Anar İranın ali dini rəhbəri Xamneyiyə müraciət edib
6 İyul 2012 18:26 (UTC+04:00)
Azərbaycan Yazıçılar Birliyinin
sədri Anar İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah
Xamneyiyə müraciət edib. APA-nın məlumatına görə, müraciətdə
deyilir:
Hörmətli ağayi Xamneyi!
İki gənc şairimizin - Yazıçılar Birliyinin üzvü Fərid Hüseynin və
Şəhriyar de Geraninin İranda həbs edilməsi bizi çox narahat edir.
Bu xəbəri alan kimi Yazıçılar Birliyi dərhal bəyanat verdi. İndi
mən Sizə müraciət edirəm. Azərbaycan nümayəndə heyətinin tərkibində
Tehranda olarkən Siz bizi qəbul etdiniz. Qəbul zamanı Siz böyük
şairimiz Şəhriyarı xatırladınız, onunla dostluğunuzdan danışdınız,
hətta "Heydər babaya salam" şeirindən bir neçə beyt
oxudunuz.
Ümid edirəm ki, Şəhriyarın mənəvi övladları olan iki gənc istedadlı
şairimizin taleyinə biganə qalmayacaqsınız, onların tezliklə azad
olunması üçün nüfuzunuzu və imkanlarınızı
əsirgəməyəcəksiniz".