Bağ evlərinin satış və kirayəsi sürətlə artır

16 İyul 2014 08:07 (UTC+04:00)

Araşdırmalar göstərir ki, Azərbaycanda bağ evlərinin kirayə qiyməti sürətlə artır. Təxmini hesablamalara görə, son 5 ildə bağ evlərinin kirayə qiyməti 2,5 dəfə yüksəlib. Bu gün hətta aylıq icarə haqqı 10 min manat olan bağ evləri var. Məhz bu göstəriciyə görə Azərbaycan MDB-də ilk sıralarda durur. Ancaq artan tək kirayə haqları deyil. Bağ evlərinin satış qiyməti də hər növbəti il daha baha olur. Mütəxəssislər artımı daha çox mövsümlə əlaqələndirdilər.

"MBA Konsaltinq" Şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirir ki, bağ evlərindəki yüksək kirayə qiymətləri mövsümlə bağlıdır: "Mövsümü aylarda torpaq və bağ evlərinin qiymətlərində artım olur. Həmin aylarda daha çox insan bu bazara üz tutur. Yay ayları istirahət mövsümü olmasından vətəndaşlar özlərinin bu ehtiyacını bəzən bağ evlərində ödəyirlər. Belə olan təqdridə isə bağ evlərinin qiyməti artır. Eyni zamana insanların gəlirlərinin artması da müəyyən dərəcədə rol oynayır. İnsanların gəliri artdıqca, onlar istirahətə daha çox vaxt ayırmaq imkanı əldə edirlər".

Ekspert bildirdi ki, bağ evlərinin kirayə qiymətindəki artım da mövsümi aylarla bağlıdır: "Xüsusən də Mərdəkan Bilgəh, Zuğulba zonalarında bağ evlərinə tələbat çoxalır. Adətən, bahalı bağ evlərinə yalnız mövsümi aylarda tələbat artır. Avqust ayının sonlarına yaxın isə qiymətlər yenidən köhnə səviyyəsinə qədər düşür. Həmin mülklər qış aylarında boş qaldığından xərcləri gəlirlərindən çox olur. Ona görə də sahibləri itirdiklərini yay fəslində kompensasiya etməyə çalşırlar. Həm də havanın təmizliyinə görə Abşeron yarımadası üstünlük təşkil edir. Bununla yanaşı, son illər o ərazidə infrastrukturun vəziyyəti daha da yaxşılaşdırılıb. Bütün bu amillər xüsusi ilə də Bakıətrafı zonalarda bağ evlərini həm satış, həm də icarə qiymətini artırır".

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin sədri Ramil Osmanlı da baş verən qiymət artımının mövsümlə bağlı olduğunu bildirdi: "Bahalaşma yay mövsümü daxil olandan başlayır. Eyni zamanda bazardakı ümumi konyukturadan asılı olan məsələlər də var. Keçən ildən fərqli olaraq bu il bazarın bütün seqmentlərdə qiymət artımları olub. Mənzil, fərdi yaşayış evlərinin bağ evləri, kotteclərdə qiyməti artımlar baş verib. Yay mövsümü ilə əlaqədar olaraq da bağ evlərinə tələbatın artması bu sahədə bahalaşmaya təsir göstərib. Amma bağ evlərinin bahalaşması o qədər kəskin və davamlı xarakter daşımayacaq. Güman ki, iyul ayının ortalarından başlayaraq qiymətlərdə stabilləşmə baş verəcək".

Ramil Osmanlı əlavə etdi ki, adətən bu aylarda Bakı ətrafında, dənizkənarı ərazilərdə mənzillərin kirayə qiymətləri nisbətən artır: "Hətta bağ evlərinin kirayə haqları 500-5000 manata qədər dəyişə bilir. Qiymətlərin həddi mənzilin dənizə yaxınlıqdan, kommunal şəraitdən, təchizatından, ümumi sahəsindən asılı olaraq dəyişir".