Qarabağ danışıqları dayandırıla bilər

17 İyul 2014 08:32 (UTC+04:00)

Artıq xeyli müddətdir ki, cəbhə xəttində vəziyyət həddən ziyadə gərgin xarakter alıb. Ermənilər hər gün atəşkəsi pozmaqla məşğuldurlar. Azərbaycan Ordusu ermənilərin bütün təxribatının qarşısını layiqincə alır. Lakin görünən odur ki, Ermənistan təmas xəttində gərgin durumun mövcud olmasında maraqlıdır. Eyni zamanda, İrəvan danışıqlar prosesində cüzi də olsa irəliləyişin baş verməsinə əngəl olmağa çalışır. Onlar bu əsasda mövcud status-kvo vəziyyətinin saxlanılmasında maraqlıdır. Bunun nəticəsidir ki, danışıqlar prosesində hansısa bir müsbət dinamika gözə dəymir. Əksinə, Ermənistan bir tərəfdən atəşkəs rejimini kəskin olaraq pozur, digər tərəfdən də danışıqların konstruktiv müstəvidə getməməsi üçün dərindən- qabıqdan çıxır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, məsələnin sülh yolu ilə həllinə olan ümidlər bitməyənə qədər danışıqlar prosesinə sadiqdir. Bölgədə sabitliyin olması üçün danışıqlarda maraqlıdır. Lakin bu prosesda sadəcə olaraq, danışıq xatirinə danışıq olmamalıdır. Onun bir nəticəsi olmalıdır. Həm də təmas xəttində Ermənistanın atəşkəsi pozmaq kimi təxribatlarına son qoyulmalıdır. Lakin hələlik hadisələr bu məcrada inkişaf etmir. Belə olan halda, Azərbaycanın Ermənistanla danışıqlardan imtina etməsi məsələsi gündəmə gələ bilərmi?

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirdi ki, Ermənistanın yola gəlmədiyi bir şəraitdə danışıqlardan imtina məsələsi birmənalı olaraq gündəmdə olmalıdır: "Hazırda bildiyiniz kimi, bölgəmizə yaxın ərazilərdə bir çox proseslər cərəyan edir. Yaxın Şərqdə və İraqda gedən hadisələr heç də təsadüfün nəticəsi deyil. İŞİD-in əməlləri, İraqın şimalında Kürdüstan dövlətinin yaradılması istiqamətində fəallığın artması, İsrailin aktivləşməsi kimi proseslər baş verir. Bu fonda Azərbaycan da öz maraqlarına uyğun olaraq mövqe tutmalıdır. Düşünürəm ki, belə şəraitdə ölkəmizin passiv mövqe tutması maraqlarımıza cavab vermir. Azərbaycan əksinə, təşəbbüs edən tərəf olmalıdır. Təşəbbüs də təbii ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı olacaq. Xüsusən Kürdüstan dövlətinin yaradılması ilə bağlı ortaya atılan ideya Azərbaycan üçün də böyük təhlükədir. Bu ideyanın reallaşması regionda uzun müddətə yeni bir təhlükə mənbəyinin yaranması demək olacaq. Eyni zamanda Azərbaycan və onun blokada şəraitində olan Naxçıvan bölgəsi üçün ağır şərait yarana bilər. Belə olan halda öz probleminin həlli istiqamətində Azərbaycan təşəbbüsü ələ almalıdır. Buna onun kifayət qədər əsası da var. Cəbhə bölgəsində atəşkəsin ermənilər tərəfindən dönə-dönə pozulması, onların Azərbaycan ərazisinə müdaxilə etmək cəhdləri, Kəlbəcərdə öz dədə-baba torpaqlarına getmək istəyən üç dinc sakinə qarşı onların vəhşilik törətməsi kimi hallar cəzasızlıq mühitinin hökm sürməsindən qaynaqlanır. Bu hadisələr də Azərbaycana kifayət qədər əsas verir ki, Ermənistanla danışıqlardan imtina məsələsini gündəmə gətirsin və ləngimədən hərbi əməliyyatlara başlasın. Buna beynəlxalq hüquq da imkan verir. Çünki, ərazisi işğala məruz qalan ölkənin torpaqlarını düşməndən azad etmək hüququ vardır. Təbii ki, bu halda beynəlxalq güclərin də mövqeyi nəzərə alınmalıdır. Amma indiyi kimi beynəlxalq güclərin mövqeyini nəzərə alsaq, onların tələblərini yerinə yetirsək də, nəticəsi yoxdur. Torpaqlarımız işğal altında qalmaqda davam edir və bu istiqamətdə vəziyyət getdikcə daha təhlükəli hal alır. Hazırda beynəlxalq güclərin başı bir sıra digər ciddi problemlərə qarışıb. Super güclər arasında ciddi qarşıdurma prosesi gedir, qütbləşmə dərinləşir. Belə olan halda dünyada gedən proseslər fövqündə danışıqlar prosesindən imtina edib, hərbi əməliyyatlara başlamaqla, məsələni müəyyən qədər həll edə bilsək, bu dünyanın nizamını pozmayacaq. Ciddi şəkildə hərəkət edib, nəticə əldə edərək dünyanı fakt qarşısında qoya bilsək, hesab edirəm ki, dünya o faktla hesablaşacaq".

Politoloq Qabil Hüseynli isə cəbhə bölgəsində atəşkəsin mütəmadi olaraq ermənilər tərəfindən pozulması fonunda belə ölkəmizin danışıqlar prosesindən imtina məsələsini gündəmə gətirməsini mümkünsüz hesab etdi: "Azərbaycanın elə böyük imkanları yoxdur ki, konfliklə bağlı müxtəlif variantlara əl atsın. Bu fonda onun danışıqlardan imtina məsələsini gündəmə gətirməsi də gözlənilən deyil. Cəbhədə atəşkəs rejimi pozulur. Ermənilər bu yolla Azərbaycanı provakasiyaya çəkmək istəyir. Azərbaycan da məcburdur buna cavab versin. Lakin həmin məqamlara görə, Azərbaycan danışıqlar prosesindən imtina edə bilməz. Danışıqlar prosesindən imtina etmək məsələsi mümkün olan deyil. Bu məsələnin həlli üçün bütün diplomatik vasitələrdən istifadə etmək lazımdır. Amma şikayətə baxan kimdir? Danışıqlar prosesindən imtina etmək də çətin məsələdir. Ondan imtina etsək, bunu dünyada Azərbaycanın marağına sərf etməyən başqa istiqamətdə yoza bilərlər".