"Çingiz Abdullayevin müraciətini alqışlayırıq"
6 İyul 2012 16:27 (UTC+04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin gənc
şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə bağlı müraciətini
alqışlayıb. Bu barədə APA-ya XİN-in mətbuat katibi Elman
Abdullayev məlumat verib.
"Bu müraciət – ictimaiyyətin
yaranmış vəziyyətdən ciddi şəkildə narahatlıq keçirdiyini daha bir
göstəricisidir. Ümidvarıq ki, İran rəhbərliyinin bu məsələ ilə
bağlı atacağı addımlar iki qonşu dövlət arasında qarşılıqlı dostluq
münasibətlərinin ruhuna uyğun olacaq".
Xatırladaq ki, dünən Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz
Abdullayev İran Xarici İşlər Nazirliyinə, digər ölkələrin xarici
siyasət idarələri və diplomatik korpuslarına, xarici ölkələrdə
fəaliyyət göstərən PEN klublara gənc şairlər Fərid Hüseyn və
Şəhriyar Hacızadənin həbsi faktı ilə bağlı müraciət edib.
Müraciətdə bildirilir ki, İranda iki gənc azərbaycanlıya qarşı
qanunazidd hərəkətlər beynəlxalq hüquq normalarının, insan
haqlarının fundamental prinsiplərinin kobud şəkildə
pozulmasıdır.
İran kütləvi informasiya vasitələrinin məlumatına görə, Fərid
Hüseyn və Şəhriyar Hacızadə casusluq faktına görə həbs olunublar.
Lakin İran XİN hələ də Azərbaycan vətəndaşlarının həbsinin
səbəbləri ilə bağlı rəsmi Bakını
məlumatlandırmayıb.