Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi başa çatır

6 İyul 2012 18:09 (UTC+04:00)
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, bu mərhələyə ilk növbədə infrastrukturun qurulması, yəni qaz, elektrik, su, rabitə sistemlərinin və 32 kilometrlik yolun tikintisi daxildir. Birinci mərhələdə dörd ulduzlu otelin və lift bazasının, kanat yollarının inşası nəzərdə tutulub. Turistlərin xizək enişinə çatdırılması üçün kanat yolların inşası davam etdirilir. Artıq 2, 3, 4, 8 və 9 nömrəli liftlərin quraşdırılması başa çatıb. Hazırda 7 nömrəli liftin tikintisi üzrə işlər aparılır. Kompleksin ərazisində daxili yollar tikilib, dağ çayları üstündən körpülər salınıb. Turizm kompleksini Qusar rayon mərkəzi ilə birləşdirən 32 kilometrlik avtomobil yolunun tikintisi davam etdirilir. Yolun keyfiyyəti beynəlxalq standartlara uyğun olaraq avtomobil nəqliyyatının maneəsiz və təhlükəsiz hərəkətini təmin edəcək. Kompleksin qazlaşdırılması məqsədilə əraziyə qaz kəməri çəkilib, obyektin istismara qəbulu üzrə işçi komissiyası yaradılıb. Mehmanxana kompleksinin kanalizasiya sisteminin tikintisi də tamamlanıb. Hazırda içməli su təminatı sistemində işlər davam etdirilir. Layihənin növbəti mərhələlərində yeni xizək yollarının salınması və yaşayış zonasının genişləndirilməsi nəzərdə tutulub.