Hava yenidən dəyişəcək

17 İyul 2014 14:00 (UTC+04:00)

Yaxın 2 gün ərzində Azərbaycanda isti hava şəraiti müşahidə olunacaq. Lakin iyulun 19-dan başlayaraq ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunacaq, nəticədə havanın temperaturu nisbətən düşəcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Azərbaycanda müşahidə olunacaq küləkli hava şəraiti nəticəsində havanın temperaturunun iyulun 20-dən başlayaraq ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi gözlənilir. İyulun 18-də Bakı və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26, gündüz 33-38 dərəcə isti olacaq.

 Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraitinin müşahidə olunacağı, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 11-16, gündüz 24-29 dərəcə isti olacaq. Tibbi meteoroloji proqnoza gəlincə, iyulun 18-19-da Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfort meteohəssas insanlar üçün əlverişsizdir. İyulun 20-də isə güclü xəzri küləyi fonunda havanın temperaturunun bir qədər enməsi müsbət amildir.