
Sonra görüşdə Hondurasdakı iqtisadi və humanitar vəziyyət, ölkənin
iqtisadiyyatı və sosial-mədəni inkişaf səviyyəsi haqqında təqdimat
keçirilib. Bildirilib ki, ölkədə iqtisadiyyatın artımına, inkişaf
edib böyüməsinə, yeni iş yerlərinin yaradılmasına ehtiyac var.
Bunun üçün Hondurasın böyük potensiala malik olduğunu söyləyən
nazir Alden Rivera bu istiqamətdə atılan addımlardan söz açmış və
SOCAR-ı öz ölkələrində biznes fəaliyyətində görmək arzularını ifadə
edib. ARDNŞ prezidenti Rövnəq Abdullayev təkliflərin
dəyərləndiriləcəyini vurğulayıb.