Azərbaycan ordusunun reytinqi postsovet ölkələrini üstələyir

16 İyul 2014 11:28 (UTC+04:00)

"Global Firepower Index" reytinqində (globalfirepower.com) Azərbaycan ordusu 50-ci yerdə qərar tutub. Reytinqinqdə qeyd edilib ki, Azərbaycan ordusunun yüz minlərlə rezerv qüvvəsi mövcuddur. Ordunun gücü iqtisadi gücdən də asılı olduğu üçün reytinqdə Azərbaycan Respublikasının iqtisadi rəqəmlərinə görə də ordu bal toplayır. Reytinqdə qeyd olunur ki, yeni texnologiyaların istifadəsinə baxmayaraq neft müharibə zamanı hələ də ordunun qanı rolunu itirməyib. Belə ki, reytinqdə qeyd olunan günlük 932 min barrel neft hasilatı, 98 min barrel neft tələbatı, isbat olunmuş 7 milyard barrel neft ehtiyyatı ordunun ballarına əlavə olunur. Reytinqdə Azərbaycan respublikasının müdafiə büdcəsi: $ 3.185 milyard, xarici borc: $ 9.11 milyard, xarici valyuta və qızıl ehtiyatları: $ 11 milyard 280 milyon, alıcılıq qabiliyyəti pariteti: $ 98 milyard 360 milyon kimi rəqəmlərlə qeyd edilib. 


Sırf ordu qüvvələrinin rəqəmlərinə gəldikdə isə reytinqə görə 544 tank, 1 864 Zirehli döyüş nəqliyyat vasitələri, 180 özüyeriyən silahlar, 384 artileriya, 266 reaktiv artileriya sistemi Azərbaycan ordusunun balansındadır. 


Reytinqdə qeyd edilən hava və dəniz qüvvələrinin rəqəmləri də qürurvericidir. Belə ki, 125 qırıcı təyyarə, 18 sabit hücum təyyarəsi, 54 nəqliyyat təyyarəsi, 19 təlim təyyarəsi, 79 helikopter, 18 hücum helikopteri hava qüvvələrinə aiddir.


Beynəlxalq təşkilatın mütəxəssislərinin qeyd etdiyinə görə ölkəmizin hərbi dəniz qüvvələri təyyarə daşiyan gəmilərdən başqa bütün növ hərbi gəmi vahidlərinə malikdir. Bunlardan ümumi 47 vahid olmaqla, 1 freqat, 4 sualtı qayıq, 23 sahilyani müdafiə qayıqları, 7 minaatan rəsmi olaraq qeyd edilib. 


Ümumilikdə 106 ölkənin ordu gücü hesablandığı reytinqdə Ermənistan ümumiyyətlə yer almayıb. Reytinqdə Qazaxstan 80, Belarus 52, Gürcüstan 64, Estoniya 96-cı yer almaqla ABŞ, Rusiya, ÇXR, Hindistan, Böyük Briyaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya və Yaponiya ilk onluqdadır. 


Qeyd edildiyi kimi reytinqin hazırlanmasında Amerikanın mərkəzi kəşfiyyat idarəsinin CIA.gov, CIA World Factbook və wikipedia.com saytları olmaqla KİV xəbərləri və sair məlumatlardan istifadə olunub.

(Anspress)