NATO Qarabağ məsələsinə hərbi müdaxilə edəcək?!

17 İyul 2014 08:16 (UTC+04:00)

Rusiyanın Ukraynadakı məlum hərəkətləri nəhayət ki, NATO üzvlərinin daha sərt reaksiyası ilə müşayiət olunmağa başlayıb. Belə ki, Çexiya prezidenti Miloş Zeman Rusiyanın Ukraynanın şərqindəki torpaqların hesabına öz ərazisini genişlədəcəyi təqdirdə, sözlərdən hərəkətə keçmək vaxtının çatacağını deyib. O əlavə edib ki, belə bir vəziyyətdə ittifaq ölkələrinin də Ukrayna ərazisinə girməsi mümkün olacaq.

NATO-nun Ukrayna məsələlərinə müdaxilə edəcəyi təqdirdə bu, Qarabağ üçün də presedent kimi görünə bilər. Çünki, üzvü olmayan ölkəyə yardım göstərən NATO niyə də başqa bir dövlətə yardım göstərməsin?! Ancaq siyasi şərhçilər Alyansın Azərbaycan və Ukraynaya yardımçı qismində qoşulacağını istisna edirlər.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı bildirdi ki, bu, "sakitləşdirmə siyasəti"dir: "Rusiyanın son addımları fonunda da ona qarşı tətbiq edilən "sakitləşdirmə siyasəti" bənzər nəticələr yarada bilər. Ukrayna NATO-nun üzvü deyil. Eyni zamanda NATO-nun özündə "soyuq müharibə"dən sonra Şərqə genişlənmə ilə bağlı ciddi tərəddüdlər var. NATO guya Transaltlantik ərazidə təhlükəsizliyi təmin etməli idi. Amma indi Əfqanıstana qədər əməliyyat keçirir. Bunlar isə öz daxilində həm ümumi idarəetmə, həm insan itkisi, həm də maddi xərcləri baxımından ciddi mübahisələrə səbəb olur. Ona görə də NATO-nun Ukraynaya doğru genişlənməsi, Rusiya ilə üz-üzə qalıb-qalmaması məsələsində müəyyən tərəddüdləri var. Əgər NATO-nun bu tərəddüdləri Rusiyanın keçmiş SSRİ-ni bərpa etmək səylərinin artmasına səbəb olacaqsa, onda NATO üçün həmin tərəddüdlər azalacaq".

Oxşar müdaxilənin Dağlıq Qarabağa da edilməsi nüansına gəldikdə politoloq əlavə etdi ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması, bir tərəfdən də rus rəsmilərinin ikibaşlı açıqlamaları Azərbaycan və beynəlxalq aləmdə müəyyən narahatçılıqlar yaradır: "Azərbaycan öz ərazilərində əməliyyatlar apardığı müddətdə əgər Rusiyanın cavab addımları olmayacaqsa, Azərbaycan NATO-suz da bu işi həll edə bilər. Amma Rusiya prosesdə iştirak edəcəksə, onda NATO-nun Rusiya ilə açıq şəkildə qarşı-qarşıya gələcəyi barədə suallar var. Ukraynanın şərqi ilə bağlı NATO-nu çağırmaq ona görə müəyyən qədər mümkündür ki, Rusiyanın hərbi dəstəyi açıq görünmür. Ukraynın şərqində Rusiya ilə mütəffiq olan hüquqi subyekt yoxdur. Qarabağ məsələsində isə vəziyyət bir qədər fərqlidir. Həm Ermənistanda Rusiyanın hərbi bazalarının mövcudluğu, həm də rus nümynədlərini açıq dəstək bəyanatları var. Əgər Rusiya keçmiş SSRİ-ni bərpa etmək fikrində daha çox iddialanarsa, o zaman NATO-nun müəyyən dəstəyi ola bilər. Canlı qüvvə şəkildə yox, texniki, hava hücumundan müdafiə qabiliyyətini artırmaq kimi yardımlar göstərə bilər. Ancaq NATO ordusunun bizimlə bərabər döyüşməsi gözlənilən deyil".

Təhlükəsizlik və Enerji Tədqiqat Mərkəzinin rəhbəri Ceyhun Mahmudova görə isə Qarabağ məsələsində NATO-nun müdaxiləsi mümkün deyil: "Çünki, NATO-nun təməlindəki mövqeyi bundan ibarət deyil. "Soyuq müharibə" dövründə NATO-nun başqa məqsədləri var idi. NATO kollektiv müdafiə siteminə əsaslanır. Yəni, üzv dövlətlərin yalnız müdafiəsini qoruyur. Beynəlxalq təhlükəsizlik NATO-nun vəzifələrindən deyil. Amma "soyuq müharibə"dən sonra NATO qarşısına yeni məqsədlər qoydu və genişlənməyə başaldı, üzvlərinin sayını artırdı. Hətta bəzi beynəlxalq münaqişələrə qoşuldu. Əfqanıstanı, Kosovanı misal göstərə bilərik. Mövcud vəziyyətdə NATO-nun bu məsələyə müdaxilə etməsi qanuni olaraq NATO-nun strukturu baxımından mümkün görünmür. Əslində, NATO Sovet İttifaqına qarşı qurulmuş bir beynəlxalq müdafiə təşkilatı idi. Bu gün də Rusiya Sovet İttifaqının xələfi olaraq öz hegemon siyasətini davam etdirirsə, NATO-nu buna qarşı olan mövqedə görmək olar. Amma Çexiya prezidentinin bu şəkildə çıxış etməsi NATO-nun mövqeyini tam ifadə etmir. Çexiya və digər Şərqi Avropa dövlətləri NATO-nun yeni üzvləridir. NATO-nun əsas üzvü ABŞ və Qərbi Avropa dövlətləridir. Qərar onların çıxışının nə olacağından ibarətdir. Bu məsələ ilə əlaqədar NATO-nun Ukraynaya müdaxilə edəcəyinə inanmıram. Qarabağ münaqişəsi ilə əlaqədar isə bu məsələnin heç bir perspektivi yoxdur. Ümumiyyətlə, NATO çərçivəsində Dağlıq Qarabağ məsələsinə heç bir halda baxılmayıb. NATO-nun bununla bağlı sülhyaratma təcrübəsi və niyyətləri yoxdur. NATO Ukrayna məsələsinə müdaxilə etmiş olsa belə, Qarabağda bunu gözləmək mümkün deyil".