Səməd Səmədov: "Arvaddan qorxmayan kişi deməli kişi deyil"

17 İyul 2014 13:56 (UTC+04:00)

Göydən az qala od ələnməsinə baxmayaraq, müsahibə təklifimizi qəbul etdi. Sərin yerini, istirahət etdiyi Fatmeyidəki bağını, bizim isti məkanımıza dəyişdi. Elə havanın istiliyi, söhbətimizə də öz təsirini göstərdi. Beləliklə də Mövqe.az-ın bu dəfəki qonağı xalq artisti Səməd Səmədovdur:

Ay Səməd m, bu istilərlə neynirsiniz ?

- Hər il mayın 15-i köçürük bağa. Mayın 28-i müstəqillik günüdür, həm də qızımın ad günüdür. Nəvələri yığıram başıma...

- Neçə nəvəniz var?

- 5 nəvəm var. 2-si hələ balacadı. 3-ü böyükdü. Bir nəvəm Amerikada oxuyur. İki nəvəm Moskvada təhsil alır. 5 velisoped, dəniz qırağı... Yayı gözəl keçirirəm.

- Mən bilən itlərə marağınız böyükdü.

- Hə, itbazam. Çoxlu itlərim var. Bir itim İtalyan itidir. O biri Labradordur. Putində də, Barak Obamada da Labrodordur, hörmətli Səməd Səmədovda da Labradordu (gülür-red). Bir də ki,Prinsesam var. O, artıq məşhurdu.

-Səməd Səmədov son zamanlar mətbuatda faciə günlərimizi unutduğu yazıldı. Canlı yayımda da belə hadisə oldu. Çoxu Azərbaycanın xalq artisti olaraq sizi qınadı. Həqiqətənmi çətindi həmin günləri yadda saxlamaq ?

- Ola bilər, Əfruzə. Mənim 5 nəvəm var. Hərdən inan Allaha onların da adını unuduram. Yadımdan çıxır adları, səhv salıram. Allah saxlasın bütün nəvələri. Bir dəfə sual verdilər ki, Azərbaycan himnini kim yazıb. Bizdə o qədər gözəl bəstəkarlar var ki... Qara Qarayev, Fikrət Əmirov, Emil Sabitoğlu, Arif Məlikov və b. Mən indi bilirəm ki, himnimizi Üzeyir Hacıbəyov yazıb. O zaman mənə sual verəndə nə edim unutmuşdum da. Onu şişirtdilər. Elə bildilər ki, mən boyda kişini biabır etdilər. Allah həmin insana lənət etsin. Mənim yerimə Mirzə Babayev olsaydı onu da biabır edəcəkdilər ? Ola bilər də...

- Səməd bəy...

- Bir dəqiqə Əfruzə, 5 nəvəm var, 4 dənə də itə baxıram. Qızım da gedib mənim acığıma Labrador alıb. Çomaq əlimdə 4 dənə itə baxıram. Unutqanlıq olar da...

- Nə əcəb istirahətə yollanmamısınız ?

- Deməli, qızım gedib xarici ölkələrdə birinə səyahətə mənə də bilet alıb. Mən deyirəm ki, itlərə bəs kim baxacaq ? Qaçqın xanım var o baxır neçə illərdir bağıma. Amma ona baxmayaraq ki, itləri qoyub heç yerə gedə bilmirəm.

- Əvvəllər Anar oğlunuz oxuyurdu, indi isə oxumur. Səbəb nə idi ?

- Mən Anarı qarşımda oturtdum və qarşısına bir neçə müğənninin diskini qoydum. Eltonun, Zamiqin, Elnurun, Samirin, Ayazın, Nadir və Abbasın... Dedim ki, bunlar nəinki sənin atan S. Səmədovu hər kəsi məhv edəcək. Mən bildim ki, onlar çox istedadlı uşaqlardır. Dedim oğlum çıx aradan. Oğlum indi də deyir nə yaxşı ki, papa sənə qulaq asdım, getdim. İndi ara müğənnilər yoxdu.

- Aya neçə toyunuz olur?

- İlin sonuna kimi toylarım var. İndi amma toylar azalıb. Aya 4-5 toy olur. İndi seçim çoxdu. Camaat çalışır şənbə və bazar günləri toylar olur. Elə bil Hacıbala Abutalıbovam ki, şadlıq evlərinin adminstratorları mənə zəng edir deyir ki, toylarımız azdı. Deyirəm məndə də azdı. Deyirlər Bakıda həddindən artıq restoranlar çoxdur.

- Toya nə qədərə gedirsiniz ?

- 4 min deyib, 3 yarıma 3-ə, 2-yə razılaşıram. Vallah, evdə boş-boşuna qalmaqdansa nə verdilər Allah bərəkət versin. Mən getdiyim toylardan elə olub ucuz getmişəm amma o toydan 5 dənə toy tutmuşam. Hər kəs də razı qalır. İki minə toya getmişəm hamı deyib, halal olsun Səmədə elə ürəklə oxuyur ki, elə bil 10 minə toya gəlib.

- Duet ortağınız Sevda xanımla arada ayrıldınız. İndi yenidən deyəsən bir yerdə çalışırsınız.

- Yox ayrılmadıq. Sadəcə bir müddət dedim ki, Sevda gəl, ayrı-ayrı fəaliyyət göstərək. O, da razılaşdı.

- Bəzən duet ortaqları arasında deyirlər sevgi olmasa ifa etdikləri mahnılar elə "tutuzdurmaz". Bəs sizdə elə bir xanım sənətçi olubmu ki, onunla həm duet ortağı, həm sevgili olmusunuz?

- Yox, yox... Mən Ruhəngiz xanımla duet ifa edəndə onunla ailəvi dost idik. Oğlunun toyuna yoldaşım İradə xanımla bir getmişdik. Sevda xanımla da, Bəsti xanımla da ailəvi dost olmuşuq. Hər ikisinin həyat yoldaşları ilə də dostam. Sevda xanım da İradə xanımla rəfiqədirlər. Məndə belə şey olmayıb.

- Sosial şəbəkələrdə yoxsunuz?

- Yox. Təzə planşet alıblar mənə... Ancaq whatsapp işlədirəm. Mahnılar, şəkillər yollayırlar mənə...Mənim sosial şəbəkələrə marağım yoxdu.

- Bəs nə ilə maraqlanırsınız? 

- Futbolla. Öz komandam da var. Həftədə bir dəfə görüşüb, çempionat təşkil edirik.

- Bağda istirahət necə keçir?

-Bağa bir az tez köçdük. İnanırsınız Əfruzə xanım dostlarımın yarım milyonluq bağları var, amma bağa köçürlər avqust ayında. Deyirlər Səmədin bağı var da, gedib orada dincələrik.

- Xanımınız çox adam yığışanda bəs qaşqabaq sallamır, yorulmur?

- Yox, nə danışırsınız. Hamı bizdə olur. Təranə Muradova başda olmaqla...  Mən Ginnesin Rekordlar Kitabına düşəcəm. Mən şişə ət çəkməmişəm, mən həmişə təşkilatçı olmuşam. 

- Neçə ildir evlisiniz?

-37.

- Ay maşallah. Necə tanış olmusunuz xanımınızla?

- Keçmiş məzunlar bir yerə yığışmışdı. Biz orada tanış olduq, danışdıq. Mən də cavan idim, 37 il əvvəl. Yaxınlaşdım, adını soruşdum, sonra görüşməyə başladıq. Çox xoşum gəlmişdi. 1il görüşdük, sonra evləndik.

- Belə deyək, şou-biznesin uzunmüddətli ailələrindənsiniz. Amma indiki ailələr elə 5 günlük, süni evliliklər olur. Səbəb nədədir, siz bilən?

- Bizim vaxtlarda belə şeylər yox idi. Məsələn, Eldar Mansurov, Faiq Sücəddinov, Novruz Aslan, Nadir Əzimov 25-30 il bundan qabaq evlənmişik və bu günə kimi də davam edir. İndikiləri vallah bilmirəm. Mən 27 ildir ki, eyni ansabl saxlayıram. Bu nədən irəli gəlir? Mənim ağıllı, savadlı, intelektli rəhbərliyimdən irəli gəlir. Ailədə elə... Deməli ailədə mən güclü rəhbərəm. 

- Daha çox ailədə sizin sözünüz keçir, yoxsa həyat yoldaşınızın?

- Bilirsiniz, arvaddan qorxmayan kişi deməli kişi deyil. (gülür-red) Əlbəttə qorxuram. Neçə illərdir onun sözü keçib. Dava düşüb, onla alaşmışam. amma sonra görmüşəm ki, vay o düz deyirmiş ki...Yoldaşımın 6 bacısı var, hər kəs İradə ilə məsləhətləşir. filoloqdur mənim xanımım. İlhamə Quliyeva da mənim xanımımla dostluq edir. 

- İlhamə xanım sizə "Toylar kralı" adını verdi və...

- Bəli, İlhamə xanım tacı qoydu başıma və dedi ki, sən əsl "Toylar kral"ısan.Nazpəri Dostaliyevanın, Flora Kərimovanın, Niyaməddin Musayevin, Nüşabə Ələsgərlinin qarşısında o mənə o sözləri dedi. İlhamə xanım bu adı mənə verdi, akademik Mirzə Babayev bunu təsdiq etdi.

- Həmin adı alandan sonra həyatınızdamı deyim, yaradıcılığınızdamı deyim nəsə dəyişdi?

- Əlbəttə. O adlar kimə gəldi verilmir. O adlar çox dəyərlidir biz sənətçilər üçün...Görün o adı mənə kim verib? Bu ad şərəflidir, dəyərlidir. Məndən sonra isə həmin adı Manaf ağayev yarışmada uddu. Zəng edib, onu ilk təbrik edən də elə özüm oldum. Mənim ondan da böyük adım var xalq artisti Səməd Səmədov!