İrana getmək təhlükəli hala çevrilir

7 İyul 2012 09:10 (UTC+04:00)

Artıq belə görünür ki, cənub qonşumuz İrana səfər etmək təhlükəli hala çevrilməyə başlayıb. Təbrizdə keçirilən mədəni tədbirdə iştirak edib geri qayıdarkən həbs edilən azərbaycanlı gənc şairlər Şəhriyar Hacızadə və Fərid Hüseynin başına gələnlər belə bir qənaətə gəlməyə əsas verir. Artıq iki aydan çoxdur ki, İranda naməlum məkanda saxlanılan həmin iki şairin cəsusluqda ittiham olunduğu barədə məlumatlar dolaşmaqdadır. Hətta İran tərəfi video görüntülər də yayıb. Video görüntülərdə isə Azərbaycan şairlərindən müsadirə edilən mobil telefon, diktafon və fotoaparat da var.

Süjetdə bu materiallar şairlərin guya cəsusluq üçün istifadə etdikləri avadanlıq kimi qələmə verilir. Bundan başqa onların guya İrana təxribat törətmək üçün gəldiyi, yerli əhalini Azərbaycan xüsusi xidmət orqanları ilə işbirliyinə cəlb etməyə çalışdıqları da iddia edilir. Həmçinin iddia edilir ki, gənc şairlər İrana saxta dəvətnamə ilə gəlib. Guya onlar İrana gəlmək üçün mədəniyyətyönümlü qurumlardan birinə müraciət ediblər və aprelin 29-da keçirilən şeir müsabiqəsinə də bu yolla qatılıblar. Şairlər barədə gedən materialda həmçinin onların fotoaparatında İrandakı "strateji obyektlərin və qurğuların" şəkillərinin aşkarlandığı da bildirilir. Tehran hakimiyyətinin sıravi vətəndaşlarımıza qarşı bu hərəkəti onu göstərir ki, artıq İran kimi despotik, insanları ləkələməklə həbsə salan bir ölkəyə səfər etmək olduqca təhlükəlidir. Proses ondan xəbər verir ki, bu gündən İrana səfər edən istənilən Azərbaycan vətəndaşını, hətta ora xoş niyyətlə getsə də belə, anoloji aqibət gözləyə bilər.

Görəsən, günahsız şairlərimizi cəsus elan edən molla rejiminin istənilən digər sıravi Azərbaycan vətəndaşını da bu adla saxlaması nə dərəcədə mümkündür?

Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli də bu qənaətdədir ki, Azərbaycan vətəndaşlarının artıq İrana səfər etmələri təhlükəli bir məcraya çevrilib: "Son vaxtlar İranın müxtəlif cəsus şəbəkələri Azərbaycanda təxribat xarakterli tədbirlər, terrora cəhdlərdə bulunub. Bir neçə ay bundan öncə İranın ölkəmizə qarşı həyata keçirmək istədiyi bu tip əməlləri Azərbaycanın müvafiq qurumları tərəfindən zərərsizləşdirildi. Tehran rejimi də bunun əvəzində heç bir məntiqə sığmayan əməllərə gedərək ora gedən günahsız sıravi vətəndaşlarımızı əsassız ittihamlarla tutub saxlayır. Gənc şairlərimiz ətrafında yaranmış vəziyyət ondan xəbər verir ki, İrana yollanan istənilən digər vətəndaşlarımız da qondarma ittihamlarla həbsə atıla bilər. İran tərəfi öz çirkin niyyətlərinə nail olmaq üçün istənilən vətəndaşımıza günahsız gənc şairlərimizə etdiyi kimi ləkə yaxa bilər. Ona görə də indiki halda İrana səfər etmək Azərbaycan vətəndaşları üçün daha da riskli, təhlükəli olub. Bildiyiniz kimi, İrandan ölkəmizə, xüsusən də onun işğal altında olan ərazilərinə narkotik maddələr daşınır. Onların bu əməllərinin qarşısını Azərbaycanın hüquq-mühafizə orqanları ciddi şəkildə alır. Bu isə Tehran rejiminin narazılığına səbəb olur. Digər tərəfdən son zamanlar İranın beynəlxalq aləmdə imici sıfra enib. O, dünya miqyasında təhlükəli dövlətə çevrilib. Belə bir vəziyyətdə isə molla rejimi çıxış yolunu ölkəsinə səfər edən qonşu dövlətlərin vətəndaşlarını tutub saxlamaq, onlara qarşı əsassız ittihamlar irəli sürməkdə görür. Suda boğulan adam əlini çöpə atdığı kimi, İran da beynəlxalq izolyasiyada olduğundan bunun acığını qonşu ölkələrin sıravi vətəndaşlarından çıxmaqla almaq istəyir. Şairlərimizlə bağlı baş verən olay onu göstərir ki, İranın vətəndaşlarımıza qarşı anoloji qeyri-hüquqi hərəkətləri bundan sonra daha da radikallaşacaq. Molla rejimi gələn xarici qonaqlara münasibətdə Azərbaycanın nümayiş etdirdiyi qonaqpərvərlikdən nümunə götürməlidir. Bildiyiniz kimi, Şəkidə Xan Sarayında musiqi festivalı keçirilir. Ora gələn xarici qonaqlar arasında İranın da sıravi vətəndaşları olub. Onlar da digər qonaqlar kimi ölkəmizə rahat şəkildə gəlib, festivalda iştirak edib, rahat şəkildə də ölkələrinə qayıdıblar. Bunun müqabilində İranın hərəkətləri isə hətta beynəlxalq hüquq normalarına belə sığmır. Belə görünür ki, bundan sonra müalicə almaq və qohumlarını görmək üçün İrana gedənlərin aqibəti də gənc şəirlərimizin aqibəti kimi olacaq. Molla rejimi ora gedən vətəndaşlarımızı özlərilə əməkdaşlığa dəvət edir. Bizim vətəndaşlar bunu qəbul etməyəndə isə onlara təzyiq göstərir, şərləyir, hədə-qorxu gəlirlər. Qonşusu ilə mehriban yaşamaq niyyətində olan molla rejimi bu çirkin niyyətlərindən əl çəkməlidir".

Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli də bildirdi ki, gənc şairləri cəsusluqda ittiham edən molla rejimi, ora səfər edən digər vətəndaşlarımızı da heç bir əsas olmadan rahat şəkildə anoloji ittihamlarla saxlaya bilər: "Gənc şairlərimizlə bağlı hadisə onu göstərir ki, İran tərəfinin azərbaycanlılara münasibəti son zamanlar daha pis xarakter alıb. Əslində Azərbaycan vətəndaşlarına qarşı yeritdiyi siyasət İranın daimi münasibətidir, onlar ənənəvi olaraq Azərbaycana münasibətdə belə çirkin əməllər törədib. Hər zaman onlar bizim vətəndaşlara qarşı belə təxribatçı əməllərdə olublar. Yaranmış vəziyyət ondan xəbər verir ki, İranın ölkəmizə münasibətdə yeritdiyi fitnə-fəsad ora gedən digər vətəndaşlarımıza qarşı da yönələ bilər. İran tərəfi öz xislətinə uyğun olaraq ora səfər edən digər sıravi Azərbaycan vətəndaşlarına da cəsus və narkoman damğası vurmaqla onları həbs edə bilər. Onlardan bu istiqamətdə nə desən gözləmək olar. Görünür, bu əməllərilə molla rejimi çalışır ki, ölkəsinə bir nəfər də olsun azərbaycanlı gəlməsin".